Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-143/2022 01.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının nümayəndəsi X2, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələblərinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” KB Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/90067/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 3273,02 manat məbləğində əsas borc, 2791,17 manat məbləğində faiz borcu, 1444,89 manat məbləğində cərimə, müqavilə müddətindən sonrakı dövr üçün illik beş faizlə hesablanmış 435,15 manat məbləğində faiz borcu olmaqla, cəmi 7944,23 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan QSC “Bank Standard” KB-na ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» KB-nın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 izahat verərək bildirdi ki, Cavabdeh ilə QSC «Bank Standard» KB arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/90067/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 26% hesablanmaqla 5000 manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixdə kredit müqaviləsinə 1 saylı əlavə sazişə əsasən kreditin sonuncu ödəniş tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində banka 3273,02 manat məbləğində əsas borc, 2791,17 manat məbləğində faiz borcu, 1444,89 manat məbləğində cərimə, müqavilə müddəti başa çatdıqdan sonra gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 435,15 manat məbləğində faiz borcu, cəmi 7944,23 manat məbləğində borcu yaranmışdır. Bu səbəbdən iddiaçı təşkilat iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, 22 dekabr 2014-cü il tarixdə Cavabdeh ilə iddiaçı təşkilat arasında 1xx/xx/90067/14 saylı kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin bitmə tarixi 22 dekabr 2017-ci il müəyyən edilmiş və üç illik iddia müddəti 22 dekabr 2020-ci il tarixdə bitmişdir. Bank isə məhkəməyə iddia müddəti başa çatdıqdan sonra, yəni xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Bundan əlavə, tələb olunan faiz borcunun və cərimənin həddən artıq şişirdilmiş olduğunu hesab edir. Qeyd olunanlara əsasən, iddia tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, təqdim edilmiş sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/90067/14 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 26% hesablanmaqla 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 1xx/xx/90067/14 saylı kredit müqaviləsinə 01 saylı əlavə sazişdən və ödəniş cədvəlindən görünür ki, həmin kredit müqaviləsi üzrə kreditin sonuncu ödəniş tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. İş materiallarında olan 23 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-na 05 avqust 2021-ci il tarixə 3273,02 manat məbləğində əsas borc, 2791,17 manat məbləğində faiz borcu, 1444,89 manat məbləğində cərimə, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 435,15 manat məbləğində faiz borcu olmaqla, cəmi 7944,23 manat borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2022-ci il tarixli, 9/3551 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh ilə ləğv prosesində olan QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/90067/14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan xx.xx.2021-ci il tarixə 3379,45 manat əsas borcu, 2382,80 manat faiz borcu müəyyən edilir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, Cavabdeh iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu, faizləri və gecikməyə görə cərimə məbləğini iddiaçıya ödəmək barədə öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın əsas borcun və müqavilə müddətindən sonrakı dövr üçün illik beş faizlə hesablanmış faiz borcunun tutulması ilə bağlı tələbi tam, faiz borcunun tutulması ilə bağlı tələbi isə qismən – ekspert rəyi ilə müəyyən edilmiş həddə təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi cərimə hissəsində qismən əsassızdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və borclunun maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə tərəflərin əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, cərimə tələbinin azaldılmasını və 327 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Bundan əlavə, məhkəmə iclasında iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə kredit müqaviləsi bağlanmış, sonradan həmin müqavilənin icra müddəti xx.xx.2018-ci il tarixədək uzadılmış, iddiaçının iddia ərizəsi isə xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəf müqavilə üzrə iddia müddətini ötürməmişdir və bu barədə cavabdehin etirazı əsassızdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ekspertiza xərci ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı və cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli 1xx/xx/90067/14 saylı kredit müqaviləsi üzrə 3273,02 manat məbləğində əsas borc, 2382,80 manat məbləğində faiz borcu, 327 manat məbləğində cərimə, 435,15 manat məbləğində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış faiz məbləği, ümumilikdə 6417,97 manat (altı min dörd yüz on yeddi manat doxsan yeddi qəpik) məbləğində borc pul vəsaiti və 24 (iyirmi dörd) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə Cavabdeh 40 (qırx) manat, iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankından 10 (on) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı: X1, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-143/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-143/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver