Məhkəmə qərarları › İş №e-2(002)-2000/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2000/2022

22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2000/2022 22.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 noyabr 2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14000 (on dörd min) manat əsas borcun, 1657,76 manat (min altı yüz əlli yeddi manat 76 qəpik) faiz borcunun, cəmi 15657,76 manat (on beş min altı yüz əlli yeddi manat 76 qəpik) borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 136,47 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 14000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh1 arasında 13 noyabr 2021-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixli 1057479/25297 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh borclu müqavilə şərtlərini davamlı olaraq pozmuşdur. Belə ki, kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 13 iyul 2022-ci il tarixinə əsas borcu 14000 manat, faiz borcu 1657,76 manat, cəmi borcu 15657,76 manat təşkil edir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Hazırda kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə olan borc 15657,76 manat təşkil edir ki, bu borcun cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Odur ki, iddiaçı təşkilat məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, o, həqiqətən xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 14000 manat məbləğində kredit götürmüş, lakin işsizlik səbəbindən borcu vaxtında qaytara bilməmişdir. Hazırda tələb olunan borc məbləği ilə razıdır, lakin maddi imkanı olmadığı üçün birdəfəyə ödəmək imkanı yoxdur, gələcəkdə hissə-hissə ödəyə bilər. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 noyabr 2021ci il tarixli ******* saylı “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi”nə və ödəniş cədvəlinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 illik 17,5 faizlə 48 ay müddətinə 14000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 1057479/25297 saylı zaminlik müqaviləsindən surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13 noyabr 2021-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh1 13 noyabr 2021-ci il tarixdə verilmiş kredit üzrə İddiaçı ASC-yə 14000 manat məbləğində əsas borc, 1657,76 manat məbləğində faiz borcu olmaqla, cəmi 15657,76 manat məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, Cavabdeh1 iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas və faiz borcu məbləğlərini iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuş, lakin o, müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də müqavilənin ləğvi, əsas və faiz borcunun tutulması ilə bağlı iddia tələbləri tam əsaslıdır. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə, eyni zamanda iddianın dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 13 noyabr 2021-ci il tarixli ******* saylı saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin, həmin müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14000 manat əsas borc, 1657,76 manat faiz borcu olmaqla, cəmi 15657,76 manat (on beş min altı yüz əlli yeddi manat 76 qəpik) məbləğində borc pul vəsaiti, həmçinin iddia ərizəsi üçün ödənilmiş 136,47 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar