Məhkəmə qərarları › İş №e-2(002)-2001/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2001/2024

31.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2001/2024 31.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(002)-2448/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh onun xeyrinə hər ay 350 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(002)-2448/2022 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası qismən təmin edilmiş, 04 sentyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(002)-835/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh onun xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay 193 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh ilə ayrılmışlar, cavabdeh uşağı ilə həftənin şənbə və bazar günləri görüşür. Lakin uşaqla görüşsə də, uşağın maddi təlabatlarını ödəmir, onun saxlanılmasına köməklik göstərmir. Özü elektroenergetikdir. Eşitdiyinə görə «GRAND MOTORS» avtomobil şirkətində məsləhətçi işləyir. Cavabdehin aylıq qazancı 1.700-2.000 manat təşkil edir. Cavabdeh yaxşı gəlir əldə etsə də, uşağın saxlanılmasına köməklik göstərmir. O, özü işləyir, aldığı maaş 400 manat təşkil edir. Bu da uşağın maddi tələbatlarını ödəmir. Hazırda bu məbləğ indiki reallıqda uşaqların saxlanılması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması, təhsili və s. bu kimi işlərin görülməsi üçün faktiki olaraq kifayət etmir. Hazırda sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının artırılmasına zərurət yaranmışdır və ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, İddiaçı ondan bir uşağın saxlanılması üçün əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq 350 manat təyin edilməsini xahiş etmişdir. Lakin onun qeyd edilən məbləğdə alimenti ödəməyə heç cür maddi imkanı çatmır. Ona görə də alimenti hazırda ölkə üzrə qüvvədə olan yaşayış minimumuna uyğun olaraq bir uşağa görə 235 manat ödəyə bilər. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(002)-2448/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası qismən təmin edilmiş, 04 sentyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(002)-835/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması, 43 manat 16 qəpik dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Sumqayıt 1 saylı Mediasiya Təşkilatının 01 may 2024-cü il tarixli MŞS/MT030/2024/00835 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə saat 09:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh mediasiya prosesinə gəlməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(002)-2448/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 48.12 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eləcə də, uşağın maddi tələbatlarının qarşılanması, qayğılarının həll edilməsi üçün zəruri vəsaitin tutulması öhdəliyinin yalnız bir valideynin üzərinə qoyulması ədalətli deyil. Uşağın maddi və mənəvi tələbatlarını hər iki valideyn qarşılıqlı şəkildə ödəməli, qayğı ilə əhatə etməlidirlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(002)-2448/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat sabit pul məbləğində aliment tutulsun. Ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 48.12 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar