Məhkəmə qərarları › İş №e-2(002)-14/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-14/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-14/2025 24.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X5 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi ilə bank tərəfindən borcalana 36 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 7700 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-ci il tarixli zaminlik müqaviləsinə əsasən xx.xx.2014-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə vahid kredit şərtlərinə əsasən bankdan kredit götürmüş Cavabdeh1 kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti zamin (Cavabdeh2) öz üzərinə götürmüşdür.

3. İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış, xx.xx.2017-ci il tarixli, ********* saylı xx.xx.2014-ci il tarixli Kredit Müqaviləsi üzrə Əlavə Saziş № 1-dən görünür ki, 10230.31 ABŞ dolları məbləğində kredit borcu restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 faiz təşkil edir.

4. xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə 1 saylı Ödəniş cədvəlinə əsasən, Cavabdeh1 10230.31 ABŞ dolları məbləğində krediti 36 ay müddətində hər ay 217.11 ABŞ dolları ödəniş etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür.

5. LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 17 iyul 2023-cü il tarixinə yaranmış borcu aşağıdakı kimidir: - cəmi borcu 13337.44 ABŞ dolları- bundan 6017.51 ABŞ dolları əsas, 1986.37 ABŞ dolları faiz, 4433.92 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanana illik faiz dərəcəsi 899.64 ABŞ dolları.

6. LPO İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda göstərilmişdir ki, 21 iyul 2023-cü il tarixinə LPO Banka 6017.51 ABŞ dolları məbləğində əsas borc, 1986.37 ABŞ dolları məbləğində faiz borcu, 4433.92 ABŞ dolları məbləğində cərimə borcu, AR MM-i 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 877.8 ABŞ dolları faiz məbləği, ümumilikdə isə 13315.6 ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə 13315.6 ABŞ dolları məbləğində borcun ödənilməsini 3 gün ərzində təmin edilməsi ondan tələb olunmuşdur.

7. Azərbaycan Respublikasının Mərkəzi Bankının 6-1-16/2-2633/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubuna əsasən, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim edikləri məlumatlara əsasən həyata keçirilir. Barəsində sorğu edilmiş şəxs-Cavabdeh1 (FİN: xxxxxxx) ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış heç bir kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşməmişdir.

İddia tələbi

8. İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi borcu 13337.44 (on üç min üç yüz otuz yeddi ABŞ dolları 44 sent) ABŞ dolları - bundan 6017.51 (altı min on yeddi ABŞ dolları 51 sent) ABŞ dolları əsas, 1986.37 (bir min doqquz yüz səksən altı ABŞ dolları 37 sent) ABŞ dolları faiz, 4433.92 (dörd min dörd yüz otuz üç ABŞ dolları 92 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 899.64 (səkkiz yüz doxsan doqquz ABŞ dolları 64 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 158.02 (bir yüz əlli səkkiz Manat 02 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh1arasında bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 10230.31 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilməli idi. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə cavabdeh (zamin) Cavabdeh2 arasında xx.xx.2017- ci il tarixli Əlavə Saziş bağlanmışdır. Zamin(lər) Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Kreditorun təşəbbüsü ilə bu Əlavə Sazişə birtərəfli qaydada xitam verilə və kredit, dondurulmuş faiz və cərimə, həmçinin, hesablanacaq faiz və cərimələrin vaxtından əvvəl ödənişi tələb edilə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixəCavabdeh1 kredit üzrə cəmi borcu 13337.44 (on üç min üç yüz otuz yeddi ABŞ dolları 44 sent) ABŞ dolları təşkil edir. Bundan 6017.51 (altı min on yeddi ABŞ dolları 51 sent) ABŞ dolları əsas, 1986.37 (bir min doqquz yüz səksən altı ABŞ dolları 37 sent) ABŞ dolları faiz, 4433.92 (dörd min dörd yüz otuz üçABŞ dolları 92 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 899.64 (səkkiz yüz doxsan doqquz ABŞ dolları 64 sent) ABŞ dolları faiz borcu təşkil edir.

10. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçının nümayəndəsi X4 xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə etmişdir.

12. İddiaçı LPO İddiaçı ASC məhkəmə ərizə ünvanlayaraq mülki işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

13. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul edərək, bank bağlandıqdan sonra oğlunun işsiz qaldığını, 2020-2023-cü illərdə ödəniş edildiyini və hissəhissə ödəniş ediləcəyini bildirmişdir.

14. Cavabdeh2 məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq:

15. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 37-ci fəsli ilə bağlı 2023-cü il oktyabrın 1-dən əvvəl qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741 Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1 Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 424.2 Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3 Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1 Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2 Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2 Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Qərarı: Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

b) Əsaslandırma

19. İddia qismən əsaslıdır.

20. İşin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış, xx.xx.2017-ci il tarixli, ********* saylı Əlavə Saziş № 1 ilə, xx.xx.2014-ci il tarixli Kredit Müqaviləsi üzrə 10230.31 ABŞ dolları məbləğində kredit borcu restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir.

21. Eyni zamanda, yuxarıda qeyd edilmiş kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Eyni zamanda, Zaminlik müqaviləsi üzrə Əlavə Saziş 1 ilə Samiq Muradov xx.xx.2014-ci il tarixli zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə razılığa gəlmişlər, borcalanın kreditor qarşısındakı 10230.31 USD təşkil edən kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) təşkil etmişdir.

22. Həmin müqavilələrnin etibarsızlığı ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

23. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirsə də, borcalan tərəfindən müqavilədən irəli gəln öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmişdir.

24. Müqavilədən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Odur ki, cavabdehin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması nəticəsində mülki qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən o, kreditor qarşısında məsuliyyət daşıyır.

25. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışnda cavabdehin 17 iyul 2023-cü il tarixinə yaranmış borcu aşağıdakı kimi göstərilmişdir: - cəmi borcu 13337.44 ABŞ dollarıbundan 6017.51 ABŞ dolları əsas, 1986.37 ABŞ dolları faiz, 4433.92 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanana illik faiz dərəcəsi 899.64 ABŞ dolları.

26. Borclu həmin məbləği mübahisələndirdiyi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-ci il tarixli 9/8474 nömrəli ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 10 avqust 2017-ci il tarixli 01 saylı Əlavə sazişdə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-ə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2020-ci il tarixə:-əsas borc üzrə 6016.51 ABŞ dolları, -faiz borcu üzrə 1278.47 ABŞ dolları. Maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2021-ci il tarixə illik 5% hesablanmaqla:-əsas borc üzrə 6016.51 ABŞ dolları, faiz borcu üzrə 1120.97 ABŞ dolları, faiz borcu 5% ilə -281.61 ABŞ dolları.

28. Göstərilən rəydə maliyyə arayışında göstərilən tarix səhv qeyd edilərək xx.xx.2021-ci il tarixədək olan illik 5% borc məbləği hesablandığından iş üzrə əlavə ekspertiza keçirilmişdir. Əsas və faiz borcu heabdan çıxarış məlumatlarına əsasən sonuncu ödəniş tarixinə, yəni xx.xx.2021-ci ilədək hesablanmaqla düzgün olmuşdur.

29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/9129 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan hesabdan çıxarış məlumatları nəzərə alınmaqla və müqavilə dövründən sonra illik 5%-lə faiz hesablanmaqla Cavabdeh1 xx.xx.2023-cü il tarixə banka olan əldən çıxmış fayda borcu 873.26 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən: əldən çıxmış fayda borcu üzrə-873.26 ABŞ dolları (5%-lə).

30. İddia tələbinin AR MM-nin 445.7-ci maddəsinə əsasən, gecikdirilmiş vaxt çün hesablanmış illik 5 % dərəcəsi ilə borc tələbi hissəsinə (tələb 899 ABŞ dolları) münasibətdə məhkəmə hər iki ekspertiza rəyində düzgün hesablanma aparılmadığından müstəqil hesablama apararaq aşağıdakı şəkildə müəyyən edir: Müqavilə müddətinin bitmə tarixindən (xx.xx.2020) maliyyə arayışında qeyd edilən tarixə (xx.xx.2023) tarixinədək gecikmə günlərinin sayı 1072 gün təşkil edir. Belə olan halda, (6016.51x5/100)/365x1072=883,52 ABŞ dolları təşkil edir.

31. Belə olan halda məhkəmə ekspert rəylərini işdə olan sənədlərlə birlikdə qiymətləndirərək qeyd edir ki, iddia tələbi əsas borc 6016.51 ABŞ dolları, faiz borcu 1120.97 ABŞ dolları və kredit müqaviləsi bitəndən sonra hesablanmış faiz borcu (illik 5 %) 883,52 ABŞ dolları hesab edilməlidir.

32. İddia tələbinin borca görə hesablanmış cərimə (4433,92 ABŞ dolları) ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir.

33. Göründüyü kimi, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmışdır. Lakin məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə görə hesab edir ki, cərimə borcunun məbləği (4433.92 ABŞ dolları) ədalətli olmamaqla iddia tələbi cərimə borcunun tutulması hissəsində 100 ABŞ dolları həddində olmaqla qismən təmin edilməlidir.

34. Məhkəmə qeyd edir ki, iddia tələbi zamin Cavabdeh2 Əbilqəsim oğluna aid hissədə də yuxarıda qeyd edilən məbləğlərdə əsaslı olduğundan təmin edilməlidir.

35. Mülki qanunvericiliyə əsasən (MM 470.1) zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur (471). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (MM 472).

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.

37. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi və xx.xx.2017-ci il tarixli Zaminlik müqaviləsinə Əlavə Sazişdə mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmişdir.

38. Belə ki, zaminlik müqaviləsinin 4.1-ci bəndində göstərilmişdir ki, zaminliklə təmin edilmiş öhdəlik kredit müqviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

39. Əlavə Sazişin 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, bu Əlavə Sazişi imzalamaqla zamin ********* saylı, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 01 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzəinə götürdüyünü təsdiq etmişdir.

40. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir.

Məhkəmə xərcləri

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 158.02 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 158.02 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 131.42 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir.

43. MPM-in 107 və 119.2-ci maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, mülki iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin apardığı, xx.xx.2024-cü il tarixli ekspertiza tədqiqatının dəyəri olan 100 manat və xx.xx.2025-ci il tarixli ekspertiza tədqiqatının dəyəri olan 300 manat məsrəf iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 50 manat hissəsi iddiaçıdan, 250 manat hissəsi cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticə

44. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6016.51 ABŞ dolları məbləğində əsas borc, 1120.97 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu və kredit müqaviləsi bitəndən sonra hesablanmış 883.52 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8121 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) və ödənilmiş 131.42 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300,00 manat məsrəfin 50 manat hissəsi iddiaçı LPO İddiaçı ASC-dən, 250 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X1, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar