Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2030/2023 27.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 11774,54 manat əsas, 1126,52 manat faiz, cəmi 12901,06 manat borcun, həmçinin ödənilmiş 129,11 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 48 ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 15000 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli ******* saylı krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2021-ci il tarixli 1053549/24785 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1.-ci bəndinə görə, bоrcalan bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirənədək zamin bоrcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixinə əsas borcu 11774,54 manat, faiz borcu 1126,52 manat, cəmi borcu 12901,06 manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh1 götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdehlər krеdit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və krеdit müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehlərin krеdit müqaviləsinə əsаsən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 12901,06 manat təşkil еdir ki, bu bоrcun cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir. Qeyd olunanlara əsasən, iddiaçı təşkilat məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və təqdim olunan sübutlar əsasında iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, o, xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə 15000 manat kredit götürmüşdür. Səhhəti ilə və maddi çətinliklərlə əlaqədar borcu vaxtında ödəyə bilməmişdir, İİ Qarabağ müharibəsi iştirakçısıdır, 2-ci qrup əlildir, pensiya alır. Hazırda tələb olunan borc məbləği ilə qismən razıdır, belə ki, əsas və faiz borcunun ekspert rəyi ilə müəyyən edilmiş həddə təmin olunmasını xahiş edir. Borcu birdəfəyə ödəmək imkanı yoxdur, gələcəkdə hiss-hissə ödəyə bilər. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsini xahiş edir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsinə və ödəniş cədvəlinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 illik 20 faizlə 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 1053549/24785 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli 1053549/24785 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə verilmiş kredit üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 11774,54 manat məbləğində əsas borcu, 1126,52 manat faiz borcu olmaqla, ümumilikdə 12901,06 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli, 9/5785 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən, Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-nə 11755,27 manat əsas borcunun, 1109,93 manat faiz borcunun olduğu müəyyən edilir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh borclu iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və faizləri iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borclu iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişlər. Buna görə də iddiaçı təşkilatın əsas və faiz borcları ilə bağlı iddia tələbi qismən, ekspert rəyi ilə müəyyən edilmiş həddə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi üzrə hesablanmış dövlət rüsumu ilə bağlı tələb ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ekspertiza xərci ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı və cavabdehlərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11755,27 manat məbləğində əsas borc, 1109,93 manat məbləğində faiz borcu olmaqla, cəmi 12865,2 manat məbləğində borc pul vəsaiti və 128,75 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə cavabdehər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 manat, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 50 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı: X1, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-2030/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2030/2023
27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver