Məhkəmə qərarları › İş №e-2(002)-1633/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1633/2025

03.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1633/2025 03.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X7, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1096/2020 saylı, 22 iyul 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, 28 aprel 2008-ci ildə doğulmuş X3 və 22 yanvar 2013-cü ildə doğulmuş X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 245 manat sabit pul məbləğində alimentin və mediasiya xərcinə görə 60 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X11 izahat verərək bildirdi ki, İddiaçı Cavabdeh ilə 30 iyun 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından 28 aprel 2008-ci təvəllüdlü X8 və 22 yanvar 2013cü il təvəllüdlü X9 anadan olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1096/2020 saylı, 22 iyul 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 28 aprel 2008-ci ildə doğulmuş X3 və 22 yanvar 2013-cü ildə doğulmuş X4 Nurəliyeva (Yusibova) Gülnar Elçin qızının himayəsində saxlanılması, 28 aprel 2008-ci ildə doğulmuş X3 və 22 yanvar 2013-cü ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay cavabdehin qazancının 1/3 hissəsi məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehin aylıq qazancı çox dəyişkəndir, əksər aylarda 200-300 manat, bəzən daha az, nadir hallarda bir qədər çox aliment ödənir, bunlar isə uşaqların ehtiyaclarının qarşılanmasında çətinlik yaradır. İddiaçı işləsə də, uşaqlara təkbaşına baxmaqda çətinlik çəkir. Bundan əlavə, cavabdehin uzun illərdir gül mağazası var, birgə nikah dövründə həmin gül mağazasından əldə etdiyi pul hesabına ailənin dolanışığını təmin edirdi. Məhkəməyə onun gül mağazasından çıxarkən çəkilmiş fotoşəkli və videoyazısı təqdim edilmişdir. Aliment dəyişkən olduğundan, uşaqların stabil həyat şəraitini qurmaq çətindir, əgər stabil olaraq aylıq müəyyən məbləğdə aliment verilsə, iddiaçı da uşaqların dolanışığını ona uyğun planlayar. Mediasiyada razılıq olmadığından, iddiaçı məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbinə qəti etiraz edir. Belə ki, iddiaçı tərəfin izahatında qeyd etdiyi hallar həqiqəti əks etdirmir. Onun gül mağazası yoxdur, hazırda hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, fotoşəkildə və videoyazıda əks olunan gül mağazası ona aid deyildir, belə çıxır ki, hər hansı obyektin qarşısında şəkli varsa, obyekt ona məxsusdur? Əslində 20 ilə yaxındır eyni yerdə işləyir, əlavə qazancı yoxdur, sadəcə olaraq saatlıq əmək haqqı qaydasında işlədiyinə görə aylıq qazancı həqiqətən dəyişkən olur, ona görə də aylar üzrə aliment məbləği fərqlənir. Bundan əlavə, ikinci dəfə ailə həyatı qurmuşdur və həmin nikahdan da bir uşağı vardır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbləri aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1096/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 28 aprel 2008-ci ildə doğulmuş X3 və 22 yanvar 2013-cü ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün cavabdehin əmək haqqı və qazancının 1/3 hissəsi məbləğində alimentin tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən İddiaçı ilə bağlı çıxarışdan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xəzinədar vəzifəsində işləyir və aylıq əmək haqqı 1159 manatdır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh ilə bağlı çıxarışdan görünür ki, Cavabdeh “Azneft” İB-də əmtəə operatoru vəzifəsində işləyir və aylıq əmək haqqı 655,02 manatdır. İş materiallarında olan “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin NKHNS-də əmtəə operatoru vəzifəsində işləyir və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək onun əmək haqqının üçdə biri alimentə görə tutulur, arayışda qeyd olunan son 12 ay üçün aylıq ödənilmiş aliment məbləğləri 163,58 manat ilə 639,81 manat arasında hər ay üzrə fərqlidir, əksər aylar üzrə 200-300 manat və 300-400 manat arasında fərqli məbləğlər təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli uçota dair arayışdan görünür ki, Cavabdeh sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İş materiallarında olan AZ-İİ seriyalı, 584400 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 25 iyun 2023-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikahları 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir, nikah bağlandıqdan sonra arvada “Nurəliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 965432 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Nurəlizadə Cavidanın atası Cavabdeh, anası X1r. İş materiallarına əlavə edilmiş diskin və fotoşəkillərin tədqiqi zamanı müəyyən edildi ki, fotoşəkillərdə və videoyazıda Cavabdeh gül mağazasından çıxması əks olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.1-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Qərarın 8.4-cü bəndinə əsasən, məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Həmin Qərarın 8.6-cı bəndinə əsasən, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarının 1.2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbəndi əlavə edilmişdir: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345x0,74=255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir). Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək və yuxarıda sadalanan hüquq normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların yaşı, mənafeyi, cavabdehin aylıq qazanc miqdarının hər ay fərqli, dəyişən olması, uşaqların təminat səviyyəsinin stabil saxlanması zərurəti, hər iki tərəfin ailə və maddi vəziyyəti, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında sabit pul məbləğində alimentin təyin edilməsi ilə bağlı müəyyən edilən qaydalar nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1096/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, mediasiya xərci tərəflər arasında bərabər bölünməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1096/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İş üzrə ödənilmiş mediasiya xərcinə görə 30 (otuz) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar