Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1950/2025 07.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5.000 (beş min) manat, 750 manat avtomobilə xərclədiyi pulun, 100 manat hüquqi yardım üçün və 78.12 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “Turbo.az” sayitində “Kamaz” markalı **- HZ-*** dövlət qeydiyyat nömrəli yük maşınını almaq üçün həmin məlumatı yerləşdirən Ramil adlı şəxslə əlaqə saxladı. xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsində Ramil adlı şəxslə görüşüb danışdıqdan sonra 19.000 manata razılaşdı. Həmin vaxtdan sonra Ramil qardaşı Anarla onu tanış etdi, o 5.000 manat pulu şəxsən Anarın vasitəsi ilə Ramilə göndərdi. Daha sonra o şəxsi telefon nömrəsi ilə Ramilin telefon nömrəsinə zəng edib Anara verdiyi 5.000 (beş min) manat pulu Anar ona verib-vermediyini soruşdu. O, isə cavabın bildirdi ki, “həmin 5.000 manat pulu Anardan” götürmüşdür. Qeyd edir ki, həmin avtomobili aldıqdan sonra o həmin avtomobilin işlək vəziyyətə gətirmək üçün 750 manat pul xərcləmişdi. İş üzrə cavabdehlər həmin razılaşmanı pozduğu üçün o aidiyyaı üzrə DİN-nin 102 qaynar xəttinə şikayət etdi, həmin şikayəti Hacıqabul rayon PŞ-nin İB-də müvafiq araşdırma aparıldıqdan sonra xx.xx.2024-ci il tarixli, HK-1/1492 nömrəli cinayət işin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. (İşin faktiki hallarını, iş üzrə cavabdehin izahatını və sair halları həmin qərardan görmək olar). Hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ondan aldığı 5.000 (beş min) manat pulu və 750 manat avtomobilə xərclədiyi pulu geri qaytarmaqdan yayındığı üçün o aidiyyatı üzrə məhkəməyə müraciət edir. Həmin müraciətin hazırlanması üçün 100 manat hüquqi yardım üçün və 78.12 manat ödənilmiş dövlət rüsumunu köçürmüşdür. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5.000 (beş min) manat, 750 manat avtomobilə xərclədiyi pulun, 100 manat hüquqi yardım üçün və 78.12 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
3. İddiaçı tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, Mülki Prosessual Məcəlləsinin 4.1 və 62-ci maddələrinə istinad etmişdir.
4. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
5. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, mübahisəli yük maşınını “tap.az” saytından tapmışdır. Cavabdehlər qohumdurlar. Onun nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı danışığı Ramillə olub, Anarla deyil. Anar maşını gətirən və pulu Ramilə aparan şəxs olmuşdur. Maşının 4000 manata yaxın cəriməsi vardı, maşın karopkasının təmirinə görə 500 manat lazım idi. 5000 manatı Anara vermişdim ki Ramilə çatdırsın, 19.000 manatdan 500 manatı çıxdılar. Daha sonra maşını ona verdilər, lakin Anar onu hədəyərək maşını ondan alacağını bildirdi. Cavabdehlər nəqliyyat vasitəsini ondan aldılar. Ramin ona maşını satıb 5000 manatı qaytaracağını bildirdi. Maşının yağı dəyişməli idi, xırda nasazlıqlara 750 manat özü xərc çəkmişdir. Sürətlər qutusundakı problem düzələndən sonra dedilər gedək elə axşam sənədəşdirək, səhər aparılmasına razılaşmadılar. Nasazlıq yaranandan sonra 2-ci dəfə sənədləşməyə gedildi, Anar mübahisəli nəqliyyat vasitəsini, o isə özü başqa maşınla arxasınca gedirdi. Buna görə də, evdən pulu götürəndən sonra öz maşını ilə arxasınca getdi və gördü ki, mator yanır. Aralarında mübahisə oldu, ondan sonra maşını gətirib onun qapısına qoydular. Evə gedəndən sonra ona hədə-qorxu gəldi, o da 102-yə yığdı. Sonra təhqiqatçı Anarı cəlb edib izahatını aldı. O isə mülki qaydada iddia qaldırdı. Əslində o, məhkəmə prosesindən sonra maşını cavabdehlərə təhvil vermək istəyirdi, ancaq polis dedi ki, maşını özündə saxlaya bilməzsən. Buna görə o da video çəkilişlə maşını Anara təhvil verdi. Ramil ona dedi ki, maşını satıb onun pulunu qaytaracaqlar, ancaq qaytarmadı. Odur ki, iddianın təmin edilməsini xahiş edir.
6. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdehlər münaisbət yaranan zaman nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayıblar, sərəncam hüquqları da olmayıb. Bundan başqa, icinayət işinin başlanmasının rəddi barədə xx.xx.20205-ci il tarixli qərarının mötəbər olub-olmaması iddiaçı tərəfindən sübut olunmayıb. Anara münasibətdə tələb hüququ yoxdur. Tərəflər arasında maşınla bağlı məsələ olub. Əgər, 5000 manata beh kimi nəzərə alsaq, onda müqavilə iddiaçı tərəfindən pozulduğu üçün behin qaytarılmasını tələb edə bilməz. Əgər iddiaçının maşını almaq niyyəti yox idisə, maşını niyə qapısında saxlayırdı, o maşını vaxtında təhvil verməli idi.
7. Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.8 Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 324.4 Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zə ruridir. 329.1 Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır 329.2 Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5 Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 405.1 Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1 Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 439.4 Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 460.3 Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. 492.1 Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2 Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093 Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1095 Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat:
46. Notarius daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən, əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququnu və layihəsi notarius tərəfindən hazırlanmadığı halda, müqavilənin qanunauyğunluğunu yoxlayır.
11. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 2 “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı:
2. Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, yaxud konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə:
4.3-1. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə, habelə bu Əsasnamənin 2.8-3-cü bəndində nəzərdə tutulmuş məlumatları dərhal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 1 (bir) gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 3 (üç) gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. b) Əsaslandırma
14. İddia qismən əsaslıdır.
15. Məhkəmə ilkin olaraq sübutetmə yükünə qiymət verərək qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
16. İşdə olan sübutlar əsasında müəyyən olunan işin faktiki halları aşağıdakı kimidir:
17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 3-13-16/2- 193979 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, mübahisənin obyekti olan əmlak - “KAMAZ 65115 Yük” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2010-cu il tarixli şəhadətnamə əsasında X1 adına olmuş, həmin nəqliyyat vasitəsinə dair Cavabdeh2 adına xx.xx.2017-xx.xx.2027-ci il üçün istifadə hüququ əsasında etibarnamə verilmiş; xx.xx.2025-ci il tarixdə Cavabdeh1 adına vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında keçmiş və həmin tarixdə də alqı-satqı müqaviləsi əsasında X5 adına rəsmiləşdirilmişdir.
18. Azərbaycan Respublikası DİN-in Hacıqabul rayon X8 Bölməsinin müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş, xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan; həmin icraat üzrə İddiaçı və Cavabdeh2 verdikləri izahatlardan məlum olur ki, İddiaçı internet informasiya sistemində olan bir saytda Kamaz markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin satış elanını görmüş, həmin nəqliyyat vasitəsini almaq üçün xx.xx.2024-cü il tarixdə cavabdeh X4 ilə telefonla danışmış, Ramin Bürcəliyev yük maşınını 19.000 manata satacağını, lakin avtomobilin təxminən 4000 manat cəriməsi olduğunu, alqı-satqı etmək üçün yük avtomobilinin cəriməsini ödəmək lazım olduğunu, bu səbəbdən də, avtomobili almaq üçün ilkin olaraq 5000 manat pul verməli olduğunu ona bildirmişdir.
19. Həmin sənədlərdən, iddiaçının özünün məhkəmə iclasında və Cavabdeh2 polis şöbəsinin təhqiqatçısının araşdırması üzrə verdiyi izahatından, eləcə də, işə əlavə edilmiş video və audio disklərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Kamaz markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh2 tərəfindən onun Hacıqabulda yerləşən həyətinə gətirilmiş, 5000 manat pul həqiqətən də, iddiaçı tərəfindən Raminə çatdırılması üçün Cavabdeh2 verilmişdir. Daha sonra nəqliyyat vasitəsində yaranan nasazlıqlar səbəbindən tərəflər arasındakı razılıq pozulmuş, xx.xx.2024-cü il tarixdə iddiaçı nəqliyyat vasitəsini qaytarmaq istədiyini bildirmiş və 5000 manat pulunu geri tələb etmişdir.
20. Kamaz markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh2 tərəfindən iddiaçının həyətindən götürülmüşdür (bu barədə video disk işə əlavə edilmişdir). Cavabdeh2 5000 manatı əldə etməsi işə əlavə edilmiş video çəkiliş olan diskdə Anarın sözləri ilə təsdiq edilir:- “5000 manatı götürmüşəm, yanvarın 6-sı da maşını saz vəziyyətdə təhvil alıram, Rahib iki ay möhlət verib, martın 6-na kimi 5000 manatı qaytarılacaqdır”.
21. Cavabdeh tərəfindən 5000 manatın qaytarılması və iddiaçının əmlaka 750 manat xərc çəkməsi barədə sübutlar iş materiallarında müəyyən edilməmişdir. Eyni zamanda, Cavabdeh2 polis şöbəsinin təhqiqatı üzrə verdiyi izahatdan aydın olur ki, 5000 manat iddiaçıya qaytarılmamışdır.
22. Bundan əlavə, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında bildirmişdir ki, mübahisəli yük maşınının alqı-satqısı tərəflər arasında bağlana bilməzdi çünki həmin tarixdə yük maşınının mülkiyyətçisi cavabdehlər yox, onların atası Rəfixan Burcalıyev olmuşdur. Bundan başqa, 5000 manat pulu əldə etməsi barədə Cavabdeh2 təhqiqat zamanı verdiyi izahatı qəbul etmirlər, belə ki, Anara məxsus əlyazma izahat mövcud deyil, əgər məhkəmə həmin pul məbləğinin iddiaçı tərəfindən Anara verilməsini işin müəyyən olunmuş halı hesab etsə belə, həmin məbləğ mübahisəli yük maşınının alqısatqısı üçün beh olaraq verilmişdir ki, həmin müqavilə isə yazılı olmadığından etibarlı hesab edilə bilməz.
23. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş disklərə əlavə olunmuş sübutlara qiymət verərək qeyd edir ki, həmin telefon danışıqları, video çəkiliş və «Whatsapp» yazışmaları (“N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunu xx.xx.2022-ci il tarixli qərarı) birbaşa hüquqi mübahisənin tərəfləri (iddiaçı və cavabdeh) arasında və mübahisə barəsində həyata keçirildiyi üçün qanuni əldə edilmiş və mötəbər sübut kimi qəbul edilməlidir.
24. Eyni zamanda, Azərbaycan Respublikası DİN-in Hacıqabul rayon X8 Bölməsinin xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı mübahisələndirilmədiyi və qüvvədə olduğundan məhkəmə həmin icraat zamanı verilmiş izahatları da mötəbər sübut olaraq hesab edir.
25. Göründüyü kimi, iddiaçı ilə cavabdeh Ramil Bürcəliyev arasına nəqliyyat vasitəsinin alqı-satqısına dair 2024-cü ilin dekabr ayında şifahi razılaşma olması, həmin nəqliyyat vasitəsinin əvvəlcə iddiaçının sahibliyinə verilməsi və iddiaçı tərəfindən 5000 manat pulun Ramil Bürcəliyevə çatdırılması üçün Cavabdeh2 verilməsi, 2025-ci ilin 6 yanvar tarixində nəqliyyat vasitəsinin iddiaçı tərəfindən cavabdehlərə qaytarılması və 5000 manat pulun iddiaçıya geri qaytarılmaması işin sübut edilmiş hallarıdır.
26. Məhkəmə işin qeyd edilən faktiki hallarını mülki qanunvericiliyin normalarına tətbiq edərək, tərəflər arasında hər hansı müqavilənin mövcud olub-olmaması, etibarlı olubolmaması məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
27. İlk növbədə, Kamaz markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin alqı-satqısı barədə danışıq gedən tarixdə (xx.xx.2024-xx.xx.2025) cavabdehlərdən heç birİ həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi olmamış, eləcə də, sərəncam hüququ əsasında etibarnamə əldə edən şəxs olmamışdırlar. Yalnız Cavabdeh2 etibarnaməsi olmuş və həmin eitbarnamənin hüquqi əsası nəqliyyat vasitəsindən istifadə hüququ olmuşdur.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 362.1-ci maddəsində etibarnaməyə anlayış verilmişdir: Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.
29. Yəni, etibarnamə digər şəxsə müvəqqəti səlahiyyət verilməsi üçün nəzərdə tutulub. Ancaq qanunvericilikdə avtomobilin alqı-satqısının etibarnamə verilməsi ilə rəsmiləşdirilməsi kimi prosedur nəzərdə tutulmayıb. Etibarnamə ilə avtomobil alınan zaman alıcı ilə avtomobil sahibi arasında faktiki alqı-satqı olsa da, qanuni olaraq alıcı avtomobilin mülkiyyətçisi hesab olunmur.
30. Eyni zamanda, səlahiyyətli şəxs tərəfindən nəqliyyat vasitəsinə dair iddiaçıya nə etibarnamə verilməmiş, nə də rəsmi reyestrdə qeydə alınmalı daşınar əmlaka dair alqı-satqı müqaviləsi notarial qaydada bağlanmamışdır.
31. Göründüyü kimi, əqdin bağlanması üçün zəruri şərtlər (forma və subyektə dair) ödənilmədiyindən tərəflər arasında Kamaz markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin alqı-satqı müqaviləsi etibarlı hesab edilə bilməz.
32. Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac yoxdur. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.
33. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq, məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
34. Beləliklə, məhkəmə müəyyən edir ki, tərəflər arasındakı əqd etibarsız əqd olmuşdur. Etibarsız əqdlər iki yerə bölünür: mübahisələndirilən əqdlər və əhmiyyətsiz əqdlər. Mübahisələndirilən əqdin etibarsızlığının tanınması üçün qətnamə tələb olunur, əhəmiyyətsiz əqdin etibarsızlığının tanınması üçün qətnamə tələb olunmur (Mülki Məcəllə maddə 337.3). Tərəflər arasındakı nəqliyyat vasitəsindən şifahi alqı-satqı əqdi ikitərəflidir və əhəmiyyətsizdir, çünki qanunvericilikdə (yəni NK-nin xx.xx.1999-cu il tarixli, 39 №-li qərarı ilə təsdiq edilmiş Əsasnamədə) müəyyən edilmiş formaya əməl edilmədən, şifahi formada bağlandığından (Mülki Məcəllə maddə 329.1) və səlahiyyətli subyektlə bağlandığına görə etibarsızdır.
35. Məhkəmə onu da qeyd edir ki, hazırkı halda cavabdehlər avtomobilin mülkiyyətçisi olmadığından tərəflər arasındakı əqdin etibarsız olması nəticəsində restitusiyanın (Mülki Məcəllə 337.5-ci maddəsinə əsasən restitusiya) hazırkı mübahisəyə tətbiqi mümkün deyil. Belə ki, restitusiya zamanı etibarsız əqd üzrə satıcı nəqliyyat vasitəsini geri tələb edə bilər, pulu isə əks tərəfə qaytarmalıdır, alıcı pulu geri tələb edə bilər, nəqliyyat vasitəsini isə əks tərəfə qaytarmalıdır.
36. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçının məhrum olduqlarını geri tələb etməsinin qanuni əsasları əsassız varlanma olacaqdır, yəni etibarsız əqd üzrə əsassız varlanma qaydaları tətbiq edilməlidir. Cavabdehin iddiaçının hesabına əsassız varlanma halı baş verdiyindən iddiaçı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən məhrum olduqlarının qaytarılmasını tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanma üçün şərtlər ondan ibarətdir ki, 1) borclu əmlak əldə etsin 2) həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin 3) bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın.
37. Lakin məhkəmə qeyd edir ki, iddia yalnız cavabdehlərdən Ramil Bürcəliyevə münasibətdə təmin edilə bilər, Anar Bürcəiyeva aid hissədə isə rədd edilməlidir. Belə ki, iddiaçı məhkəmə iclasında təkidlə bildirmişdir ki, onun yük maşını ilə bağlı razılığı Ramil Bürcəliyevlə olub, maşının sahibi kimi Ramili tanıyıb, qiyməti onunla razılaşdırıb, danışığı onunla olub, maşının sənədi atalarının adına olub. Cavabdeh2 sadəcə vasitəçi olmuş, yük maşınını onun həyətinə və rəsmiləşdirməyə getmək istəyəndə sürmüş və maşın onun həyətinə gətiriləndən sonra 5000 manatı Cavabdeh2 vermişdir ki, yollasın Ramil Bürcəliyevə. Şünki, Ramil Bürcəliyev demişdir ki, pulu verərsən Anara gətirsin mənə. O da pulu Anara vermiş, sonra da zəng edib Anarın ona pulu çatdırıb-çatdırmadığını soruşanda Ramil 5000 manatın ona çatdırıldığını demişdir. Daha sonra təhqiqatçı və Ramil ondan maşını ona qaytarmasını dedilər, Ramil ona dedi ki, maşını qaytar satıb 5000 manatını qaytarım, sonra Anarı yolladı və videoçəkilişlə yük maşınını Anara qaytardı.
38. Cavabdeh2 vəkili və nümayəndəsi tərəfindən pul vəsaitinin Anar tərəfindən mənimsənilməsi etirafı baş verməmişdir. Bundan əlavə, Cavabdeh2 təhqiqat zamanı verdiyi izahatın məzmunundan (maşının qiymətində endirim edilməsi zamanı Ramillə danışması, onun razılığı əsasında hərəkət etməsi və s.) görünür ki, o, Rahib və Ramil arasında mübahisəli nəqliyyat vasitəsinin aparılıb gətirilməsi və pulunun çatdırılması barədə vasitəçi olmuşdur.
39. Belə olan halda, cavabdeh Ramil Bürcəliyevin 5000 manat əldə etməsi sübuta yetirilmişdir. Əldə edilən pul vəsaiti əmlak xarakterlidir və həmin əmlak iddiaçının hesabına əldə edilmişdir. İddiaçının həmin pul vəsaitini cavabdehə verməsinin məqsədi nəqliyyat vasitəsini əldə etmək olmuş, cavabdeh tərəfindən bu gözlənti qarşılanmamışdır. Nəticədə, cavabdehin varlanması iddiaçının hesabına baş verdiyi üçün Mülki Məcəllənin 1092.1-ci maddəsindən irəli gələn tələbin şərtləri mövcuddur, odur ki, cavabdeh Ramil Bürcəliyev tərəfindən həmin məbləğin qaytarılması barədə iddiaçının tələbi əsaslıdır.
40. Məhkəmə cavabdeh tərəfin “beh müqaviləsi” ilə bağlı mövqeyinə əsasən onu qeyd edir ki, tərəflər arasında 5000 manat pulun, nəqliyyat vasitəsinin alqı-satqısının icrası üçün cərimələrinin və rəsmiləşdirilmə xərclərinin aparılması məqsədilə, ümumi məbləğin tərkib hissəsi kimi verilməsi və tərəflərin iradə ifadəsinin beh şəklində olmaması iş materiallarında olan izahatlardan aydın olur. Əksi olsa belə, mülki qanunvericiliyin tələbinə görə, beh barədə müqavilənin yazılı bağlanmaması onun etibarsızığına səbəb olur, eləcə də, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olduğundan, yəni tərəflər arasında alqı-satqı müqaviləsi yuxarıda göstərilən əsaslarla etibarsız olması səbəbindən, həmin məbləğ avans kimi nəzərə alına bilməz.
41. İddia tələbinin nəqliyyat vasitəsinin qüsurlarına görə iddiaçının çəkdiyi 750 manat xərcin qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə sübutetmə yükü iddiaçıda olsa da, işdə olan sübutlar əsasında xərclərin nədən ibarət olması, həqiqətən iddiaçı tərəfindən çəkilməsi müəyyən edilmədiyindən həmin hissədə də iddia təmin edilə bilməz.
Məhkəmə xərcləri
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;
43. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 78.12 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 78.12 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 70 manat hissəsi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir.
44. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir.
45. Hazırkı mülki iş üzrə iddiaçının Şirvan Regional Vəkil Bürosuna 100 manat xərc çəkməsi barədə qəbz iş materiallarına əalvə edilmişdir. Məhkəmə həmin xərcin çəkilməsi barədə sübutun əlavə edilməsini nəzərə alaraq hesab edir ki, həmin məhkəmə məsrəfi də ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq 90 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir.
Nəticə
46. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, Cavabdeh1 5000 manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumuna görə 70 manat və məhkəmə məsrəfinə görə 90 manat İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
47. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 5000 manat, ödənilmiş dövlət rüsumuna görə 70 manat və məhkəmə məsrəfinə görə 90 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova