Məhkəmə qərarları › İş №e-2(002)-1702/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1702/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1702/2022 14.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ********* saylı, 05.01.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 27.04.2022-ci il tarixinə yaranmış 27,4 manat əsas borc, 4,1 manat cərimə, cəmi 31,5 manat, ********* saylı, 12.05.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 231,1 manat əsas borc, 34,6 manat cərimə, cəmi 265,7 manat olmaqla, ümumilikdə 297,2 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 05.01.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Samsung” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 26 manat olmaqla cəmi 308,4 manat, ********* saylı, 12.05.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “Samsung” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 29 manat olmaqla cəmi 347,1 manat, ümumilikdə 655,5 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə şərtlərini pozaraq, sonuncu dəfə 05.01.2021-ci il tarixli müqavilə üzrə 10.12.2021-ci il tarixində 20 manat, 12.05.2021-ci il tarixli müqavilə üzrə isə sonuncu dəfə 18.09.2021-ci il tarixdə 26 manat ödəniş etmiş və hər iki müqavilə üzrə qalıq qalmış borcu qaytarmamışdır. Bununla da, qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği hər iki müqavilə üzrə 387,7 manat təşkil etdiyi halda, humanizm prinsiplərinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı təşkilat tərəfindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 38,7 manat iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Beləliklə, Cavabdeh ********* saylı, 05.01.2021-ci il tarixli müqavilə üzrə iddiaçı təşkilata olan borcu 27,4 manat əsas, 4,1 manat cərimə, cəmi 31,5 manat, ********* saylı, 12.05.2021-ci il tarixli müqavilə üzrə 231,1 manat əsas, 34,6 manat cərimə, cəmi 265,7 manat təşkil edir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05.01.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.01.2021ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Samsung” markalı mobil telefonu 12 ay müddətinə hər ay 26 manat (sonuncu ay 22,4 manat) hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 12.05.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.05.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Samsung” markalı mobil telefonu 12 ay müddətinə hər ay 29 manat (sonuncu ay 28,1 manat) hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, cavabdehin 05.01.2021-ci il tarixli müqavilə üzrə 27,4 manat məbləğində ödənilməmiş əsas borcu və 41,10 manat cərimə borcu, 12.05.2021-ci il tarixli müqavilə üzrə 231,1 manat məbləğində ödənilməmiş əsas borcu və 346,60 manat cərimə borcu yaranmışdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05.01.2021-ci il tarixli və 12.05.2021-ci il tarixli müqavilələr mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqavilələridir. Ona görə də həmin müqavilələr barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı təşkilatdan aldığı əşyalara görə qalıq borc məbləğlərini iddiaçıya ödəməli olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də əsas borc tələbi barədə iddia əsaslı hesab olunmalıdır. Lakin cərimə hissəsində iddia qismən əsassız hesab olunmalıdır. Belə ki, müqavilələrdə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq cərimə tələbinin azaldılmasını və 05.01.2021-ci il tarixli müqavilə üzrə 2,74 manat, 12.05.2021-ci il tarixli müqavilə üzrə 23,11 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 05.01.2021-ci il tarixli müqavilə üzrə 27,4 manat məbləğində əsas borc, 2,74 manat məbləğində cərimə, 12.05.2021-ci il tarixli müqavilə üzrə 231,1 manat məbləğində əsas borc, 23,11 manat məbləğində cərimə olmaqla, cəmi 284,35 manat məbləğində borc pul vəsaiti və 29 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar