Məhkəmə qərarları › İş №e-2(002)-1234/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1234/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1234/2022 16.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ********* saylı 05.03.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 02.03.2022-ci il tarixinə yaranmış 357 manat əsas borc, 53,5 manat cərimə, cəmi 410,5 manat, ********* saylı 28.04.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 438,5 manat əsas borc, 65,7 manat cərimə, cəmi 504,2 manat, ********* saylı 28.04.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 565 manat əsas borc, 84,7 manat cərimə, cəmi 649,7 manat, ********* saylı 03.05.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi 319,5 əsas borc, 47,9 manat cərimə, cəmi 367,4 manat olmaqla, ümumilikdə 1931,8 manat məbləğində borcun və 39,35 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı 05.03.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Xiaomi Redmi 9T” markalı mobil telefona, “Vitek” markalı ütüyə və aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla cəmi 477 manat, ********* saylı 28.04.2021-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Xiaomi Redmi 9” markalı mobil telefona, “Xiaomi” markalı qulaqcığa və aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 44 manat olmaqla cəmi 526,5 manat, ********* saylı 28.04.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Samsung” markalı paltaryuyana görə 12 ay ödəniş cədvəli üzrə hər ay 57 manat olmaqla cəmi 679 manat, 03.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Xiaomi Redmi 9” markalı telefona və aksesura görə 12 ay ödəniş cədvəli üzrə hər ay 33 manat olmaqla, cəmi 385,5 manat ümumilikdə 2068 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin şərtlərini pozaraq, hər üç müqavilə üzrə hər hansı ödəniş etməmiş və qalıq qalmış 1938 manat borcu qaytarmamışdır. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq, 05.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 29.11.2021-ci il tarixində 40 manat, 28.04.2021-ci il tarixli ********* müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 29.11.2021-ci il tarixində 44 manat, 28.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 29.11.2021-ci il tarixdə 57 manat və 03.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 29.11.2021-ci il tarixdə 33 manat ödəniş etmiş və dörd müqavilə üzrə qalıq qalmış 1680 manat borcu qaytarmamışdır. Bununla da, qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 2518 manat təşkil edir, lakin cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 2518 manat təşkil etdiyi halda, humanizm prinsiplərinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı təşkilat tərəfindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 251,8 manat iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Beləliklə, Cavabdeh 02.03.2022-ci il tarixə 05.03.2021-ci il tarixli müqavilə üzrə iddiaçı təşkilata olan borcu 357 manat əsas, 53,5 manat cərimə, cəmi 410,5 manat, 28.04.2021ci il tarixli müqavilə üzrə 438,5 manat əsas, 65,7 manat cərimə, cəmi 504,2 manat, 28.04.2021-ci il tarixli müqavilə üzrə 565 manat əsas, 84,7 manat cərimə, cəmi 649,7 manat, 03.05.2021-ci il tarixli müqavilə üzrə 319,5 manat əsas, 47,9 manat cərimə, cəmi 367,4 manat, dörd müqavilə üzrə 1680 manat əsas, 251,8 manat cərimə, cəmi 1931,8 manat təşkil etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05.03.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.03.2021ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Xiaomi Redmi 9T” markalı mobil telefonu, “Vitek” markalı ütüyü və aksesuarı 12 ay müddətinə hər ay 40 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 28.04.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.04.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Xiaomi Redmi 9” markalı mobil telefonu, “Xiaomi” markalı qulaqcığı və aksesuarı 12 ay müddətinə hər ay 44 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 28.04.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.04.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Samsung” markalı paltaryuyanı 12 ay müddətinə hər ay 57 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 03.05.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.05.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Xiaomi Redmi 9” markalı telefonu və aksesurı 12 ay müddətinə hər ay 33 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin 03.05.2021-ci il tarixli müqavilə üzrə 319,5 manat məbləğində ödənilməmiş əsas borcu və 479 manat cərimə borcu, 28.04.2021-ci il tarixli müqavilə üzrə 438,5 manat məbləğində ödənilməmiş əsas borcu və 657 manat cərimə borcu, 28.04.2021-ci il tarixli müqavilə üzrə 565 manat məbləğində ödənilməmiş əsas borcu və 847 manat cərimə borcu, 05.03.2021-ci il tarixli müqavilə üzrə 357 manat məbləğində ödənilməmiş əsas borcu və 535 manat cərimə borcu yaranmışdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05.03.2021-ci il tarixli, 28.04.2021ci il tarixli, 28.04.2021-ci il tarixli və 03.05.2021-ci il tarixli müqavilələr mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqavilələridir. Ona görə də həmin müqavilələr barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı təşkilatdan aldığı əşyalara görə qalıq borc məbləğlərini iddiaçıya ödəməli olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də əsas borc tələbi barədə iddia əsaslı hesab olunmalıdır. Lakin cərimə hissəsində iddia qismən əsassız hesab olunmalıdır. Belə ki, müqavilələrdə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq cərimə tələbinin azaldılmasını və 05.03.2021-ci il tarixli müqavilə üzrə 35,7 manat, 28.04.2021-ci il tarixli müqavilə üzrə 43,85 manat, 28.04.2021-ci il tarixli müqavilə üzrə 56,5 manat, 03.05.2021-ci il tarixli müqavilə üzrə 31,95 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 05.03.2021-ci il tarixli müqavilə üzrə 357 manat məbləğində əsas borc, 35,7 manat məbləğində cərimə, 28.04.2021-ci il tarixli müqavilə üzrə 438,5 manat məbləğində əsas borc, 43,85 manat məbləğində cərimə, 28.04.2021-ci il tarixli müqavilə üzrə 565 manat məbləğində əsas borc, 56,5 manat məbləğində cərimə, 03.05.2021-ci il tarixli müqavilə üzrə 319,5 manat məbləğində əsas borc, 31,95 manat məbləğində cərimə olmaqla, cəmi 1848 manat məbləğində borc pul vəsaiti və 38 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar