Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1497/2025 19.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məmmədli oğlundan 8000 manat əsas borcun, 1000 manat əldən çıxmış faydaya görə pulun, ödənilmiş 115 dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, cavabdeh ilə bir neçə il əvvəl tanış olmuşdur. Münasibətləri yaxşı olmuş, bir birinə etibar etmişlər. Cavbadehin xahişi ilə ona avtomobil alınması 2022-2023--cü illərdə üçün 8000 manat pul vermişdir. İlkin olaraq 2022-ci ildə 5000 manat, sonradan 2023-cü ildə isə 3000 mnaat əlavə pul vermişdir. Götürdüyü pulları 2024-cü ilin noyabr ayında qaytarcağına söz versə də bu vədinə əməl etməmiş, müxtəlif bəhanələr ilə pulunu qaytarmaqdan yayınmışdır. Pulun qaytarılmasına dair tələbini icra etməmişdir. Sonralar ona məlum olmuşdur ki, cavabdeh ondan başqa bir neçə nəfəri də aldatmış, hətta iki dəfə dələduzluq cinayətinə görə məhkum olunmuşdur. Cavbadehdən dəflərlə pulunu tələb etməyinə baxmayaraq qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etməli oldu. Cavabdehdən dəflələrlə aldığı məbləği tələb etmişdir .Lakin, etdiyi tələblərə heç bir məhəl qoymamış, aldığı pulları geriyə qaytarılması üçün heç bir hərkət belə etməmişdir. Ona görə də ondan aldığı 8000 manat pulunəldən çıxmış faydaya görə 1000 manat pulödənilmiş dövlət rüsumu və vəkilə ödənilmiş xidmət xərcini alınıb ona verilməsinə dair qətnamə çıxarılmalıdr. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
3. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 21.1, 21.2, 439.1, 425.1, 427.1, 427.2, 430.1, 442, 443.1, 445.1, 446.1, 448.1, 448.2, 449.1 və 449.2-ci maddələrinə istinad etmişdir.
4. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.
5. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı Əlizadə X2 rayon məhkəməsinə xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Məmmədli oğlundan 8000 manat əsas borcun 1000 manat əldən çıxmış faydaya görə pulun, 115 manat dövlət rümunun və vəkilə ödənilmiş 320 manat pulun alınaraq iddiaçıya verilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iş materiallarına əlavə edilmiş whatsapp yazışmalarını göstərmişdir. Lakin qeyd edilən yazışmalar 2021-ci ilin müxtəlif aylarına aiddir. Həmin yazışmalarda isə cavabdeh qarşı tərəfin ona borc vermədiyini dəfələrlə vurğulayır. Yəni borcla bağlı etiraf yoxdu. Yazışmaların heç birində iddiaçının iddia etdiyi məbləğlə bağlı hər hansı fikir də yazılmamışdır. Yalnız bir yerdə, 2021-ci ilin yanvar ayının 6-da iddiaçı özü qeyd edir ki, “sizə verdiyim 5000 manat pulu geri qaytarın.....1həftəyə çatdır”. Qeyd edilən yazışmadan başqa iddiaçının iddia etdiyi borc məbləğinə dair hər hansı yazışma yoxdur. Beləliklə, iddiaçı whatsapp yazışmalarından başqa iddiasını sübut edən hər hansı mötəbər dəlil əlavə etməmişdir. Aşağıda qeyd edilən əsaslara görə iddia tələbinin rədd edilməsi barədə Qətnamə qəbul edilməlidir. Birincisi iddiaçı iddia etdiyi məbləğin borc olduğunu sübut eliyə bilmir. İkincisi, iddiaçı tələbinin borc olduğunu sübut eləsə belə müqavilə tələblərindən əmələ gələn tələblər üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, iş materiallarından aydın olur ki, iddiası ilə cavabdeh arasındakı whatsapp yazışmalarının sonuncu tarixi 2021-ci ilin dekbr ayının 31-dir. Whatsapp yazışmaları ilə bağlı onu qeyd eləmək istəyirəm ki, həmin yazışmların həqiqiliyini iddiaçı tərəf sübut eləmiyib. Yəni hal hazırda iddiaçı iddia tələbini ümumiyyətlə sübut edə bilmir. Odur ki, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
6. İddiaçı məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cəmi 8000 manat pulu cavabdehə borc kimi vermişdir. Əvvəlcə 5000 manat, sonra 3000 manat məbləğində. 5000 manat pulu cavabdeh maşın alırdı deyə vermişdir, 3000 manatı isə cavabdehin iştirakı ilə Rahim adlı şəxsə vermişdir. Çünki Rusiya vətəndaşlığı ilə Rahim məşğul olurdu. Borc müqaviləsi yazılı bağlanmasa da, cavabdeh ilə whatsapp vasitəsilə yazışmışdır, cavabdeh onu təhqir etdikdən sonra yazışmamışdı. Cavabdehə pulu qaytarması şərtilə vermişdir. Cavabdeh onu aldatmış və pulu qaytarmamışdır. 2023-cü ilin mart ayının 5-də 3000 manatı Rahimə vermişdir. Cavabdeh ona Rahimin onun Rusiya vətəndaşlığı almağına və qeydiyyata salınmasına köməklik edəcəyini bildirdi. Rahimə 3000 manatı verən zaman cavabdeh də yanında idi. 5000 manatı isə cavabdehə bundan öncə vermiş, aralarında notarial müqavilə olmayıb. O onunla hər ay cavabdehin borcundan 500 manat qaytarması şərtilə razılaşmışdı. Cavabdehlə bağlı polisə müraciət etməmişdir.
7. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı cavabdehə pulu borc kimi verib, 2021-ci ildə olan yazışmalar ümumi yazışmalardır, aralarında davam edən münasibət olub, iddiaçı inanıb ki, cavabdeh borcunu qaytaracaqdır. 2023-cü ildə cavabdeh iddiaçıya puldan heç nə qaytarmayacağını bildirib. İddiaçının hüququnun pozulduğunu bildiyi andan hesablandıqda iddiaçı iddia müddətini ötürməyib.
8. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, tərəflər arasında borc münasibəti olmayıb, tərəflər arasında sonuncu danışıq 2020-ci ildə olub, lakin iddiaçı cavabdehə 2022-2023-cü illərdə borc verdiyini bildirir. İddiaçı cavabdehə pul məbləğini bağışlama xarakterli verib, cavabdeh ondan pul xahiş etməmişdir. İddiaçı 8000 manat pul verdiyini bildirsə də, 2000 manat bir, 3000 manat bir pul vermişdir. 8000 manata dair sübut yoxdur, belə ki, 5000 manata aid yazışma var, 8000 manata aid yazışma yoxdur. Həmin məbləği isə qeyd etdiyi vaxtda deyil, 2020-ci ildən əvvəl vermişdir. Whatsapp danışıqlarından da göründüyü kimi, iddia, pul məbləğini 2020-ci ildən istəmişdir. Belə olduqla, pul məbləği borc olaraq verilmiş olsa belə, müqavilə tələbləri üzrə iddia müddətləri ötürülmüş hesab edilməlidir. Yəni, tərəflər arasında borc münasibəti olsa belə iddiaçı iddia müddətini ötürüb. Tərəflər arasında 2022-ci və 2023-cü ildə münasibət olmayıb. Cavabdeh taksi sürücüsüdür. O, iddiaçını bir neçə dəfə Mahaçqala şəhərinə aparıb, həmin vaxt iddiaçının halı pisləşib, cavabdeh ona kömək edib. Bundan sonra münasibətləri yaranıb. İddiaçı cavabdehə maşını dəyişməyini deyib. Lakin cavabdeh bunun üçün pulunun olmadığını bildirib, iddiaçı isə ona pulu özünün verəcəyini bildirib və maşını dəyişməsi üçün cavabdehə 2000 və 3000 manat ayrı-ayrılıqda pul verib. Əvvəlcə 2000 manat verib, Nəsir maşını satandan sonra, üstünü düzəldə bilmədiyi üçün yenidən 3000 manat da bir verib. Bu məsələ 2020-ci ildən əvvəl olub. Hesab edir ki, iddiaçı həmin pulu cavabdehə bağışlayıb, borc olaraq verməyib. İddiaçı cavabdeh ilə bağlı polisə müraciət etməyib. İddiaçının cavabdehə qarşı sübutu yoxdur. Tərəflər arasındakı münasibət borc münasibəti hesab edilsə belə, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməlidir.
9. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 ərizə ünvanlayaraq məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1 (xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. (xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. (xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
12. İddia təmin edilməməlidir.
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə mübahisənin həlli üçün ilk növbədə, tərəflər arasında baş vermiş mübahisənin qanuni əsası düzgün müəyyən edilməli, daha sonra iddiaçının subyektiv hüququ mövcud olduğu halda (Konstitusiya Məhkəməsi Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı) iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə qiymət verilməlidir.
14. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
15. İddiaçı cavabdehə 5000 manat və daha sonra 3000 manat borc verdiyini bildirir. Mülki Məcəllənin tələbindən aydındır ki, borc müqaviləsinin predmetinin məbləği 3000 manatdan çox olduqda həmin müqavilə yazılı bağlanmalıdır.
16. Tərəflər arasında yazılı borc müqavilələrinin bağlanmaması işin mübahisəsiz halıdır. İddiaçı borc müqaviləsinin sübutu olaraq, cavabdehlə arasında olan, “whatsapp” proqramı vasitəsilə tərəflər arasında baş vermiş yazışmaları təqdim etmişdir.
17. Həmin yazışmaların məzmunu və tarixi aşağıdakı kimidir: “S:- Siz isə mənə borcunuzu özünüz müəyyən edin” Mən sizə yazdım ki, mənə cavab verəsiniz baxıram ki, siz mənə cavab vermədiniz günah məndədir daha sizin düşündüyünüz Səadət daha yoxdu ona görə də zahid edirəm mənim sizə verdiyim 5000 manat pulu geri qaytarın çünki götürəndə demişdinki aida 500 manat qaytacam amma 1 il 3 aydı ki gözlədim daha vaxt qalmayıb təcili pulu qaytar problemim var inanıramki söz söhbət olmadan qaytar 1 həftəyə çatdır var yeqinki istəməsən ki söhbət daha da böyüsün ona görədə problemi həll et çünki sənə borc alıb vermişəm pulu məndən istillər bir daha xahiş edirəm sabah mütləq mənə cavab ver (xx.xx.2020); Salam necəsiz mən sizin vəziyyətinizi anlayıram sizdə məni başa düşün az az ödəyin (xx.xx.2021); Axşamınız xeyir mən sizdən cavab gözləyir; Fikriniz yoxmu?; Ya cavab vermək istəmirsiz? (xx.xx.2021); N:-Vicdan səsi var sadəcə imkan yoxdu olsa niyə kömək eləməyimki sadəcə çox pis vəziyyətdəyəm elə bilirsən yersey yaxşıdı məndə gücnən gücə dolanışıq əvvəlki vaxt deyil; S-Mən neyləyim bəs?; N-Olsa sənin deməyinə ehtiyac yoxdu bunu yaxşı bilirsən; N:- Sənən heç kim yalvarıb pul almayıb ki hökmün edəsən ki həll elə olacaq dedimki verəcəm əsəbləşdirirsən məni başqa söhbət eliyirsən eləmə heç olmasa arada münasibət qalsın; N-Bu vəziyyətdə hansı imkan ola bilərki sənə vaxtını demişəm yadıma salmaq lazım deyil; Buralardakı vəziyyəti məndən yaxşı bilirsən; S-Salam Nasir necəsən neyniyirsən işə başlamısanmı? bu ay mənə pul lazımdı zəhmət olmasa tap ver; Evin məsələsinə görə; N-Salam şükür allaha salamatçılıqdı; İş varki başlıyaqda; sən necəsən salamatçılıqdı?; S-Hə şükür evdəyəm mamanın yanında müalicə alıram; Bu ay nəsə tap pul keçirməliyəm; N-Vallah pul tapmaq məsələsi biraz ağırdı..(xx.xx.2021); S-Məndə səndən də pisdi sən yenə ailəni dolandırırsan mən özümü dolandıra bilmirəm; N-Allah yetirsin demişəm qaytaracam deməli qaytaracam; S-Bəlkə 10 il çəkəcək mən öləndən sonra lazım olmayacaq heç kimə bir anası dərdini çəkə bilmir; N-Birincisi Allah eləməsin ikincisidə qoy xarabada tamojnu açılsın tezliynən; S-Məni yenidən həyata gətirməyə bir evin xərcini qoydular; N-Salam şükür siz necəsiz inanki vəziyyət heçdə ürəkaçan deyil bu vəziyyətlə heçnə edə bilmirəm inşallah tamojnu açılsın düzələcəy hər şey; Umid oradı ancaq; S-Tamojnunu gözləyə bilmirəm Hüseyn əsgərlikdə dalaşıb işi hərbi tribunala veriblər bilirəm səndə də vəziyyət yaxşı deyil; Rahim də gördüyü iş belə; Alindi; Faizə girib qaytara bilməyəm iş yoxdu (xx.xx.2021)..
18. Məhkəmə “Whatsapp” proqramı vasitəsilə göndərilmiş yazışmalara və səs yazılarının sübut əhəmiyyəti ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli qərarında göstərir ki, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
19. Odur ki, «Whatsapp» platforması vasitəsilə göndərilən yazışmalar və səs yazıları birbaşa tərəflər arasında və hüquqi mübahisə barəsində həyata keçirildiyi üçün qanuni əldə edilmiş və mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh həmin yazışma və səs yazılarının mötəbərliyini və yazışmaların aralarında olmasını mübahisələndirməmişdir.
20. Cavabdehin etirafı bundan ibarətdir ki, o, iddiaçının ona 2000 manat və 3000 manat ayrı-ayrılıqda pul verdiyini qəbul edir, lakin qalan 3000 manat hissədə iddia tələbini (iddianın qiyməti ümumilikdə 8000 manatdır) ümumiyyətlə qəbul etmir. İddiaçının vəkili iddiaçının həmin məbləğləri bağışlama müqaviləsi əsasında cavabdehə verdiyini bildirmiş və qeyd etmişdir ki, əgər borc müqaviləsi kimi qiymətləndirilsə belə, iddia tələbi iddia müddətinin ötürülməsinə görə rədd edilməlidir.
21. Məhkəmə tərəflərin izahatları və onlar arasındakı yazışmaları nəzərə alıb hesab edir ki, həmin yazışmalarda 8000 manatla bağlı sübut olmadığından, iddiaçı tərəfindən yazılmış mesajda 5000 manatın cavabdehə hər ay 500 manat ödənilməsi şərti ilə verildiyini qeyd etdiyindən, cavabdeh tərəf isə 2000 manat və 3000 manat ayrılıqda pulun verilməsini qəbul etdiyindən tərəflər arasında, predmetləri 2000 manat və 3000 manat təşkil edən iki şifahi borc müqaviləsinin bağlanması müəyyən edilməli və iddiaya bu istiqamətdə qiymət verilməlidir. Belə ki, yazışmaların mahiyyətindən pul məbləğinin bağışlama xarakterli verilmədiyi aydın olur və yalnız 5000 manat məbləğindən bəhs edilir.
22. Göründüyü kimi, iddiaçının 2000 manat və 3000 manat pul vəsaitini cavabdehə borc olaraq verdiyini sübut etdiyindən, qarşı tərəf həmin məbləği ödəməsi isə sübut edilmədiyindən iddiaçının həmin məbləğlə bağlı tələb irəli sürməklə bağlı subyektiv hüququnun olması aşkardır.
23. Belə olan halda, məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, müqavilə tələblərindən irəli gələn iddialara görə iddia müddəti mülki qanunvericiliyin tələbinə əsasən, 3 il təşkil edir. Mülki Məcəllənin 377-ci maddəsinin tələblərinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır... İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
24. Tərəflər arasında yazışmalardan aydın olur ki, iddiaçının ən ilkin, xx.xx.2020-ci il tarixli mesajında cavabdehdən 5000 manat pulu qaytarmasını tələb edir və bir il üç aydır ki, həmin məbləği tələb etsə də, cavabdehin ödəmədiyini qeyd edir. Cavabdeh tərəfin cavab mesajlarında pulun ödənilməsi ilə bağlı sübut yoxdur, lakin cavabdehin vaxt istəməsi ilə bağlı xahişinə və ya kreditorun borcluya ödənişlə bağlı güzəştli müddət müəyyən etməsinə rastlanmır. Tərəflər arasında məhkəməyə təqdim edilmiş bütün mesajların tarixi 2020-2021-ci illəri əhatə edir.
25. Göründüyü kimi, tərəflər arasında borc münasibətinin 2020-ci ildən əvvəl yarandığı aydın olmaqla, iddiaçının hüququnun pozulma məqamı ən geci 2020-2021-ci illər olmuşdur. Həmin müddət nəzərə alındıqda, həqiqətən də, 3 illik iddia müddətinin ötürülməsi aydın olur.
26. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, iddiaçının hazırkı iddia tələbini irəli sürmək barədə subyektiv hüququ olmuş və həmin hüquq cavabdeh tərəfindən pozulmuşdur. Lakin, hazırkı mülki iş üzrə iddiaçı tərəfindən mülki qanunvericilikdə qeyd edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. Göstərilənləri nəzərə alaraq, məhkəmə, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi qənaətinə gəlir.
Nəticə
27. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
28. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı cavabdehdən 8000 manat əsas borcun, 1000 manat əldən çıxmış faydaya görə pulun, ödənilmiş 115 dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manat pulun alınaraq ona verilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova