Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-155/2024 12.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********70 saylı X3 müqaviləsinə əsasən, Azərbaycan Beynəlxalq Bankı ASC Cavabdeh 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 8000 AZN məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür.
2. Maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə “Azərbaycan Beynəlxalq Bankı ASC-yə xx.xx.2021-ci il tarixli BPM**********70 saylı kredit müqaviləsinə əsasən 6785.13 AZN əsas; 2922.4 AZN faiz; cəmi 9707.53 AZN məbləğində borcu yaranmışdır.
3. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 6-2-22/2-24769/2023 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş vərəqəsinin surətindən görünür ki, yuxarıda adı çəkilən BPM**********70 nömrəli xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh nağd kredit üzrə isə 6785.13 AZN əsas borc və buna müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. Öhdəlik 5 gün ərzində yerinə yetirilməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcək və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin tutulması barədə məhkəmə qərarının çıxarılması xahiş olunacaqdır. İddia tələbi
4. İddiaçı Azərbaycan Beynəlxalq Bankı» ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 6785.13 manat əsas, 2922.4 manat faiz borcu olmaqla, cəmi 9707.53 məbləğində kredit borcunun, ödənilmiş 117.08 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********70 nömrəli, xx.xx.2021-ci il tarixli X3 müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 8000 manat məbləğində kredit limiti açılmışdır. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Cavabdehə BPM**********70 nömrəli, xx.xx.2021-ci il tarixli X1 üzrə borcun qaytarılması haqqında tərəfimizdən xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə banka borcu – 6785.13 manat əsas, 2922.4 manat faiz borcu olmaqla, cəmi 9707.53 manat təşkil edir. Bundan başqa, hazırkı mübahisə üzrə iddia qiyməti 9707.53 manat olduğundan, tərəfimizdən 117.08 manat dövlət rüsumu və 0.80 manat bank xidməti haqqı ödənilmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
10. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı "xxxx" ASC məhkəmə ərizə ünvanlayaraq mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Cavabdeh istifadəsində olan mobil nömrəyə Azemis elektron məhkəmə sistemi vasitəsilə elektron sms bildiriş göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. Cavabdehə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
14. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
16. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
17. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.
18. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
20. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
21. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
22. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
23. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
25. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
26. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
27. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı:
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. b) Əsaslandırma
30. İddia əsaslıdır.
31. Belə ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, "xxxx" ASC-nin ilə Cavabdeh arasında bağlanılmış X3 müqaviləsinə əsasən iddiaçı cavabdehə 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 8000 manat məbləğində kredit vermişdir, cavabdeh isə həmin krediti 36 ay müddətində aylıq ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. İşdə olan sənədlərdən aydın olur ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtləri pozulmuşdur.
32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
33. Bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda tərəflər arasında bağlanmış müqavilə üzrə bütün borcun yəni 6785,13 manat əsas borc məbləğinin ödənilməsi tələb edilmiş, faiz borcunun məbləği göstərilməmişdir.
34. Məhkəmə adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, həmin pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilə üzrə yaranmış gecikmə məbləğinin deyil, bütün borcun tutulması ilə bağlı olduğundan, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.
35. Odur ki, məhkəmə qeyd edilən halları və Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilənin ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan öhdəliklər xətm edilmiş sayılmasını əsas götürərək, eləcə də cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə pretenziya məktubunda göstərilən məbləğ əsas borc üzrə 6785,13 manat hissəsində iddia tələbi qismən təmin edilməlidir.
36. İddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə baxışının gedişində iddiaçı tərəfindən yeni maliyyə arayışı təqdim edilmiş və faiz məbləği olaraq 2827.45 manat müəyyən edildiyi və həmin məbləğlə tələbdən kənara çıxma halı baş vermədiyindən faiz borcu həmin həddə təmin edilməlidir.
37. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 117.08 manat məbləğində dövlət rüsumu və 0,80 manat bank xidmət haqqı ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 117.08 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
38. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh borclu olduğu 6785.13 manat əsas borc və 2827.45 manat faiz borcu olmaqla pul vəsaiti və 117.48 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.
39. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh borclu olduğu 6785.13 manat əsas borc və 2827.45 manat faiz borcu olmaqla, cəmi 9612.58 manat məbləğində pul vəsaiti və 117.08 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,80 manat bank xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova