Məhkəmə qərarları › İş №e-2(002)-1531/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1531/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1531/2025 10.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış xx.xx.2023-ci il tarixli RGTK4907064B122 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC Cavabdeh 59 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 5459.9 AZN məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür.

2. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə “Kapital Bank ASC-yə xx.xx.2023-cü il tarixli RGTK4907064B122 saylı kredit müqaviləsinə əsasən 4903.75 AZN əsas, 286.32 AZN faiz, cəmi 5190.07 AZN borcu yaranmışdır.

3. İddiaçı ASC tərəfindən borcluya ünvanlanmış xx.xx.2025-ci il tarixli 11-15-16/MH431 nömrəli pretenziya məktubunda göstərilir: xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, ona 59 ay müddətinə, illik 18 faiz hesablanmaqla, 5459.9 manat məbləğində Gündəlik tələbat krediti verilmiş və bu kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə əsas borc məbləği 4903.75 manat, faiz borc məbləği 286.32 manat olmaqla, 5190.07 manat məbləğində ümumi borcu, gecikmə günü 141 gün olmaqla, 585.55 manat məbləğində gecikmə yaranmışdır. Qarafikə uyğun ödəniş aparmadığınız üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi Sizdən tələb olunur. tam borc məbləğinin ödənilməsini 3 təqvim günü ərzində təmin etməyiniz xahiş olunur. Əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq barənizə müvafiq tədbirlər görüləcəkdir.

İddia tələbi

4. İddiaçı Kapital Bank» ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4903.75 AZN əsas; 286.32 AZN faiz, cəmi 5190.07 AZN məbləğində vəsaitin və ödənilmiş 71.9 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx/xx/2023–cü il tarixli, RGTK4907064B122 saylı Kredit müqaviləsinə əsasən ona illik 18 faiz dərəcəsi ilə 59 ay müddətinə 5459.9 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, pul vəsaitinin cavabdehə nəğd qaydada verilməsini təsdiq edən Xəzinə Məxaric orderi,cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 4903.75 AZN əsas; 286.32 AZN faiz; cəmi 5190.07 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir.

6. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

7. İddiaçı ASC məhkəmə ərizə ünvanlayaraq mülki işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

8. Cavabdehə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq:

9. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 37-ci fəsli ilə bağlı 2023cü il oktyabrın 1-dən sonra qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1 Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1 Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3 Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.2 Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3 Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1 Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2 Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2 Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

b) Əsaslandırma

13. İddia qismən əsaslıdır.

14. İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin etibarsızlığı ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

15. İş materillarına əsasən (müqavilə, ödəniş qrafiki) iddiaçı bank tərəfindən cavabdehə 5459.9 manat kredit verilmiş, cavabdeh qeyd edilən məbləğdə kredit məbləğini 59 ay müddətində, illik 18 faiz dərəcəsi ilə iddiaçı banka hər ay 140.10 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin iş materiallarına əlavə edilmiş maliyyə arayışı və hesabdan çıxarış sənədlərindən aydın olur ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ödəniş qrafikinə uyğun icra etməmiş, qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur.

16. Müqavilədən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Odur ki, cavabdehin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən bank tərəfindən kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi üçün əsas yaratmışdır.

17. Belə ki, mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 4. 23.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilən mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

19. Məhkəmə göstərilənləri nəzərə alaraq qeyd edir ki, bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunda kreditorun iradə ifadəsi bütün borcun tutulması və müqavilənin ləğvi barədə olmuş, beləliklə də, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş vermişdir.

20. Odur ki, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.

21. Həmin pretenziya məktubunda tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış 4903.75 manat əsas, 286.32 manat faiz olmaqla, cəmi 5190.07 manat borcunun ödənilməsi tələb edilmişdir. İddia tələbində eyni məbləğ tələb edilərək gecikmə faizi göstərilməmişdir.

22. Odur ki, məhkəmə qeyd edilən halları və Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilənin ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan öhdəliklər xətm edilmiş sayılmasını əsas götürərək, eləcə də, cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə iddia tələbi həddində 4903.75 manat əsas, 286.32 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri

23. Bununla yanaşı, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 71.90 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə

24. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli RGTK490764B122 saylı kredit müqaviləsi üzrə 4903.75 manat məbləğində əsas borc, 286.32 manat məbləğində faiz borcu olmaqla, cəmi 5190.07 manat məbləğində pul vəsaiti və ödənilmiş 71.9 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar