Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1247/2022 08.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn oğluna qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn oğluna qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.319 ABŞ dolları 57 sent əsas borc, 497 ABŞ dolları 34 sent faiz, 1.059 ABŞ dolları 03 sent cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 190 ABŞ dolları 98 sent faiz olmaqla, cəmi 3.066 ABŞ dolları 92 sent pul vəsaiti və ödənilmiş 72 manat 14 qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn oğlundan müştərək qaydada LPO "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış 05 oktyabr 2015-ci il tarixli 1103 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə mənzilin təmiri məqsədi ilə 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 3.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixdə kredit müqaviləsinə 2 saylı əlavə ilə kredit müqaviləsi 18 ay müddətinə uzadılaraq müqavilənin müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 Hüseyn oğlu ilə bank arasında 05 oktyabr 2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borc alanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3.3.5-ci bəndinə əsasən borc alan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə borcu - 1.319 ABŞ dolları 57 sent əsas borc, 497 ABŞ dolları 34 sent faiz, 1.059 ABŞ dolları 03 sent cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 190 ABŞ dolları 98 sent faiz olmaqla, cəmi 3.066 ABŞ dolları 92 sent təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 05 oktyabr 2015-ci il tarixli, 1103 saylı müqavilədən görünür ki, "xxxx" ASC (Bakı filialı) tərəfindən Cavabdeh1 mənzilin təmiri məqsədi ilə 24 ay müddətinə illik 27 % dərəcəsi ilə 3.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 29 iyun 2016-cı il tarixli 2 saylı əlavədən görünür ki, kredit müqaviləsi 18 ay müddətinə, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixə 1.319 ABŞ dolları 57 sent əsas borc, 497 ABŞ dolları 34 sent faiz, 1.059 ABŞ dolları 03 sent cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 190 ABŞ dolları 98 sent faiz olmaqla, cəmi 3.066 ABŞ dolları 92 sent borcunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 Hüseyn oğlu kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 yuxarıda qeyd olunan müqavilə üzrə "xxxx" ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, LPO "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zaminləri xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 72 manat 14 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1.319 ABŞ dolları 57 sent əsas borc, 497 ABŞ dolları 34 sent faiz, 1059 ABŞ dolları 03 sent cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 190 ABŞ dolları 98 sent faiz olmaqla, cəmi 3.066 dolları 92 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 72 manat 14 qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn oğlundan müştərək qaydada LPO "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.319 ABŞ dolları 57 sent əsas borc, 497 ABŞ dolları 34 sent faiz, 1059 ABŞ dolları 03 sent cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 190 ABŞ dolları 98 sent faiz olmaqla, cəmi 3.066 ABŞ dolları 92 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 72 manat 14 qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn oğlundan müştərək qaydada LPO "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-1247/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1247/2022
08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver