Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2024/2023 03.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC "xxxx" KB-nin (Ləğv Prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh (boc alan) arasında bağlanmış xx.xx.2014-ci il tarixli, 1xx/xx/61093/14 nömrəli kredit müqaviləsinə əsasən, bank Cavabdeh 12 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 720 manat məbləğində kredit verilmişdir.
2. xx.xx.2014-ci il tarixli kredit müqaviləsinə 1 saylı Ödəniş cədvəlinə əsasən, Cavabdeh 720 manat məbləğində krediti 12 ay müddətində hər ay 68.43 manat öədniş etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür.
3. 08.02.2018-ci il tarixli bildirişin məzmunundan görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun olduğunu, ödənilməsinin tələb edildiyi, əks halda borcun tutulması barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur.
4. 03.05.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 aprel 2023-cü il tarixinə yaranmış borcu aşağıdakı kimidir: - cəmi borcu 1256.86 manat - bundan 509.22 manat əsas, 8.22 manat faiz, 532.15 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Mülki Məcəlləsinin 44.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanana illik faiz dərəcəsi 207.27 manat.
5. Cavabdeh məxsus hesabdan xx.xx.2013-xx.xx.2023-cü il dövrünü əhatə edən çıxarış məlumatlarına əsasən, xx.xx.2014-ci il tarixli, 1xx/xx/61093/14 nömrəli kredit müqaviləsinə xx.xx.2014-cü il tarixdə hesaba 720 manat mədaxil edilmiş, borclu tərəfindən sonuncu kredit ödəinişi xx.xx.2014-cü il tarixdə 100 manat təşkil etmişdir.
İddia tələbi
6. İddiaçı QSC "xxxx" KB-nin (Ləğv Prosesindədir) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh qızaırasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/61093/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 509.22 (beş yüz doqquz manat, 22 qəpik) manat məbləğində əsas borc, 8.22 (səkkiz manat, 22 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 532.15 (beş yüz otuz iki manat, 15 qəpik) manat məbləğində cərimə borcu, 207.27 (iki yüz yeddi manat, 27 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1256.86 (bir min iki yüz əlli altı manat, 86 qəpik) manat məbləğində pulun, 32.57 (otuz iki manat, 57 qəpik) manat dövlət rüsumunun ləğv prosesində Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, QSC “B ank Standard” KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında xx.xx.2014- cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/61093/14 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 12 (on iki) ay müddətinə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 720 (yeddi yüz iyirmi) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində CavabdehinBanka 509.22 (beş yüz doqquz manat, 22 qəpik) manat məbləğində əsas borc, 8.22 (səkkiz manat, 22 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 532.15 (beş yüz otuz iki manat, 15 qəpik) manat məbləğində cərimə borcu, 207.27 (iki yüz yeddi manat, 27 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1256.86 (bir min iki yüz əlli altı manat, 86 qəpik) manat məbləğində borcu qalmışdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
8. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad etmişdir.
9. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi X1 tərəfindən məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə edərək öz izahatında, cərimənin kredit müqaviləsi üzrə hesablandığını, kreditin 12 ay müddətinə bağlandığını, müqavilə müddətinin başa çatdığını, borclu ilə kredit müqaviləsi üzrə borcun restrukturizasiyasınınhəyata keçirilmədiyini bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
11. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
14. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
16. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
18. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
20. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
21. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
22. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
24. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
25. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
26. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
b) Əsaslandırma
28. İddia qismən əsaslıdır.
29. İşin mübahisəsiz halları bundan ibarətdir ki, Cavabdeh ilə iddiaçı QSC "xxxx" KB (Ləğv Prosesindədir) arasıında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 25% olmaqla, 12 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 720 manat məbləğində kredit götürmüşdür. Müqavilənin müddəti 12 ay təşkil etməklə, 06 mart 2015-ci il tarixdə bitmişdir.
30. Lakin cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, hesabdan çıxarış məlumatlarından görünür ki, borclunun sonuncu ödənişi xx.xx.2014-cü ildə həyata keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borc alan tərəfindən kredit müqaviləsinin şərtlərini pozulmuş, öhdəlik vaxtında və lazımi qaydada icra edilməmişdir. Hazırda qalıq əsas borcun məbləği 509.22 manat təşkil edir. Həmçinin, cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz, etirazın əsaslarına dair heç bir sübut və ya iddia müddətinin tətbiqi barədə ərizənin təqdim edilməməsini nəzərə alaraq məhkəmə əsas borc hissəsində iddia tələbini əsaslı hesab edir.
31. Məhkəmə iddia tələbini müqavilə müddəti üçün hesablanmış 8.22 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 532.15 manat cərimə borcu, eləcə də Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 207.27 manat faiz borcu hissəsində əsassız hesab edərək aşağıdakıları qeyd edir.
32. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən, 6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
33. Həmin Fərmanın 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.
34. Göstərilənlərə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətinin bitməsindən xeyli vaxt keçməsini, iddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının göstərişlərinin yerinə yetirilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin müqavilə üzrə faiz, cərimə və müqavilə müddətinin bitməsindən sonrakı dövr üzrə hesablanmış faiz borcu ilə bağlı hissədə iddia tələbi rədd edilməlidir.
35. Belə ki, məhkəmə baxışı zamanı tərəfin nümayəndəsinin izahatından, iş materiallarından müəyyən edildi ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşdüyündən Cavabdeh iddiaçı banka müddəti keçmiş əsas kredit borcu 509.22 manat müəyyən edilmişdir. İddiaçı cavabdehlə olan kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsində cavabdehə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməsinə və sonuncunun bundan imtina etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, işin bu halını sübut etmək yükü onun iddiaçının üzərinə düşür.
36. Məhkəmə qeyd edir ki, cavabdehin restrukturizasiya ilə bağlı banka müraciət etməməsi də iddiaçının keçmiş kredit borcuna görə ondan qalıq borcla yanaşı cərimə və faiz tələb etməsinə əsas vermir. Çünki, restrukturizasiya olunması təklif olunan kreditlərə dair Mərkəzi Bankın məlumatından da görünür ki, qeyd olunan kredit müqaviləsi Fərmanın təsiri dairəsinə düşmüş və cavabdehin 509.22 manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı bank həm həmin məbləği, həmdə hesabladığı cərimə və faiz məbləğlərini cavabdehdən tələb edir ki, bu da Fərmanın və onun çərçivəsində qəbul edilən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə görə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının tələblərinə ziddir və hal-hazırkı iş üzrə cavabdehin ancaq əsas borcuna dair hüquqi qiymət verilməlidir.
Məhkəmə xərcləri
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
38. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 32.57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia qismən təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 32.57 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir.
Nəticə
39. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, Cavabdeh borclu olduğu 509.22 manat məbləğində əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı QSC "xxxx" KB (Ləğv Prosesindədir)-i xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
40. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 509.22 manat məbləğində əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Ləğv Prosesində olan QSC "xxxx" KB-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova