Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2162/2025 17.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ünvan 1 ünvanda yerləşən 123 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1990-cı il tarixdən ailə üzvləri ilə birlikdə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ünvan 1 ünvanda yerləşən 123 saylı mənzildə hal-hazıradək qeydiyyatsız yaşayırlar. Sözügedən mənzil 1990-cı il tarixədək order əsasında icarədar xx.xx.1948-ci il təvəllüdlü X3 istifadəsində olmuşdur, lakin 1990-cı il tarixdə İddiaçı Lidiya Tarasova ilə razılığa gələrək həmin mənzili alğı-satqı yolu ilə almış, lakin sənədləşdirilmə işləri qanuna müvafiq qaydada aparılmadığından həmin mənzilə dair order İddiaçı təqdim edilməmişdir. Həmin mənzilə dair hüquqmüəyyənedici sənədlərin alınmasına dair dövlət orqanlarına sorğu verilmiş, lakin bir neçə sorğu barədə natamam cavablar verilmiş, digər sorğular isə hüquqmüəyyənedici sənədlərin olub-olmaması barədə tam şəkildə cavablandırılmamışdır. Sözügedən Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ünvan 1 ünvanda yerləşən 123 saylı mənzildə iddiaçı ailə üzvləri ilə birlikdə 1990-cı il tarixdən yaşayır, həmin mənzildə birgə təsərrüfat aparılıb, 35 il müddət ərzində mənzil iddiaçı tərəfindən dəfələrlə təmir olunub, bu müddət ərzində kommunal xərclər iddiaçı tərəfindən ödənilib, həmçinin mənzildə bu günədək heç kim qeydiyyatda olmayıb və iddiaçı hal-hazırda həmin mənzildə yaşamaqla mənzildən istifadə edir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 123 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd olunur ki, İddiaçı Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ünvan 1 ünvanda yerləşən 123 saylı mənzildə 1990-cı il tarixdən qeydiyyatsız yaşayır. Bu səbəbdən, iddiaçı hesab edir ki, ailə üzvləri ilə birlikdə yaşadığı sözügedən mənzil yeganə yaşayır yeri olduğundan həmin mənzilə yaşayış hüququ tanınmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi məhkəməyə iddiaya etiraz göndərmişdir. İddiaya etirazda qeyd olunmuşdur ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 5D saylı ev dövlət mənzil fonduna aid olmaqla Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və 124 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir. İddia tələbi tam əsassızdır. Belə ki, İddiaçı Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ünvan 1 mənzil 123-də yaşamayıb. 124 saylı MKİS-də saxlanılan qeydiyyat-uçot kitablarından görünür ki, həmin mənzilin icarəçisi X1b. O, bu mənzilə xx.xx.1986-cı il tarixdə qeydiyyata düşmüşdür, lakin neçənci ildən qeydiyyatdan çıxması və hara köçməsi barədə məlumat yoxdur. Sonradan həmin mənzil İddiaçı Qubadlı rayonundan məcburi köçkün düşmüş valideynləri tərəfindən zəbt olunmuşdur. İddiaçı ailəsi ilə birgə bu mənzildə bir gün belə yaşamayıb. Əgər şəxs bu mənzildə yaşamayıbsa və hər hansı bir hüquqmüəyyənedici sənədi yoxdursa, onun bu mənzilə istifadə hüququ yaranmır. Qeydiyyat-uçot kitablarından görünür ki, iddiaçının qeydiyyatı bacısı X2 istifadəsində olan Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ünvan 1 mənzil 121-dir və o, həmin mənzilə xx.xx.2011-ci il tarixdə qeydiyyata düşmüşdür. Bundan öncə iddiaçının qeydiyyatı 2003-cü ildən Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 3D saylı evin 20 saylı mənzilində, 2004-cü ildə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 3D saylı evin 12 saylı mənzili olmuşdur. Məlumat üçün bildirirlər ki, İddiaçı uzun müddət Müşfiqabad bələdiyyəsinin üzvü və sədri olub. Qəsəbənin mərkəzində, 320 saylı orta məktəbin yanında onun şəxsi evi vardır. Halhazırda İddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşayır. Hesab edirlər ki, iddiaçının mübahisə predmeti olan mənzilə dair istifadə hüququ tanına bilməz. Cavabdeh Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaya etirazın məzmununa əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdeh Qaradağ rayon MKTB-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materialarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhər İcra Hakimiyyəti MKTD-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı yaşayış sahəsinin adına rəsmiləşdirilməsi barədə müraciətinə baxılmışdır. Bildirilmişdir ki, dövlət mənzil fondu evlərində yaşayış sahəsinin kirayə müqaviləsi, yaşayış sahəsi orderi əsasında bağlanır. Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Şamaxı yolu 5D saylı evin 123 saylı mənzilinin onun istifadəsinə verilməsi barədə order təqdim edilmədiyindən İddiaçı xahişini təmin etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 10 iyun 2025-ci il tarixli məktubundan görünür ki, X5 ünvan 2 ünvanda faktiki məskunlaşmışdır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 04 iyul 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1948-ci il təvəllüdlü X3 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 05 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx.xx.1948-ci il təvəllüdlü X3 2001-ci ilə qədər dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. xx.xx.1948-ci il təvəllüdlü X3 xx.xx.2002-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Göründüyü kimi, iddiaçı hazırda iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Vurğulanmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Göründüyü kimi, şəxsin daşınmaz əmlakdan və torpaq sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Bu cür qeydəalmanın əsası qanunvericilikdə aydın şəkildə qeyd olunmuşdur (alğı-satqı müqavilələri, bağışlama müqavilələri, mənzil dəyişmə orderləri, orderlər və s.). Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, mübahisə predmeti olan mənzilin icarəçisi X4muş, mənzilə xx.xx.1986-cı il tarixdə qeydiyyata alınmış, sonradan başqa yaşayış yerinə köçmüşdür. Keçmiş icarəçi qeydiyyatdan çıxması və hansı ünvana köçməsi barədə məlumat verməmişdir. Mənzilə dair iddiaçı ilə hüquq sahibi olan cavabdeh arasında hər hansı kirayə müqaviləsi bağlanmamış, adına order verilməmiş, eləcə də iddiaçı həmin mənzildə yaşamamışdır. İddiaçının özünə məxsus şəxsi evi olmaqla, şəxsi evində yaşayır. Müxtəlif vaxtlarda fərqlifərqli ünvanlarda qeydiyyata alınmış iddiaçının iddia predmeti olan mənzildən istifadə hüququnun tanınması üçün heç bir qanuni əsas mövcud deyil. İddiaçının adına həmin mənzilə istifadə hüququnun qeydə alınması üçün heç bir hüquqmüəyyənedici sənəd verilməmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan göründüyü kimi, iddiaçının Dövlət mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququnun tanınması üçün heç bir əsas yoxdur. Bu səbəbdən, iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-2162/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2162/2025
17.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver