Məhkəmə qərarları › İş №e-2(002)-1537/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1537/2024

31.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1537/2024 31.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yerməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(002)- 1956/2021 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Azcollect MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixindəki 125 manat, xx.xx.2022-ci il tarixindəki 150 manat, xx.xx.2022-ci il tarixindəki 150 manat, xx.xx.2022-ci il tarixindəki 150 manat, xx.xx.2022-ci il tarixindəki 150 manat, xx.xx.2022-ci il tarixindəki 150 manat, xx.xx.2022-ci il tarixindəki 150 manat, xx.xx.2022-cü il tarixindəki 134.71 manat məbləğindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 173.71 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh tərəfindən "xxxx" QSCyə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 173.71 manat məbləğində xidmət haqqı ödəmişdir. Göstərilənlərə əsasən Cavabdeh 173.71 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı«X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsinə əsasən Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-ü il tarixli maliyyə arayışına əsasən, xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh tərəfindən "xxxx" QSCyə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 173.71 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək, aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verilməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Göstərilən Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd edilən Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə görə mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 173.71 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 8.1.2 maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələrinə görə iddianın qiyməti 1000 manatadək olduqda 30 manat, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu rüsumu ödənilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 173.71 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu tutularaq iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar