Məhkəmə qərarları › İş №e-2(002)-2145/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2145/2023

11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2145/2023 11.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-in Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli RPZ-00015- 01/22A nömrəli kredit müqaviləsinə əsasən, kreditor borcalana bu müqavilədə nəzərdə tutulmuş qaydada 59 ay müddətinə, 18 faiz dərəcəsi ilə, 22.826 manat məbləğində kredit məbləğini verir, borcalan götürdüyü kredit məbləğini müqavilə ilə şərtləşdirilmiş qaydada kreditora verməyi öhdəsinə götürmüşdür.

2. Qeyd edilən kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən, Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə görə əsas borc 22826 manat məbləğində, 59 ay kredit müddəti müəyyən edilməklə 58 ay aylıq 586 manat, 59-cu ay 548.90 manat ödəniş məbləği müəyyən edilmişdir.

3. 11 avqust 2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixə qalıq borcu 22335.69 manat əsas borc, 1206.18 manat faiz borcu, cəmi 24.58 manat qalıq borcu olmaqla cəmi 23566.45 manat borcu mövcuddur.

İddia tələbi

6. İddiaçı Bank "xxxx" ASC-in Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmışxx.xx.2022-ci il tarixli RPZ- 00015-01/22Asaylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə ödənilməmiş 22335.69 manat əsas borc, 1206.18 manat faiz borcu, 174.58 manat dəbbə borcu, ümumilikdə 23716.45 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 161.15 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bank "xxxx"ASC ilə Cavabdeh arasında bağlanmışxx.xx.2022-ci il tarixli RPZ-00015-01/22Asaylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 59 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 22 826 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminlərə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

8. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 421.1, 427.3, 428.4, 442, 443, 445.2.1, 448.1, 448.2, 449.1, 449.3, 449.4, 462.1, 427.3ci maddələrinə istinad etmişdir.

9. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

7. İddiaçı məhkəmə iclasına ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasını olaraın iştirakı olmadan baxılmasını xahiş etmişdir.

9. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etdiyini və 150 manat ödəniş etdiyini bildirmişdir.

Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi

10. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

11. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

12. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

13. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

14. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

15. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

16. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

18. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

19. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

21. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

22. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

23. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

25. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

26. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

27. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

b) Əsaslandırma

29. İddia qismən əsaslıdır.

30. İşin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, RPZ-00015-01/22A saylı kredit müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, kreditin və kreditdən istifadəyə görə faizlərin brocalan tərəfindən borcverənə qaytarılması qayda bu müqavilənin tərkib hissəsi hesab edilən 1 saylı Əlavə (ödəniş cədvəlində) müəyyən olunur. Müqavilə üzrə lredit xətti kimi verilərsə kredit məbləği kreditin istifadə müddəti ərzində istənilən vaxt qaytarıla bilər, kredit üzrə faizlər isə hər növbəti ayın kreditin götürüldüyü günündən gec olmayaraq ödənilməlidir.

31. İddiaçı bank tərəfindən müqaviləyə əsasən cavabdehə 22.826 manat kredit verilmiş. Cavabdeh qeyd edilən məbləğdə kredit məbləğini 59 ay müddətində illik 18 faiz dərəcəsi ilə iddiaçı banka hər ay 586 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür.Lakin cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. İşə əlavə edilmiş qəbzdən görünür və Cavabdeh məxsus hesabdan xx.xx.2022-xx.xx.2023-cü il dövrünü əhatə edən çıxarış məlumatarından aydın olur ki, borcalan tərəfindən kredit borcu üzrə sonuncu dəfə, xx.xx.2023-cü il tarixdə - 150 manat ödəniş həyata keçirilmiş və həmin məbləğ dəbbə borcundan silinmişdir.

32. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışı və digər sənədlərdən göründüyü kimi, cavabdehin müqavilənin şərtlərini pozması nəticəsində hazırda qalıq borcunun məbləği 22.335,69 manat əsas borc və 1206,18 manat faiz borcu təşkil edir. Həmçinin, cavabdeh tərəfindən iddia tələbinə, hesablanmış borc məbləğinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə qeyd edilən halları əsas götürərək, cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır.

33. İddia tələbinin xx.xx.2022-cu il tarixli kredit müqaviləsinin ləğvi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RPZ- 00015-01/22A saylı kredit müqaviləsinin 3.1.1-ci bəndinə əsasən, borcverən borcalanın bu müqavilə üzrə öhdəliyinin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu Müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə, krediti qaytarıan günə hesablanmış faizlə birlikdə qaytarılmasını borcalandan tələb edə, tələb icra olunmadıqda tələbi təminata yönəldə bilər: a) borcalan krediti və ya faizlərin ödənilməsi dövriliyini il ərzində ən azı iki dəfə yaxud il ərzində ümumilikdə üç dəfə bə ya daha artıq pozduqda..

34. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən şərtini, eyni zamanda borclu tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halını nəzərə alıb hesab edir ki, Mülki Məcəllənin 412-424-cü maddəllərinə əsasən iddia tələbi həmin hissədə təmin edilməlidir.

35. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir.

36. Tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsi olan Əlavəyə əsasən, gecikmənin 4-cü günündən etibarən kedit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5 %-i məbləğində gündəlik cərimə hesablanır.

37. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış, lakin iddiaçı tələb irəli sürərkən cərimə borcunun məbləğini (174.58 manat) tənasübsüz surətdə yüksək müəyyən etmişdir. Məhkəmə hesab edir ki, 20 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak və əsaslı mənafelərini pozmur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir.

Məhkəmə xərcləri

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 161.15 manat məbləğində və 0,40 manat xidmət haqqı olmaqla dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 161.55 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 160.69 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir.

Nəticə

40. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, Bank "xxxx" ASC il Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 22335.69 manat məbləğində əsas borc, 1206.18 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 23561.87 manat məbləğində borc və ödənilmiş 160.69 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

41. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RPZ-00015- 01/22A saylı kredit müqaviləsi ləğv edilsin. Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RPZ-00015- 01/22A saylı kredit müqaviləsi üzrə Cavabdeh 22.335,69 manat məbləğində əsas borc, 1206,18 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 23.561,87 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 160.69 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar