Məhkəmə qərarları › İş №e-2(002)-2148/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2148/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2148/2023 13.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı MMC-in Cavabdeh Fəxrəddin oğluna qarşı müqavilə üzrə yaranmış borcun və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı MMC mülkiyyətində olan Toyota Prius (Hibrid) minik markalı **-AF-*** dövlət qeydiyyat nişanı olan avtomobilini təhvil-təslim aktı əsasında depozit almaqla və gündəlik icarə haqqı ödənilmək şərtilə icarəçi Cavabdeh Fəxrəddin oğluna təhvil vermişdir.

2. xx.xx.2022-ci il tarixli təhvil təslim aktına əsasən, “Toyota Prius” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı rəngi açıq yaşıl metallik avtomobil Cavabdeh Fəxrəddin oğluna təhvil verilmişdir.

3. 10.03.2023-cü il tarixli EQ13462351 №-li protokol ilə Cavabdeh Fəxrəddin oğlu Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə 40 AZN cərimə və 8.8 AZN dəbbə pulu olmaqla, cəmi 48.8 AZN cərimə edilmişdir.

4. 18.05.2023-cü il tarixli İXP5339361 №-li protokol ilə Cavabdeh Fəxrəddin oğlu Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə 20 AZN cərimə edilmişdir.

5. İddiaçı MMC tərəfindən Cavabdeh Fəxrəddin oğluna ünvanlanmış xx.xx.2023-ci il tarixli pretenziya məktubunun məzmunundan aydın olur ki, Cavabdeh Fəxrəddin oğlunun şirkət qarşısında borcu olduğunu, həmin borcun 3 gün ərzində ödənilməsinin tələb edildiyini, əks halda bununla bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir.

6. “X6” MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Toyota Prius” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 540 manat ziyan vurulmuşdur. İddia tələbi

7. İddiaçı MMC Cavabdeh Fəxrəddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehmüqavilə üzrə ödənilməmiş 1000 (bir min) manat (aprel ayı üzrə 11, may ayı üzrə 27, iyun ayı üzrə 2 gün) icarə haqqı, 68 (altmış səkkiz) manat inzibati cərimə borcu, 540 (beş yüz qırx) manat məbləğində avtomobilə vurmuş olduğu maddi zərər və 36 (otuz altı) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1644 manat tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən İddiaçı MMC ilə seriya nömrəsi AA******* olan şəxsiyyət vəsiqəsinin sahibi – fiziki şəxs Cavabdeh arasında 11 oktyabr 2022-ci il tarixində nəqliyyat vasitəsinin icarəsi müqaviləsi (reyestr №: 3M-2579) imzalanmışdır. Həmin müqaviləyə əsasən “İcarəyə verən (Revivals MMC) mülkiyyətində olan Toyota Prius (Hibrid) minik markalı 20AF260 dövlət qeydiyyat nişanlı avtomobilini təhvil-təslim aktı əsasında depozit almaqla və gündəlik icarə haqqı ödənilmək şərtilə İcarəçi Cavabdeh təhvil verir”. Müqavilənin 4.5-ci maddəsinə görə isə “Bu müqavilə üzrə göstərilmiş bütün öhdəliklər İcarəçi tərəfindən tam yerinə yetirildikdə və müqavilədə göstərilən 41 (qırx bir) ay üzrə İcarəçinin hər hansı icarə borcu, cəriməsi, digər öhdəlikləri olmadığı təqdirdə bu müqavilə üzrə icarəyə verilmiş avtomobil ayrıca müqavilə ilə İcarəyə verən tərəfindən icarəçiyə bağışlana bilər”. Nəqliyyat vasitəsinin icarəsi müqaviləsi (reyestr №: 3M- 2579) imzalandığı gün, yəni 11 oktyabr 2022-ci il tarixində İddiaçı MMC-nin əməkdaşı X3 ilə Cavabdeh arasında Azadlıq prospekti 132 ünvanında görüş olmuş vəToyota Prius (Hibrid) minik markalı 20AF260 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış keçirilikdən sonra “onun sazlığı” Cavabdeh tərəfindən təsdiq edilmiş və üstündə verilən digər hissələri (Təhvil-təslim aktında ətraflı qeyd olunmuşdur) də imzalanmaqla təhvil alınmışdır. Müqavilə qüvvədə olduğu müddət ərzində Cavabdehtərəfindən dəfələrlə icarə haqqı gecikmələri olmuş, ona yolhərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati cərimələr tətbiq olunmuşdur. Dəfələrlə ona əməkdaşlarımız tərəfindən telefon vasitəsilə şifahi xəbərdarlıq edilmiş ona müqavilə üzrə öhdəlikləri, icarə haqqının ödənilməsi barədə xəbərdarlıqlar edilmişdir. 2023-cü il aprel ayının 11-i (on bir) tarixindən Cavabdeh müqavilə üzrə nəinki ödənişləri etmir, hətta ona ünvanladığımız telefon zəngləri, telefon mesajları, votsap mesajlarını belə cavablandırmır. Şirkətimiz 1 (bir) təqvim ayından artıq müddətə 20AF260 dövlət qeydiyyat nişanlı, Toyota Prius (Hibrid) minik markalı nəqliyyat vasitəsindən xəbərsiz olmuşdur. Belə ki, Cavabdehtərəfindən analoji hərəkətlər (hərəkətsizliklər) davam etmiş 01 may 2023-cü il tarixində 11 oktyabr 2022-ci il tarixli müqavilənin 2.3.2-ci maddəsinin (Cari müqavilədə göstərilən qaydalara riayət etmədikdə İcarəçidən avtomobili geri almaqla müqaviləyə birtərəfli şəkildə xitam verə bilər) tələblərini rəhbər tutaraq həmin müqaviləyə və ona verilmiş notarial etibarnaməyə xitam verilmişdir. Avtomobilin geri qaytarılması və müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbi məqsədilə tərəfimizdən Cavabdeh aid olan +**********64 mobil nömrəsinə zənglər, votsap nömrəsinə mesajlar yazılsa da nəticə əldə olunmamışdır. Müəssisəmizin əməkdaşı avtomobilin zədələnməsi, onun məhv edilməsi, mənimsəmə və ya israf edilməsi ehtimallarını nəzərə alaraq, avtomobilin geri qaytarılması məqsədilə xx.xx.2023cü il tarixində Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polis İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə rəsmi olaraq müraciət etmişdir. Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin 3-13-50-1/2-S-4013 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə müraciətimiz cavablandırılmış və mülki qaydada məhkəmə orqanlarına müraciət etməyimiz tövsiyə olunmuş, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən isə sözügedən avtomobil saxlanılaraq cərimə meydançasına aparılmışdır. Avtomobil üzərində mülkiyyət hüquququmuzu təsdiq edən sənədlərlə sözügedən avtomobili cərimə meydançasından 03 iyun 2023-cü il tarixində təhvil almışıq. Yuxarıda qeyd etdiyimiz kimi Seyidov X2 MMC ilə aralarında imzalanmış 11 oktyabr 2022-ci il tarixində nəqliyyat vasitəsinin icarəsi müqaviləsinin şərtlərini kobud surətdə pozmuş və müqavilə üzrə 1000 (bir min) manat (aprel ayı üzrə 11, may ayı üzrə 27, iyun ayı üzrə 2 gün) icarə haqqı, 68 (altmış səkkiz) manat inzibati cərimə borcu yaranmış və avtomobil təhvil alındıqdan sonra 05 iyun 2023-cü il tarixində “X6” tərəfindən verilmiş “Qüsur Aktı” ilə müəyyən olunmuş 540 (beş yüz qırx) manat həcmində avtomobilə vurulmuş maddi zərər ödənilməmiş qalmışdır. Avtobomil qaytarılmamışdan öncə və sonrasında da tərəfimizdən dəfələrlə Cavabdeh zənglər edilmiş, mesajlar yazılmış amma qarşı tərəf telefon zənglərini açsa da cavab verməmiş, əksər vaxtlarda isə ümumiyyətlə zənglərimizi açmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixində RV- 008 nömrəli “pretenziya məktubu” ilə Cavabdeh müraciət edilmiş və ona verilmiş müddət ərzində hər hansı tələb yerinə yetirilməmişdir. Baxmayaraq ki, sözügedən pretenziya məktubu 13 may 2023-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

9. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 748-1.8, 748-1.9, 748-1.12, 748-7.1, 748-7.11-ci maddələrinə istinad etmişdir.

10. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı tərəfindən məhkəmə iclasına ərizə ünvanlanaraq iddia tələbini müdafiə edilmiş, məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.

12. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

13. 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

14. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

15. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

19. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

21. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

22. 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.

25. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

27. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

28. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

29. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

30. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

32. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

33. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

36. İddia əsaslıdır.

37. İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh Fəxrəddin oğlu arasında icarə müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır.

38. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sənədlər əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. İcarə obyekti qismində 2007-ci il buraxılışlı, “Toyota” markalı, Prius model, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış etmişdir. Həmin müqaviləyə əsasən icarə verən qismində çıxış edən iddiaçı icarə obyektini cavabdehin müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəinə götürmüş, icarəçi qismində çıxış edən cavabdeh isə bunun müqabilində hər gün 25 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən, avtomobilin icarə haqqının ödənilməsi müddəti 41 ay təşkil etmişdir.

39. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icarə verən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməsinə baxmayaraq, cavabdeh qismində çıxış edən icarəçi tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh Fəxrəddin oğluna “müqavilədən yaranan borc öhdəliklərinin yerinə yetirilməsi tələbilə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən ödənilməmiş icarə haqqının ödənilməsi təmin edilməmişdir.

40. Göründüyü kimi, cavabdeh tərəfindən icarə müqaviləsi üzrə icra etməli olduğu icarə ödənişləri vaxtında və lazımi qaydada icra edilməmiş, müqavilə şərtləri pozulmuşdur. Eyni zamanda cavabdeh məhkəmə araşdırması zamanı iddia tələbinə etirazını və etirazı əsaslandıran dəlillərini təqdim etməmişdir. Bununla da, cavabdehin iddiaçı qarşısında icarə müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsinə görə mülki hüquqi məsuliyyəti yaranmışdır.

41. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh Fəxrəddin oğlu icarə obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh Fəxrəddin oğlu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır. Odur ki, məhkəmə iddia tələbini ödənilməmiş 1000 manat icarə haqqının ödənilməsi hissəsində əsaslı hesab edir.

42. Bundan əlavə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Fəxrəddin oğlu **-AF-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobili icarə müqaviləsi əsasında idarə edərkən zərər vurmuşdur.

43. Məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6455 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh Fəxrəddin oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi və xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən tədqiqatın 1-3-cü sualları üzrə iş materiallarında olan “X6” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 2007-ci il buraxılışlı “Toyota” markalı, Prius model, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 540 manat müəyyən edilir. O cümlədən-dəyişməli hissənin qiyməti 410 manat, təmir-bərpa işlərinin qiyməti 130 manat.

44. Beləliklə, həmin avtomobilə dəymiş zərər 540 manat məbləğində müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş 540 manat maddi ziyanın ödənilməsi hissəsində də əsaslı olmaqla təmin edilməlidir.

45. İddia tələbinin inzibati cərimə borcu ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işə əlavə edilmiş qəbzlərdən göründüyü kimi, Cavabdeh Fəxrəddin oğlu İXM-in 346.1-ci maddəsi ilə 20 manat, İXM-in 327.1-ci maddəsi ilə 48,8 manat məbləğində inzibati cərimə olunmuşdur.

46. Məhkəmə "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktı və iş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli 9/6455 nömrəli ekspert rəyinə və qeyd edilən inzibati cərimə barədə qərarlara əsasən hesab edir ki, cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi ziyan vurulması və vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması halı sübut edilmişdir. Bununla da, hazırkı mülki iş üzrə cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması halı müəyyən edilmişdir. Məhkəmə xərcləri

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36 manat dövlət rüsumu, eyni zamanda ekspertiza xərcinin dəyəri olan 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə

49. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Fəxrəddin oğlundan 1000 manat icarə haqqı, 68 manat inzibati cərimə, 540 manat məbləğində avtomobilə vurmuş olduğu maddi zərər və 36 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-in xeyrinə ödənilməlidir.

50. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Fəxrəddin oğlundan 1000 manat icarə haqqı, inzibati cərimələrin əvəzi olaraq 68 manat, avtomobilə vurulmuş maddi ziyanın əvəzi olaraq 540 manat olmaqla, cəmi 1608 manat məbləğində pul vəsaiti və 36 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti Cavabdeh Fəxrəddin oğlundan tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X1, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar