Məhkəmə qərarları › İş №e-2(002)-2357/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2357/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2357/2022 12.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 6441.06 manat məbləğində əsas borcun, 1375.51 manat məbləğində faiz borcunun, 186.55 manat məbləğində cərimə borcunun, cəmi 8003.12 manat borcun və 101 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 24% olmaqla 7000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına ərizə ünvanlayaraq,onların iştirakı olmadan baxılmasınıvə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək,iddia tələbini qəbul edərək, bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: 21 aprel 2021-ci il tarixli CP/21262/80/1 nömrəli kredit Sazişinin məzmunundan görünür ki, Bank of Baku” ASC Cavabdeh 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 7000 manat məbləğində pul vəsaitini kredit verməyi, borcalan Cavabdeh isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürür, X1 zamin qismində çıxış etməklə, həmin müqavilə üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. 1 №li Ödəniş cədvəlinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış kredit müqaviləsi üzrə Cavabdeh 36 ay müddətində hər ay 274.63 manat məbləğində ödəniş etməklə, 7000 manat məbləğində krediti qaytarmağı öhdəsinə götürmüşdür. 3007 №li xx.xx.2021-ci il tarixli Kassa Məxaric orderinin məzmunundan aydın olur ki, Cavabdeh 7000 manat məbləğində krediti təhvil almışdır. xx.xx.2022-ci il tarixli bildirişin məzmunundan görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh banka olan borcunu 3 iş günü ərzində ödəməyi tələb etmiş, əks halda bununla ağlı məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 6441.06 manat əsas borcu,1375.51 manat faiz borcu və 186.55 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 7000 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin kredit məbləğini 36 ay müddətində hər ay 274.63 manat məbləğində ödəniş etməklə həmin krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, Bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hazırki mülki iş üzrə kredit borcunu həm əsas, həm faiz borcu hissəsində ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında bağlanılmış müqavilələrin şərtlərinə əsasən hesablanmış cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olmaqla, ədalətli olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. Həmçinin, məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki, iddia tələbi xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində də təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 101 manat məbləğində dövlət rüsumu ödənilməsinə dair qəbz iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 101 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə hesablanmış əsas borc və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 6441.06 manat məbləğində əsas borcu, 1375.51 manat məbləğində faiz borcu və 186.55 manat cərimə borcu olmaqla, ümumilikdə 8003.12 manat məbləğində borc və ödənilmiş 101 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 6441.06 manat məbləğində əsas borcu, 1375.51 manat məbləğində faiz borcu və 186.55 manat cərimə borcu olmaqla, ümumilikdə 8003.12 manat məbləğində borc və ödənilmiş 101 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar