Məhkəmə qərarları › İş №e-2(002)-1734/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-1734/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-1734/2025 05.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" X2 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" X2 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmunun uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, cavabdehlərə pretenziya qaydasına əməl edilərək, xəbərdarlıq bildirişi göndərilməmişdir. Buna əsas kimi isə kredit müqaviləsinin 6.2-ci bəndinə istinad etmişdir. Cavabdeh2 məhkəmə iclasından izahatında qeyd etdi ki, ona bankdan heç bir bildiriş və ya məktub çatdırılmaışdır. Cavabdeh1 təyin olunmuş məhkəmə iclasının vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallanından olan xx.xx.2023-cü il tarixli **********0921 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MMM QBKT tərəfindən Cavabdeh1 arasında ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 (beş min manat) AZN məbləğində kredit verilmişdir. İş materiallanından olan xx.xx.2023-cü il tarixli **********0921 saylı kredit müqaviləsinin 6.2 bəndindən görünür ki, Kredit Verən tərəfindən Kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit Alan 10 (on) iş günü ərzində Krediti və (və yaxud) ona aid digər ödənişləri ödənmədikdə, Kredit Verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit Alana təqdim edilməməsi Kredit Verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Belə ki, məhkəmə qeyd edir ki, müqavilənin istinad olunan 6.2 bəndinin məzmununda ziddiyətli mülahizələr qeyd edilmişdir. Həmin bənddə həm iddiaçı bankın müqavilə üzrə qarşı tərəfi xəbərdar etmədən birbaşa məhkəməyə müraciət etmək hüquqununun olduğu, həm də bu bəndin tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilmədiyi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı bank müqavilədə qeyd edilən bu ziddiyyətli mülahizələrə əsaslanaraq məhkəməyəqədər mübahisələrin həlli qaydasının yerinə yetirilməsi öhdəliyindən azad edilməməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi səlahiyyətli olmayan şəxs tərəfindən imzlandığından iddia ərizəsi baxılmamiş saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 420.3.4-cü maddəsinə əsasən təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində-təklif etmiş tərəfi müqavilənin digər tərəfini xəbərdar etməyə və ya öhdəliyin icrası üçün ona müddət verməyə dair (öhdəliyin icrası barədə xəbərdaretmə; müddət təyinetmə) qanunla nəzərdə tutulan vəzifədən azad edən müddəalar etibarsız sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual 149.2.4-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizəni baxılmamış saxlayır: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 №-li Qərarının 5-ci bəndində “ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək “məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarından görünür ki, məhkəmələrə xatırladılır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. İddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddələrinə müvafiq olaraq ərizə baxılmamış saxlanıldıqda dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" X2 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 75,52 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" X2 Bank Kredit Təşkilatına geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar