Məhkəmə qərarları › İş №e-2(002)-2226/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2226/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2226/2025 01.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.569,22 manat əsas borc, 365,60 manat faiz və 100 manat cərimə olmaqla, cəmi 5.034,82 manat pul vəsaitinin və 70,40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 12 iyun 2024-cü il tarixli ACAM2-14846-3763 saylı kredit müqaviləsinə əsasən ikinciyə illik 26 %-lə 24 ay müddətinə 5.500 manat kredit verilmiş, aylıq 297 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 arasında 12 iyun 2024-cü il tarixli ACAM2-14846-3763 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" BOKT MMC məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Kredit müqaviləsinin 3.1.4.1-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədikdə kredit birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kredit ödənilməli olan hissəsinin 1 %-i miqdarında dəbbə pulu tətbiq edilə bilər. İddiaçı "xxxx" BOKT MMC məhkəməyə ərizə göndərərək, mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirdi ki, həqiqətən "xxxx" BOKT MMC-dən kredit almışdır. Əvvəllər kredit müqaviləsi üzrə öhdəliklərini icra etmişdir. Əmək fəaliyyəti ilə məşğul olmuşdur. Sonradan aliment borcu olduğundan barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş, 10 gün həbs olunmuşdur. Bundan sonra işini itirmişdir. Bu səbəbdən, krediti ödəyə bilməmişdir. Hazırda da işsizdir və ödəniş etmək iqtidarında deyil. Amma hər bir halda kredit müqaviləsi üzrə borcunu etiraf edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etdi, Cavabdeh1 izahatına əlavəsinin olmadığını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında 12 iyun 2024-cü il tarixdə ACAM2-14846-3763 saylı kredit müqaviləsi bağlanmış və BOKT tərəfindən borclu Cavabdeh1 illik 26 %-lə 24 ay müddətinə 5.500 manat kredit verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh1 "xxxx" BOKT MMC-yə yuxarıdakı kredit müqaviləsi üzrə 4.569,22 manat əsas borc, 365,60 manat faiz və 100 manat cərimə olmaqla, cəmi 5.034,82 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, borc alan Cavabdeh1 yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" BOKT MMC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2025-ci il tarixli 362/HO-OUT saylı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, kredit öhdəliklərinin icra edilməsini borcludan tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 70,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 4.569,22 manat əsas borc, 365,60 manat faiz və 100 manat cərimə olmaqla, cəmi 5.034,82 manat pul vəsaiti və 70,40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4.569,22 manat əsas borc, 365,60 manat faiz və 100 manat cərimə olmaqla, cəmi 5.034,82 manat pul vəsaiti və 70,40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar