Məhkəmə qərarları › İş №e-2(002)-2404/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2404/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2404/2022 24.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrin (ərizələrin) ləğv edilməsi; Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2020-ci il tarixli müqavilə (ərizə) üzrə İddiaçı QSC-nin xeyrinə 4.225 manat 49 qəpik kredit borcu, 368 manat 32 qəpik faiz və 821 manat 25 qəpik cərimə olmaqla, cəmi 5.415 manat 06 qəpik məbləğində borcun; Cavabdeh1 xx.xx.2021-ci il tarixli müqavilə (ərizə) üzrə 2.213 manat 33 qəpik kredit borcu, 289 manat 73 qəpik faiz və 526 manat 48 qəpik cərimə olmaqla, cəmi 3.029 manat 54 qəpik məbləğində borcun və ödənilmiş 104 manat 45 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli müqaviləyə (ərizəyə) əsasən, bankın internet səhifəsində yerləşdirilmiş «Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri», Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə (ərizəyə) əsasən, Cavabdeh1 24 ay müddətinə, aylıq 1,6667 % olmaqla, 9.000 manat kredit verilmişdir. O, dəfələrlə ödənişləri yubatmış, ödənilməsi planlaşdırılmış aylıq üçün xx.xx.2021-ci il tarixdən kredit borcu və faizdən ibarət vəsaiti qaytarmamışdır. Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.1-ci bəndinə əsasən kreditin valyutası, məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti və məqsədli təyinatına dair şərtlər, eyni zamanda girov predmeti barədə məlumatlar müvafiq ərizədə qeyd olunur. Cavabdeh1 götürdüyü kredit borcundan 4.774 manat 51 qəpik ödəniş etmiş və onun iddiaçıya 4.225 manat 49 qəpik məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcunu və faizi kreditora qaytarmadığından xx.xx.2022-ci il tarixə 231 gün üçün hesablanmış faiz 368 manat 32 qəpik təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 231 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 821 manat 25 qəpik təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləsini vaxtından əvvəl ləğv etmək və borc məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Cavabdeh1 götürdüyü kredit üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 oğlu zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bundan başqa, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə (ərizəyə) əsasən, bankın internet səhifəsində yerləşdirilmiş «Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri», Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə (ərizəyə) əsasən, Cavabdeh1 24 ay müddətinə, aylıq 1,5 % olmaqla, 3.000 manat kredit verilmişdir. O, dəfələrlə ödənişləri yubatmış, ödənilməsi planlaşdırılmış aylıq üçün xx.xx.2021-ci il tarixdən kredit borcu və faizdən ibarət vəsaiti qaytarmamışdır. Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.1-ci bəndinə əsasən kreditin valyutası, məbləği, kreditin faiz dərəcəsi, kreditin müddəti və məqsədli təyinatına dair şərtlər, eyni zamanda girov predmeti barədə məlumatlar müvafiq ərizədə qeyd olunur. Cavabdeh1 götürdüyü kredit borcundan 786 manat 67 qəpik ödəniş etmiş və onun iddiaçıya 2.213 manat 33 qəpik məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcunu və faizi kreditora qaytarmadığından xx.xx.2022-ci il tarixə 269 gün üçün hesablanmış faiz 289 manat 73 qəpik təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 269 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 526 manat 48 qəpik təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləsini vaxtından əvvəl ləğv etmək və borc məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmiş, məhkəməyə gələ bilməməsinin məhkəmə mübahisələrinin çox olması və bütün məhkəmə iclaslarında fiziki cəhətdən iştirak etməyin qeyri-mümkün olması ilə bağlı olduğunu bildirmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan (kredit müqavilələrindən (ərizələrdən), maliyyə arayışından və s.) görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli müqaviləyə (ərizəyə) əsasən, bankın internet səhifəsində yerləşdirilmiş «Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri», Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə (ərizəyə) əsasən, Cavabdeh1 24 ay müddətinə, aylıq 1,6667 % olmaqla, 9.000 manat kredit verilmişdir. Qeyd olunan müqavilə üzrə Cavabdeh1 ödənişləri yubatmış, ödənilməsi planlaşdırılmış aylıq üçün xx.xx.2021-ci il tarixdən kredit borcu və faizdən ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan yalnız 4.774 manat 51 qəpik ödəniş etmiş və onun iddiaçıya 4.225 manat 49 qəpik məbləğində kredit borcu qalmışdır. xx.xx.2022-ci il tarixə bank tərəfindən 368 manat 32 qəpik faiz və 821 manat 25 qəpik cərimə hesablanmışdır. Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə (ərizəyə) əsasən, bankın internet səhifəsində yerləşdirilmiş «Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri», Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə (ərizəyə) əsasən, Cavabdeh1 24 ay müddətinə, aylıq 1,5 % olmaqla, 3.000 manat kredit verilmişdir. Qeyd olunan müqavilə üzrə Cavabdeh1 ödənişləri yubatmış, ödənilməsi planlaşdırılmış aylıq üçün xx.xx.2021-ci il tarixdən kredit borcu və faizdən ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan yalnız 786 manat 67 qəpik ödəniş etmiş və onun iddiaçıya 2.213 manat 33 qəpik məbləğində kredit borcu qalmışdır. xx.xx.2022-ci il tarixə bank tərəfindən 289 manat 73 qəpik faiz və 526 manat 48 qəpik cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 yuxarıda qeyd olunan müqavilələr üzrə İddiaçı QSC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zaminləri xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 104 manat 45 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə bağlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələr (ərizələr) ləğv edilməli; xx.xx.2020-ci il tarixli müqavilə (ərizə) üzrə 4.225 manat 49 qəpik kredit borcu, 368 manat 32 qəpik faiz və 80 manat cərimə olmaqla, cəmi 4.673 manat 81 qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı; xx.xx.2021-ci il tarixli müqavilə (ərizə) üzrə 2.213 manat 33 qəpik kredit borcu, 289 manat 73 qəpik faiz və 50 cərimə olmaqla, cəmi 2.553 manat 06 qəpik məbləğində borc və ödənilmiş 104 manat 45 qəpik dövlət rüsumu Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, birinci müqavilə üzrə 70 manat dəbbə pulu, ikinci müqavilə üzrə 50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə bağlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələr (ərizələr) ləğv edilsin. xx.xx.2020-ci il tarixli müqavilə (ərizə) üzrə 4.225 manat 49 qəpik kredit borcu, 368 manat 32 qəpik faiz və 80 manat cərimə olmaqla, cəmi 4.673 manat 81 qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulsun. xx.xx.2021-ci il tarixli müqavilə (ərizə) üzrə 2.213 manat 33 qəpik kredit borcu, 289 manat 73 qəpik faiz və 50 manat cərimə olmaqla, cəmi 2.553 manat 06 qəpik məbləğində borc və ödənilmiş 104 manat 45 qəpik dövlət rüsumu Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar