Məhkəmə qərarları › İş №e-2(002)-2175/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2175/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2175/2023 04.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" KB Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2014-cü il tarixli 1xx/xx/126044/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 590,44 manat məbləğində əsas borc, 383,11 manat məbləğində faiz borcu, 699,67 manat məbləğində cərimə, 171,20 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 1844,42 manat məbləğində borc pul vəsaitinin, 38,45 manat dövlət rüsumunun Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı iddia ərizəsini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında 12 noyabr 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/126044/14 saylı müqavilə bağlanmış, bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 2090 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 590,44 manat məbləğində əsas borc, 383,11 manat məbləğində faiz borcu, 699,67 manat məbləğində cərimə, 171,20 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 1844,42 manat məbləğində borcu qalmışdır. Kredit müqaviləsinin 4.4.5-ci bəndində göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək borcalanın vəzifəsidir. Kredit müqaviləsinin 4.4.8-ci bəndinə əsasən, müqavilə şərtlərini tam və vaxtında icra etmək borcalanın vəzifəsidir. Bundan əvvəl, Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(002)-2966/2019 saylı qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəflərindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla yanaşı, iş materiallarından görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, onunla Qapalı Səhmdar Cəmiyyəti "xxxx" KB arasında bağlanmış 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2016-cı ilə qədər ödənişlər etmişdir, lakin sonradan bank bağlanmış və buna görə də ödənişlər edə bilməmişdir. Həmin vaxtdan 7 (yeddi) il keçib, iddiaçı iddia müddətini ötürdüyünə görə iddia tələbinin rədd edilməsini xahiş edir. Həmçinin, restruktruzasiya barədə bank tərəfindən ona heç bir məlumat verilməmişdir. Bütün bu halları nəzərə alaraq, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 25% hesablanmaqla 2090 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 27 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilə müddəti xx.xx.2016-cı il tarixdə başa çatmış Cavabdeh Ləğv prosesində olan QSC "xxxx" KB-na 22 sentyabr 2022-ci il tarixə 590,44 manat məbləğində əsas borc, 383,11 manat məbləğində faiz borcu, 699,67 manat məbləğində cərimə, 171,20 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 1844,42 mnat manat borcu yaranmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2966/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış, müqavilənin icra müddəti xx.xx.2016-cı il tarixdə başa çatmışdır. İddiaçının hazırki iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh borclu iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etmişdir. Qeyd olunanlara və mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf müqavilə üzrə icra müddətinin bitməsindən 7 (yeddi) ilə yaxın vaxt keçdikdən sonra iddia qaldırdığından və iddia müddətini ötürdüyündən, habelə cavabdeh borclu məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etdiyindən iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə, əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bundan əlavə, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun 2019cu ilin dekabrın 31-də başa çatması halı, yalnız iddia müddətinin axımının qeyd olunan tarixədək dayandırılması kimi qiymətləndirilə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 379.1.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə, iddia müddətinin axımı dayandırılır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən, müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə iclasında müəyyən edildi ki, müqavilə üzrə icra müddəti xx.xx.2016-cı il tarixdə başa çatmış, 1-ci dəfə iddia ərizəsi xx.xx.2019-cu il tarixdə baxılmamış saxlanılmış, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə restrukturizasiya məqsədilə müraciətlər üçün müəyyən edilmiş müddət xx.xx.2019-cu il tarixdə başa çatmış, 2-ci dəfə iddia ərizəsi isə icra müddətinin başa çatmasından 7 ilə yaxın, iddia ərizəsinin baxılmamış saxlanılmasından 4 ilə yaxın, 28 fevral 2019-cu il tarixli Fərmanı ilə restrukturizasiya məqsədilə müraciətlər üçün müəyyən edilmiş müddətin başa çatmasından 4 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə daxil olmuşdur. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia müddəti ötürüldüyündən, iddia təmin edilməməlidir. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, iddia təmin edilmədiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar