Məhkəmə qərarları › İş №e-2(002)-207/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-207/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-207/2025 22.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə - 005A********** saylı kredit müqaviləsi üzrə 5429.34 manat məbləğində kredit bоrcu, 745.18 manat məbləğində faiz bоrcu və 262.20 manat məbləğində cərimə olmaqla, cəmi 6436.72 manat, - 005KK**********01 saylı kart krediti müqaviləsi üzrə 487.40 manat məbləğində kredit bоrcu, 78.34 manat məbləğində faiz bоrcu, 63.17 manat cərimə olmaqla, cəmi 628.91 manat, 2 (iki) kredit müqaviləsi üzrə ümumilikdə cəmi 7065 (yeddi min altmış beş) manat 63 qəpik məbləğində bоrcun və ödənilmiş 90.70 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı müqaviləyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 28 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7800 (yeddimin səkkiz yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2370.66 manat ödəniş etmiş və оnun iddiaçıya 5429.34 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 345 gün üçün hesablanmış faiz borcu 745.18 manat təşkil edir. Bundan başqa Cavabdeh AccеssBank» QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 005KK**********01 saylı kart kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə, aylıq 2% olmaqla 500 (beş yüz) manat məbləğində kredit limiti açılmışdır. Bank krediti kredit alana plastik kartı vasitəsi ilə təqdim etmişdir. Cavabdeh kart kredit müqaviləsi üzrə 487.40 manat məbləğində kredit borcu qalmışdır. Kart kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2024-cü il tarixə 368 gün üçün hesablanmış faiz borcu 78.34 manat təşkil edir. xx.xx.2024-cü il tarixə 368 gün üçün hesablanmış cərimə borcu 63.17 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü maddəsinə əsasən, kredit alan kredit limitindən istifadə etdiyi təqdirdə, kredit borcunu və faizləri, olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka qaytarmağı öz üzərinə götürür. Cavabdeh yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq həmin məbləğin ödənilməsindən yayınmışdır. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında qeyd etdi ki, iddia tələbinə etiraz etmir, bankdan kredit götürmüşdür, lakin hazırda ailəlidir, işsizdir, digər banklara da borcu var, həmçinin bu bankın aylığı çoxdur, restruktruzasiya edib, aylıq ödəniş məbləğini azaltsalar ödəyə bilər. Məhkəmə iş materiallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Cavabdeh "xxxx" QSC ilə xx.xx.2022-cü il tarixdə bağlanmış ərizədən görünür ki, o, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 28 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7800 (yeddimin səkkiz yüz) manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş Cavabdeh "xxxx" QSC ilə xx.xx.2022-cü il tarixdə bağlanmış müqavilədən görünür ki, Cavabdeh "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 005KK**********01 saylı kart kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə, aylıq 2% olmaqla 500 (beş yüz) manat məbləğində kredit limiti açılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 005KK**********01 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə borcu aşağıdakı kimidir: 487.40 manat məbləğində kredit bоrcu, 78.34 manat məbləğində faiz bоrcu, 63.17 manat cərimə olmaqla, cəmi 628.91 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 005A********** saylı Kart kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə borcu aşağıdakı kimidir: 5429.34 manat məbləğində kredit bоrcu, 745.18 manat məbləğində faiz bоrcu və 262.20 manat məbləğində cərimə olmaqla, cəmi 6436.72 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixli, 005A********** saylı Kart kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı banka 7800 manat krediti 28 ay müddətinə 1.6667% dərəcəsi ilə hər ay 352 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş bildiriş məktubundan görünür ki, İddiaçı QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Beləliklə məhkəmə tərəfndən müəyyən olundu ki, xx.xx.2022-ci il tarixli, 005A********** saylı Kart kredit müqaviləsi üzrə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh 28 ay müddətinə olmaqla, 78000 manat məbləğində kredir verilmiş, xx.xx.2022-ci il tarixli 005KK**********01 saylı kredit müqaviləsi üzrə isə 36 (otuz altı) ay müddətinə, aylıq 2% olmaqla 500 (beş yüz) manat məbləğində kredit limiti açılmışdır. İddiaçı bank müqavilələr üzrə öhdəliyini tam icra etmiş, “Kredit alan” isə verilmiş krediti qəbul edərək öhdəsinə götürdüyü krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməyərək müqavilə üzrə öhdəliklərini pozmuşdur. Hazırda iddiaçı cavabdehdən həmin müqavilələr üzrə yaranmış borcunu tələb edir, cavabdeh isə məhkəmə iclaslarında iddia tələbini qismən qəbul edərək, cərimələrin azaldılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu cavabdeh iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçının iddia tələbi üzrə kredit müqavilələri üzrə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və belə ki, cavabdehdən xx.xx.2022-ci il tarixli, 005A********** saylı Kart kredit müqaviləsi üzrə dəbbə pulu olaraq 150 manat məbləğində, xx.xx.2022-ci il tarixli 005KK**********01 saylı kredit müqaviləsi üzrə isə 15 manat məbləğində dəbbə pulun tutulması ədalətlidir. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, 005A********** saylı Kart kredit müqaviləsi üzrə cavabdehdən iddiaçı bankın xeyrinə 5429.34 manat məbləğində kredit bоrcu, 745.18 manat məbləğində faiz bоrcu və 150 manat məbləğində dəbbə pulu və xx.xx.2022-ci il tarixli 005KK**********01 saylı kredit müqaviləsi üzrə isə 487.40 manat məbləğində kredit bоrcu, 78.34 manat məbləğində faiz bоrcu, 15 manat dəbbə pulu olmaqla, iki müqavilə üzrə cəmi 6905,26 manat borcu tutulmalıdır. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 90,70 manat məbləğində dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Hazırki iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (6905,26 manat) 89,05 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutlmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, 005A********** saylı Kart kredit müqaviləsi üzrə 5429.34 manat məbləğində kredit bоrcu, 745.18 manat məbləğində faiz bоrcu və 150 manat məbləğində dəbbə pulu və xx.xx.2022-ci il tarixli 005KK**********01 saylı kredit müqaviləsi üzrə isə 487.40 manat məbləğində kredit bоrcu, 78.34 manat məbləğində faiz bоrcu, 15 manat dəbbə pulu olmaqla, iki müqavilə üzrə cəmi 6905,26 manat borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 89,05 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xx.xx.2022-ci il tarixli, 005A********** saylı Kart kredit müqaviləsi üzrə əsas borca görə- 5429.34 manat, faiz borca görə-745.18 manat, dəbbə puluna görə-150 manat, xx.xx.2022-ci il tarixli 005KK**********01 saylı kredit müqaviləsi üzrə əsas borca görə- 487.40 manat, faiz borcuna görə- 78.34 manat, dəbbə puluna görə isə 15 manat olmaqla, cəmi 6905,26(altı min doqquz yüz beş manat iyirimi altı qəpik) manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 89,05(səksən doqquz manat beş qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinət vəasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar