Məhkəmə qərarları › İş №e-2(002)-1359/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1359/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1359/2024 06.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 mirası qəbul etmiş vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, 1-xx.xx.2016- SM0125 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 694,04 manat əsas borc, 0.01 manat faiz borcu olmaqla, cəmi 694,05 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2016-cı il tarixli, 1-xx.xx.2016-SM0125 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, X5 24 ay müddətinə illik 22 faiz ödəmək şərtilə 1100 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İ № 844832 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı ASAN xidmət mərkəzinin notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, X4 mirası qəbul etmiş vərəsələrinin Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X4 banka ödənilməmiş 694,04 manat əsas borcu və 0,01 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum X3 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, onlar öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də bank məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Eyni zamanda, o, cavabdehlər tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı bildirir ki, iddiaçı tərəfindən 3 saylı Bakı ASAN xidmət mərkəzinin notariat ofisinə xx.xx.2023-cü il tarixli sorğu verilmiş, 3 saylı Bakı ASAN xidmət mərkəzinin notariat ofisinin sorğuya cavabı xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Bundan sonra vərəsələrə pretenziya məktubu göndərilmiş və məhkəməyə müraciət olunmuşdur. Vərəsəlik işi 2017-ci ildə açılsa da, vərəsələr borclunun ölümü və vərəsəlik işi barədə miras qoyanın kreditoruna məlumat vermək öhdəliyini icra etməmişdir, bu barədə məlumat kreditora xx.xx.2023-cü il tarixdə məlum olmuşdur. Yəni iddia müddətinin axımı həmin vaxtdan axmağa başlamışdır. Bundan başqa, kreditorun vərəsəliklə bağlı tələb hüququna ümumi iddia müddəti, yəni on il şamil olunur. Odur ki, tərəflərindən iddia müddəti ötürülməmişdir. Qeyd olunanları nəzərə alaraq, cavabdehlər tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizənin nəzərə alınmamasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh3 cavabdehlərin yazılı etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, X1 onun atasıdır. İddiaçı bank ilə mərhum atası X7 arasında xx.xx.2016-cı il tarixdə iki illik müddətə kredit müqaviləsi bağlanmış, həmin kreditin alınma səbəbi X1nun həyat yoldaşı Cavabdeh4 müalicəsi ilə bağlı olmuşdur. Cavabdehin krediti sənədləşdirilərkən yanında o və digər Cavabdeh1 da olmuşdur. Cavabdehi qəbul edən bank əməkdaşı verilən kredit məbləğindən 100 manat məbləğinin həyat sığortası və digər ödənişlər üçün çıxılacağını bildirmiş və cavabdehǝ 1000 manat məbləğində kredit verilmişdir. Cavabdeh pensiya aldığı üçün kredit ödənişləri aylıq avtomatik olaraq pensiya kartından çıxılırdı. xx.xx.2017-ci il tarixdə cavabdeh X7 ürək xəstəliyindən qəfil dünyasını dəyişdi. Bu barədə banka Cavabdeh1 rəsmi məlumat vermişdir. Fuad bank əməkdaşından növbəti kredit ödənişlərini necə edəcəyini soruşduqda, əməkdaş cavabdehin ölüm faktını təsdiq edən sənədin surətini qəbul edərək, qalan kredit ödənişinin sığorta şirkəti tərəfindən ödəniləcəyini qeyd etmişdir. Məhkəmə bildirişi göndərilənə qədər bank tərəfindən bu məsələ ilə bağlı onlara hər hansı məlumat bildirilməmişdr. Qeyd edir ki, müvafiq kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixində bimişdir. İddia müddətinin tətbiqi barədə o və digər cavabdehlər məhkəməyə yazılı qaydada müraciət etmişlər, iddia müddəti ötürüldüyünə görə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 digər Cavabdeh3 izahatına uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Bununla yanaşı, iş materiallarında olan cavabdehlərin birgə imzaladığı yazılı etiraz ərizəsindən görünür ki, həmin cavabdehlər də iddia müddəti ötürüldüyünə görə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 30 iyun 2016-cı il tarixli, 1-xx.xx.2016-SM0125 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış 30 iyun 2016-cı il tarixli, 1-xx.xx.2016-SM0125 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 22 faizlə 1100 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan X4 "xxxx" ASC-nə olan borcu ilə əlaqədar xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış müqaviləyə əsasən, X4 "xxxx" ASC-nə 694,04 manat əsas kredit borcu, 0,01 manat əsas məbləğə hesablanmış faiz borcu olmaqla, cəmi 694,05 manat məbləğində borcu vardır. İş materiallarında olan AZ-İ No 844832 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 13 yanvar 2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 17 yanvar 2017-ci il tarixində 19 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisinin notariusu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X4 vərəsələri arvadı X2, oğlu Cavabdeh1, oğlu Cavabdeh3, qızı Cavabdeh5, oğlu Cavabdeh2 3 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisində xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2017ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X4 vərəsələri arvadı Cavabdeh4, oğlu Cavabdeh3, oğlu Cavabdeh1, qızı Cavabdeh5 və oğlu Cavabdeh2 miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** nömrəli elektron arayışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 43,8 kv.m, yaşayış sahəsi 28.0 kv.m, yardımçı sahə 15.8 kv.m, 2 otaqlı olan ev 25, 10 nömrəli mənzildən ibarətdir. İş materiallarında olan "xxxx" Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-nə ünvanlanan və "xxxx" ASC-də xx.xx.2017-ci il tarixdə qeydiyyata alınan xx.xx.2017-ci il tarixli məkubun surətindən görünür ki, "xxxx" Sığorta Şirkəti ASC ilə X7 arasında xx.xx.2016-cı il tarixli, LİB-İBAR-1-xx.xx.2016-SM0125 saylı “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası müqaviləsi” bağlanmışdır. Təqdim edilmiş “ölüm haqqında şəhadətnamə”yə əsasən sığorta olunan V.H.Nəsirov xx.xx.2017-ci il tarixdə "aterosklerotik kardioskleroz" xəstəliyindən vəfat etmişdir. Hadisənin hərtərəfli araşdırılması və sığorta ödənişinin verilməsi (və ya bundan imtina) barədə qərarın qəbul olunması üçün ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olan ölümün səbəbi üzrə mövcud olan hallar barədə məlumatların əldə edilməsinə zərurət yarandığından müvafiq sənədlər toplanmışdır. Təqdim olunan ******* nömrəli ölüm haqqında tibbi şəhadətnaməyə əsasən, V.H.Nəsirov 2005-ci ildən "ÜİX" xəstəsi olmuşdur. Həmçinin, 2786 nömrəli epikrizə əsasən xx.xx.2005-ci il tarixdə ona ÜİX: sabit gərginlik stenokardiyası İİİ infarktdansonrakı koronoskleroz, hipertoniya xəstəliyi İİİ mərhələ, ürək çatışmazlığı İİİ mərhələ diaqnozu qoyulmuşdur. V.H.Nəsirov xx.xx.2016-cı il tarixdə "xxxx" Sığorta Şirkəti ASC ilə sığorta müqaviləsini bağlayarkən bəyannamə imzalayaraq bildirmişdir ki, bəyannamə imzalanan anda şəkərli diabet. onkoloji vǝ yaxud xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkmir və bəyannamədə qeyd olunanlarla razı olduğunu və burada olan məlumatların doğruluğunu təsdiq edir. Sığortalı, bəyannamədə tibbi müayinədən keçmədiyinə görə və ya yalnış və natamam məlumatların təqdim olunması, həmçinin məlumatları təqdim etməkdən imtinanın, baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı şirkət tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə imtina üçün əsas ola biləcəyini qəbul etmişdir. Qeyd olunanlara əsasən, Mülki Məcəllənin 935.1.6-cı maddəsi və müvafiq sığorta qaydaları rəhbər tutulmaqla sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçı ilə borclu X7 arasında xx.xx.2016-cı il tarixdə 2 (iki) il müddətinə kredit müqaviləsi bağlanmış, müqavilənin icra müddəti xx.xx.2018-ci il tarixdə başa çatmışdır. X1 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, cavabdehlərə xx.xx.2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehlərin izahatı ilə yanaşı iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" Sığorta Şirkətinin "xxxx" ASC-nə ünvanladığı və "xxxx" ASC-də xx.xx.2017-ci il tarixdə qeydiyyata alınan məktubun surətindən də aydın olur ki, həmin vaxtdan iddiaçı bankın borcalanın vəfatından məlumatı olmuş, hətta iddiaçı onun ölüm haqqında şəhadətnaməsinin surətini sığorta şirkətinə təqdim edərək sığorta ödənişi tələb etmiş, lakin sığorta şirkəti tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İddiaçının iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etmişdir. Qeyd olunanlara və mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf müqavilə üzrə icra müddətinin bitməsindən 5 (beş) ildən çox (eyni zamanda borcalanın vəfatından və mirasın açılmasından məlumatlı olduğu vaxtdan altı ildən çox) vaxt keçdikdən sonra iddia qaldırdığından və iddia müddətini ötürdüyündən, habelə cavabdeh tərəf məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etdiyindən iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-cü il tarixli Qərarına əsasən, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə məhdudlaşdırılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda sadalanan hüquq normalarının tələblərinə və məhkəmə iclasında müəyyən edilən hallara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borcalanın ölümündən və mirasın açılmasından yalnız notariat ofisinin cavab məktubunu aldığı tarixdən məlumatlı olması və iddia müddətinin axımının həmin tarixdən hesablanmalı olması barədə iddiaçının dəlili tamamilə əsassızdır. Belə ki, mülki iş üzrə sübutlara əsasən yuxarıda müəyyən edildiyi kimi, kreditor 2017-ci ildən borcalanın vəfatından və mirasın açılmasından məlumatlı olmuşdur. Bundan əlavə, iddiaçının cavabdehlərə qarşı iddia müddətinin on il təşkil etməsi barədə dəlili də başadüşülən deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 378-ci maddəsinə əsasən, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cavabdehlərin ərizəsi əsasında iddia müddətinin tətbiqi ilə iddianın təmin edilməməsi qanuni və ədalətli hesab olunmalıdır. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, iddia təmin edilmədiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia müddəti ötürüldüyündən, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar