Məhkəmə qərarları › İş №e-2(002)-1355/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1355/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1355/2024 09.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan İddiaçı ASC ilə Cavabdeh (Borcalan) arasında bağlanmış xx.xx.2023-ci il tarixli BF- 1532-2023 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank 60 ay müddətinə, 19 faiz dərəcəsi ilə, 12000 manat məbləğində krediti borcalanın mülkiyyətinə verir və ona bank hesabı (cari, kredit) açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür.

2. İddiaçı ASC tərəfindən borcluya ünvanlanmış 23 fevral 2024-ci il tarixli pretenziya məktubuna əsasən, tərəfindən xx.xx.2023-cü il tarixli BF-1532-2023 saylı kredit müqaviləsi üzrə öhdəliklər lazımı qaydada icra edilmədiyindən həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixinə hesablanmaqla “Bank” qarşısında ümumilikdə 12194.70 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 11 620.68 manat əsas borc, 506.95 manat faiz borcu, 67.07 manat isə cərimə borcunu ehtiva edir. Borcun 3 iş günü ərzində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etmək borclu Cavabdeh təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

3. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-ci il tarixli BF-1532-2023 nömrəli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borc: 11620.68 AZN əsas, 543.75 AZN faiz, 79 AZN cərimə borcu olmaqla, cəmi 12243.4 AZN məbləğində borcu mövcuddur. İddia tələbi

4. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavаbdеh Cavabdeh iddiаçı İddiaçı Açıq Səhmdаr Cəmiyyətinin хеyrinə xx.xx.2023-cü il tarixli, BF-1532-2023 saylı kredit müqaviləsi üzrə 11 620,68 (on bir min altı yüz iyirmi manat 68 qəpik) manat əsas, 543,75 (beş yüz qırx üç manat 75 qəpik) manat faiz, 79 (yetmiş doqquz) manat cərimə borcu olmaqla, cəmi 12 243,40 (on iki min iki yüz qırx üç manat 40 qəpik) manat borcun və 126,73 (bir yüz iyirmi altı manat 73 qəpik) manat məhkəmə xərcinin (dövlət rüsumunun) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC (Bundan sonra “İddiaçı” adlandırılacaq) ilə Cavabdeh (Bundan sonra “Cavabdeh” adlandırılacaq) arasında imzalanmış xx.xx.2023-cü il tarixli, BF-1532-2023 saylı Kredit müqaviləsinə əsasən “Bank” tərəfindən cavabdehə illik 19 % hesablanmaqla, 59 ay müddətinə qaytarılmaq şərti ilə 12 000 (on iki min) manat məbləğində kredit vəsaiti ayrılmışdır. xx.xx.2023-cü il tarixli, BF-1532-2023 saylı Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 314,46 (üç yüz on dörd manat 46 qəpik) manat təşkil edir. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaiti təyinatı üzrə istifadə edilsə də, kredit öhdəliklərinin ödəniş qrafikində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri “Cavabdeh” tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, BF-1532-2023 saylı Kredit müqaviləsinin 5.1.6-cı bəndinə əsasən “Bank” “Borcalan” tərəfindən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, habelə annutitet ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə müqaviləyə birətərfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını, habelə müqavilədə müəyyən edilmiş dəbbə pulunu tələb etmək hüququna malikdir. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən “Bank” tərəfindən cavabdehə xəbərdarlıq göndərilmiş, borcunu dərhal ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Lakin həm xəbərdarlıq göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmiş olaraq qalmışdır. xx.xx.2024-cü il tarixinə hesablanmaqla cavabdehin “Bank” qarşısında ümumilikdə 12 243,40 (on iki min iki yüz qırx üç manat 40 qəpik) manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 11 620,68 (on bir min altı yüz iyirmi manat 68 qəpik) manat əsas borcu, 543,75 (beş yüz qırx üç manat 75 qəpik) manat faiz borcunu, 79 (yetmiş doqquz) manat isə cərimə borcunu ehtiva edir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

6. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

7. İddiaçı ASC-in nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etdiklərini və iddianın təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir, əsas və faiz borcu ilə razıdır. İpoteka krediti də var, hal-hazırda işsiz olduğu üçün borcu ödəyə bilmir. Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

9. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

10. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

11. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

12. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

13. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

14. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.

15. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

17. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

18. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

19. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

20. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

21. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

22. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

23. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

25. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

26. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

27. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı:

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. b) Əsaslandırma

30. İddia qismən əsaslıdır.

31. Belə ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı ASC-nin ilə Cavabdeh arasında bağlanılmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 60 ay müddətinə, illik 19% dərəcəsi ilə 12000 manat məbləğində kredit vermişdir, cavabdeh isə həmin krediti 60 ay müddətində aylıq ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür.

32. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. İşdə olan sənədlərdən aydın olur ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtləri pozulmuşdur. Eyni zamanda cavabdeh kredit borcunun olmasını etiraf edərək pretenziya məktubunda göstərilən borc məbləğini qəbul etdiyini, borcun hesablanması üçün məhkəmə ekspertizasının keçirilməsinə zərurət olmadığını bildirmişdir.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

34. Məhkəmə qeyd edir ki, bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilənin ləğvi ilə bağlı olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilə üzrə gecikmə məbləğinin deyil, müqavilə üzrə bütün borcun: yəni 11620.68 manat əsas borc, 506.95 manat faiz borcu və 67.07 manat cərimə borcu məbləğinin ödənilməsi tələb edilmişdir.

35. Məhkəmə yuxarıda adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, həmin pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilə üzrə yaranmış gecikmə məbləğinin deyil, bütün borcun tutulması ilə bağlı olduğundan, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.

36. Odur ki, məhkəmə qeyd edilən halları və cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə pretenziya məktubunda göstərilən məbləğ, yəni əsas borc üzrə 11620.68 manat və faiz borcu üzrə 506.95 manat hissəsində iddia tələbi qismən təmin edilməlidir.

37. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir.

38. Göründüyü kimi, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış və pretenziya məktubunda tələb edilən cərimə borcunun məbləği (67.07 manat) ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini pozmur. Ona görə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində 67.07 manat həddində olmaqla qismən təmin edilməlidir.

39. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 126.73 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 126.73 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 126.58 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir.

40. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh borclu olduğu 11620.68 manat əsas, 506.95 manat faiz, 67.07 manat cərimə borcu olmaqla, cəmi 12194.70 manat pul vəsaiti və 126.58 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

41. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 11620.68 manat əsas, 506.95 manat faiz, 67.07 manat cərimə borcu olmaqla, cəmi 12194.70 manat pul vəsaiti və 126.58 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-in xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar