Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2089/2022 14.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə yol-nəqliyyat hadisəsi nəticəsində Mercedes Benz ML55 minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 1640 manat, çəkdiyi əzab və iztirablara görə 200 manat mənəvi ziyan, vəkilə ödənilmiş 150 manat və ödənilmiş 40 manat dövlət rüsumu olmaqla, cəmi 2030 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, 06 mart 2022-ci ildə saat 20:30-da Cavabdeh idarə etdiyi Daewoo Gentra markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsində iddiaçının qanuni sahibliyində olan Mercedes Benz ML55 minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş, nəticədə iddiaçının avtomaşınının arxa buferini yararsız vəziyyətə salmışdır. Avtomaşına dəymiş zərərlə bağlı müvafiq qüsur aktı vardır. Qeyd edilən hadisə ilə bağlı Bakı şəhəri DYPİ-nin Yol Patrul Xidməti tərəfindən araşdırılma aparılmaqla TP ******* nömrəli qərar qəbul olunmuş və həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilmişdir. Yol-nəqliyyat hadisəsi Cavabdeh təqsiri nəticəsində baş vermişdir. Dəymiş zərər məbləğinin ödənilməsi barədə bir neçə dəfə cavabdehə müraciət edilsə də, cavabdeh məbləği ödəməkdən boyun qaçırmış, ödəmək üçün cəhd göstərməmişdir. Beləliklə, yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya dəymiş maddi zərər, yəni Mercedes Benz ML55 minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 1640 (min altı yüz qırx) manat, çəkilən əzab və iztirablara görə mənəvi ziyan 200 (iki yüz) manat, vəkilə ödənilmiş xərc 150 (yüz əlli) manat və 40 (qırx) manat dövlət rüsumu olmaqla, cəmi 2030 (iki min otuz) manat pul Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AD No 315512 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, MERCEDES BENZ ML55 minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. İş materiallarında olan ƏN-V seriyalı, 973500 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X1 Benz ML55 minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi İddiaçı etibar etmişdir. İş materiallarında olan İXP No ******* saylı inzibati xəta haqqında protokolun və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, 06 mart 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələri ilə təqsirli bilinərək, onun barəsində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, Mercedes Benz ML55 minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1640 manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2022-ci il tarixli, 9/6584 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı, Mercedes Benz ML 55 markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 990 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən ekspert rəyinə əsasən müəyyən edildi ki, 06 mart 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə cavabdehin təqsirli bilindiyi və hadisə nəticəsində iddiaçının sahibliyində olan avtomobilə maddi ziyanın vurulduğu mübahisə doğurmur. Dəymiş maddi ziyanın məbləğini dəqiq müəyyən etmək üçün ekspertiza keçirilmiş və ekspert rəyi alınmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, maddi ziyan barədə iddia tələbi ekspert rəyi ilə müəyyən edilmiş hissədə əsaslı hesab edilərək qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsi, qanunsuz hərəkət ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması, cavabdehin təqsirli olması barədə kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 8-ci bəndində izah olunmuşdur ki, mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə mülki işin hallarını, vəkilə görə ödəniş qəbzini, iddia tələbinin və göstərilən hüquqi xidmətin həcmini nəzərə alaraq, hüquqi yardımla bağlı xərcin 150 manat həddində təmin edilməsini ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən iddia qismən təmin olunduğundan, ekspertiza xərci İddiaçı və Cavabdeh arasında ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölünməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 990 (doqquz yüz doxsan) manat, hüquqi yardıma görə 150 (yüz əlli) manat, ödənilmiş dövlət rüsumuna görə 23 (iyirmi üç) manat olmaqla, cəmi 1163 (min yüz altmış üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə Cavabdeh 58 (əlli səkkiz) manat, İddiaçı 42 (qırx iki) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, ekspertiza xərci, SAP (XİİS) hesabı: X2, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-2089/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2089/2022
14.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver