Məhkəmə qərarları › İş №e-2(002)-2367/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2367/2024

03.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2367/2024 03.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur (xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ 665740 və xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV 108570 nömrəli doğum haqqında şəhadətnamə).

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-316/2022 saylı qətnaməsi ilə, cavabdeh X3 xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 193 manat olmaqla, hər ay cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. İddia tələbi

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-316/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılaraq bir uşaq üçün 235 manat olmaqla cəmi 470 manat müəyyən edilməsi, həmin alimentin və mediasiya xərclərinə görə ödənilmiş 60 manatın Cavabdeh tutularaq iddiaçı Abdullayeva (əvvəlki Ağamirzəyeva) Günel Hüseyn qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı Abdullayeva (əvvəlki Ağamirzəyeva) Günel Hüseyn qızı Cavabdeh ilə 19 iyun 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində akt qeydləri kitabında 1603 nömrəsi ilə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-316/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, azyaşlı uşaqlar analarının yanında saxlanması və cavabdehdən hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı övladları ilə birlikdə hal-hazırda atasına məxsus olan yaşayış evində yaşayırlar və onların bütün maddi xərclərini iddiaçının valideyinləri ödəyir. Uşaqlar böyüyüb, maddi təlabatları artıb. Lakin tərəflər alimentin məbləğinin razılıqla artırılması barədə nə mediasiya təşkilatında, nə də öz aralarında razılaşmamışdır. Cavabdehin qazancı isə çox yaxşıdır. Məhkəmənin təyin etdiyi aliment miqdarı indiki dövrdə uşaqların saxlanılması üçün kifayət etmir. Bundan əlavə həmin vaxtdan bəri ölkədə iki dəfə uşaqlar üçün yaşayış minumumu dəyişdirilmişdir. Alimentin artırılması ilə bağlı cavabdehə təklif göndərilmiş, təklifə 10 gün ərzində cavab verilmədiyindən Mediasiya Şurasının Bakı şəhəri 2 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. Cavabdeh Mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət etməli olduq. Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Bütün bunlarla əlaqədar aliment miqdarının artırılması zərurəti yaranmışdır. Azyaşlı uşaqların təhsilini başa vurması, gələcəyini qurması üçün alimentin miqdarının qanunvericiliyin tələblərinə uyğun şəkildə artırılması vacib haldır.

5. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikasında 2024-cü il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir.

6. İddia tələbinə yazılı etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

7. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

8. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etdiyini, hər ay 470 manat aliment ödəyə biləcəyini bildirmişdir.

9. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizə yazaraq xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Konstitusiyası:

10. 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

11. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiya:

12. 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya:

13. 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:

14. 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

15. 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.

16. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

17. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

18. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

19. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

20. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

21. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

23. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

24. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

25. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

27. İddia əsaslıdır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin mübahisəsiz halları bundan ibarətdir ki, məhkəmə qətnaməsi əsasında tərəflərin birgə nikahından doğulmuş X5 və X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə bir uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı uşağın gündəlik xərcinin artmasın, yaşayış minimumu məbləğinin artmasını, uşağın xərclərinin gün-gündən artmasını əsas götürərək alimentin artırılması tələbi irəli sürmüşdür.

29. Yuxarıda sadalanan milli və beynəlxalq hüquq normalarının tələbinə əsasən, valideynlər uşağın saxlanmasına borcludurlar. Ailə qanunvericiliyi alimentin məbləğinin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir.

30. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

31. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Bu hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

32. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, indiki halda aliment öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin maddi vəziyyətində hər hansı mənfi dəyişikliyin müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, cavabdeh əvvəlki məhkəmə qətnamələri ilə müəyyən edilmiş alimenti ödəyir. Məhkəmə onu da qeyd edir ki, yalnız yaşayış minimumu məbləğinin artması halı alimentin miqdarının artırılması üçün mütləq əsas qismində çıxış etməsə də, tərəflərin birgə nikahından doğulmuş uşaqların hər gün artan xərcləri, təhsili və digər əsaslar birlikdə qiymətləndirildikdə aliment miqdarının artırılması üçün əsasların yaranması aydın olur.

33. Göstərilənlərə əsasən, məhkəmə 2024-cü il üçün ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğunu, uşağın üstün mənafeyini və onu təminat səviyyəsini əsas götürərək, uşaqların əvvəlki təminat səviyyəsinin indiki halda müvafiq qanunla uşaqlar üçün müəyyən edilmiş ölkə üzrə yaşayış minimum məbləği ilə müqayisə edərək, bu fərqin uşaqların təminat səviyyəsinə əhəmiyyətli dərəcədə təsirinin olması halını, habelə uşaqların böyüdülməsi və saxlanması ilə əlaqədar daim artan normal qidalanması, geyimi, təhsili, sağlamlığının qorunması və sair tələbatlarının ödənilməsinin təmin edilməsi zərurətini, nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, hər iki uşağa görə cəmi 470 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

35. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

36. Həmin qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

37. Məhkəmə hazırkı tələb üzrə ödənilməli olan dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən 76.4 manat təşkil etməsini, iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu və iddianın təmin edilməsini əsas götürərək qeyd edir ki, iş üzrə ödənilməli olan 76.4 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir.

38. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

39. Hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddiaçı dövlət rüsumundan azad edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat ödəniş etmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində 60 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

40. İddiaçının çəkdiyi mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması ilə bağlı tələbinə münasibətdə məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, iddia təmin edildiyi üçün “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən 60 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə

41. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş beynəlxalq və milli qanunvericilik normalarına uyğun toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırlaraq, Cavabdeh hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməli, iş ödənilməli olan 76.4 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir.

42. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-316/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin miqdarı artırlaraq, Cavabdeh hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilməli olan 76.4 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar