Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1514/2023 08.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı ASC-in Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 437/f-22 saylı kredit müqaviləsinə əsasən, İddiaçı ASC Cavabdeh 36 ay müddətinə illik 16 faiz ödəmək şərti ilə 18000 manat məbləğində kredit verməyi, borcalan bu müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürmüşdür.
2. xx.xx.2022-ci il tarixli kassa məxaric ordenindən görünür ki, Cavabdeh hesabına 18000 manat məbləğində vəsait köçürülmüşdür.
3. Qeyd edilən kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə görə əsas borc 18000 manat məbləğində, 36 ay kredit müddəti müəyyən edilməklə 35 ay aylıq 632.83 manat, 36-cı ay 632.67 manat ödəniş məbləği müəyyən edilmişdir.
4. Cavabdeh aid AZ62TURA******************** nömrəli hesaba dair xx.xx.2022xx.xx.2023-cü il dövrünü əhatə edən çıxarışdan aydın olur ki, qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 392.83 əsas borc üzrə, 257.17 manat faiz borcu üzrə kredit ödəniş edilmişdir.
5. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh bank qarşısısnda 2900.44 manat əsas, 1626.69 manat faiz borcu və 1479 manat cərimə borcu olduğunu, həmin borcun 5 gün ərzində ödənilməsinin tələb edildiyini, əks halda bununla bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir.
İddia tələbi
6. İddiaçı ASC-in Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 437/f-22 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; TuranBank ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 437/f-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 17607.17 AZN (on yeddi min altı yüz yeddi manat on yeddi qəpik) əsas, 2565.74 AZN (iki min beş yüz altmış beş manat yetmiş dörd qəpik) faiz, 2558.91 AZN (iki min beş yüz əlli səkkiz manat doxsan bir qəpik) cərimə borcu olmaqla, cəmi 22731.82 AZN (iyirmi iki min yeddi yüz otuz bir manat səksən iki qəpik) məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 158.20 AZN (bir yüz əlli səkkiz manat iyirmi qəpik) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, TuranBank ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 437/f-22 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 16% olmaqla 36 ay müddətinə 18000 AZN (on səkkiz min manat) məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlışəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 17607.17 AZN (on yeddi min altı yüz yeddi manat on yeddi qəpik) əsas, 2565.74 AZN (iki min beş yüz altmış beş manat yetmiş dörd qəpik) faiz, 2558.91 AZN (iki min beş yüz əlli səkkiz manat doxsan bir qəpik) cərimə borcu olmaqla, cəmi borcu 22731.82AZN (iyirmi iki min yeddi yüz otuz bir manat səksən iki qəpik) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Odur ki, kredit borcu və kredit borcuna hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 437/f-22 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əsasə borcdan əlavə illik 16% olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. Xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.5-ci bəndinə əsasən Bankın kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
5. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 421.1, 427.3, 428.4, 442, 443, 445.2.1, 448.1, 448.2, 449.1, 449.3, 449.4, 462.1, 427.3-ci maddələrinə istinad etmişdir.
6. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçının səlahiyyətli nümayəndəsi X1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. İddiaçı ASC tərəfindən məhkəməyə elektron ərizə ünvanlanaraq məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.
9. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
11. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
12. 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
13. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
14. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
15. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
16. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
17. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
19. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
20. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
22. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
23. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
24. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
26. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
27. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
b) Əsaslandırma
30. İddia qismən əsaslıdır.
31. İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, İK 437/f-22 saylı kredit müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına 16 % olmaqla cərimə faizi ödəyir. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən, borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır.
32. İddiaçı bank tərəfindən müqaviləyə əsasən cavabdehə 18000 manat kredit verilmiş. Cavabdeh qeyd edilən məbləğdə kredit məbləğini 36 ay müddətində illik 16 faiz dərəcəsi ilə iddiaçı banka hər ay 632.83 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür.Lakin cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, Bununla da müqavilənin şərtlərini pozmuşdur. Hazırda qalıq borcun məbləği 17607.17 manat əsas borc və 2565.74 manat faiz borcu təşkil edir. Həmçinin, cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə qeyd edilən halları əsas götürərək, cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır.
33. İddia tələbinin xx.xx.2022-cu il tarixli kredit müqaviləsinin ləğvi ilə bağlı hissəsinə münasibətdə məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2ci maddəsinin tələblərinə riayət edildiyini, borclu tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halını nəzərə alıb hesab edir ki, Mülki Məcəllənin 412-424-cü maddəllərinə əsasən iddia tələbi həmin hissədə təmin edilməlidir.
34. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir.
35. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən, əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına 16 % olmaqla cərimə faizi ödəyir.
36. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış, lakin iddiaçı tələb irəli sürərkən cərimə borcunun məbləğini (2558.91 manat) tənasübsüz surətdə yüksək müəyyən etmişdir. Məhkəmə hesab edir ki, 200 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak və əsaslı mənafelərini pozmur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir.
Məhkəmə xərcləri
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 158.20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 158.20 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 151.52 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir.
39. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, İddiaçı ASC il Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 17607.17 manat məbləğində əsas borc, 2565.74 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu olmaqla, cəmi 20372.91 manat məbləğində borc və ödənilmiş 151.52 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
40. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 837/f-22 saylı kredit müqaviləsi ləğv edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2022-ci il tarixli, İK 837/f-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh 17607.17 manat məbləğində əsas borc, 2565.74 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu olmaqla, cəmi 20372.91 manat məbləğində pul vəsaiti və ödənilmiş 151.52 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova