Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2433/2024 29.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 03 iyun 2024-cü il tarixinə yaranmış borcu aşağıdakı kimidir: - cəmi borcu 7137.50 manat- bundan 2633.43 manat əsas, 1455.07 manat faiz, 2667.16 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanana illik faiz dərəcəsi 381.84 manat.
2. LPO İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda göstərilmişdir ki, sonuncunun xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-ci il tarixinə 2633.43 manat məbləğində əsas borc, 1455.07 manat məbləğində faiz borcu, 2667.16 manat məbləğində cərimə borcu, AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 377.77 manat faiz məbləği, ümumilikdə isə 7233.43 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə 7133.43 AZN məbləğində borcun ödənilməsini 3 gün ərzində təmin edilməsi ondan tələb olunmuşdur. İddia tələbi
3. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 2.633,43 (iki min altı yüz otuz üç manat 43 qəpik) Manatəsas borcun və iş üzrə ödənilmiş 46,34 (qırx altı manat 34 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeharasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 7.700 (yeddi min yeddi yüz) Manat məbləğində kredit verilmişdir. Hazırda Bank tərəfindən Müqavilələr və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASC-in lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olmuşdur. Qeyd edilən sənədlərin məlum səbəblərdən məhkəməyə təqdim edilməsi mümkün olmasa da, 7.700 Manat məbləğində pulun bankın kassasından alınmasını təsdiq edən kassa-məxaric orderi mötəbər sübut hesab olunaraq cavabdehin bütün hallarda Bank qarşısında öhdəliyinin yarandığını əks etdirir. xx.xx.2014-cü il tarixli 8/2/68693445 AZN nömrəli Kassa məxaric orderindən görünür ki, xx.xx.2014-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 7.700 Manat məbləğində pul verilmiş, cavabdeh isə kassa məxaric orderini imzalamaqla yanaşı həmin məbləğin alınması barədə 7.700 Manat məbləğində pulun götürülməsini təsdiq etmişdir. Azərbaycan Respublikası Milli X5 10 aprel 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili qaydalarının 7.2-ci bəndinə əsasən nağd pulun məxarici “pul çekləri”nə və kassa məxaric orderinə əsasən həyata keçirilir. Cavabdeh ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tamyerinə yetirməmişdir. Cavabdeh tərəfindən müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə kredit ödənişlərinin ödənilməsi iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışda öz əksini tapır. Qeyd edilən hallar cavabdehin həqiqətən öz iradəsi ilə kredit müqaviləsi bağlamasına, müqavilə üzrə öhdəlikləri qəbul etməsinə və iddia ərizəsində qeyd edilən dəlillərin əsaslı olmasına dəlalət edir. Göründüyü kimi, cavabdeh kredit ödənişləri etməklə dolayı yolla iddiaçı Banka kredit borcunun olmasını etiraf etmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X4rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir. xx.xx.2024-cü il tarixə Cavabdeh kredit üzrə əsas borcu 2.633,43 (iki min altı yüz otuz üç Manat 43 qəpik) Manat təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilir.
5. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 421.2, 421.1, 427.3, 428.4, 442, 443, 445.2.1, 448.1, 448.2, 449.1, 449.3, 449.4, 462.1, 427.3-ci maddələrinə istinad etmişdir.
6. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəmə iclasına ərizə ünvanlanaraq iddia tələbini müdafiə etdikləri və məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
8. Cavabdehə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
9. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
10. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
11. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
12. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
13. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
14. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
15. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
16. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Əsaslandırma
19. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri).
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
22. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir.
23. Mülki prosessual qanunvericiliyə görə mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
24. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,s übutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
25. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri).
26. Göstərilənlərdən əlavə məhkəmə qeyd edir ki, Ali Məhkəmədə oxşar mübahisələr üzrə çıxarılmış qərarlarda MPM-in 77.1-ci maddəsinə əsasən, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir (Ali Məhkəmənin 2(102)-1113/2021, 2(102)-2906/2021, 2-2(102)-239/2021, 2-2(102)- 402/2022 və 2(102)-546/2023 nömrəli işlər üzrə qərarları).
27. Bununla da, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 79-1-ci maddəsinin ikinci hissəsinin müddəalarına əsasən, Ali Məhkəmənin 2-2(102)-575/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə oxşar işlər üzrə vahid məhkəmə təcrübəsi formalaşmış hesab edilmişdir.
28. Həmin qərarda Ali Məhkəmə qeyd etmişdir ki, hesabdan çıxarış iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəd olduğundan, həmçinin nə hesabdan çıxarışda, nə də kassa mədaxil orderlərində iddiaçının istinad etdiyi kredit müqaviləsinə istinad edilmədiyindən, iddiaçının təqdim etdiyi hesabdan çıxarış və kassa mədaxil orderləri həmin halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probatio (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Makhmudov v. Russia, № 35082/04, § 68, 26 iyul 2007-ci il). Qeyd edilən prinsip universal olaraq hazırkı iş üzrə araşdırma qaydasına tətbiq olunmalıdır.
30. Hazırkı işin mübahisəsiz və sübuta yetirilmiş halı ondan ibarətdir ki, sübut etmək vəzifəsinə uyğun olaraq, iddiaçı kredit müqaviləsini, o cümlədən 7.700 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir
31. İddiaçı öz dəlillərini əsaslandırmaq üçün sübutları təqdim edə bilmədiyi halda, cavabdeh üzərində əks dəlilləri əsaslandırmaq üçün sübut təqdim etmək öhdəliyinin müəyyən edilməsi, ilk növbədə, tərəflərin bərabərliyi prinsipinə, ümumiyyətlə MPM-də əks etdirilmiş ədalət mühakiməsinin prinsiplərinə sığışmır.
32. Bu baxımdan, tərəflər arasında MM-in 739.1 və 739.2-ci maddələrinin tələblərinə uyğun kredit müqaviləsinin bağlanılması və cavabdehə həmin kredit müqaviləsi üzrə borcun verilməsi sübut olunmadığına görə tərəflər arasında MM-in 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Məhkəmə xərcləri
33. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 46.34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia təmin edilmədiyindən və hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 46.34 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
34. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddiaçı LPO İddiaçı ASC-nin cavabdeh X1 qarşı cəmi borcu 2.633,43 (iki min altı yüz otuz üç manat 43 qəpik) manat əsas borcun və iş üzrə ödənilmiş 46,34 (qırx altı manat 34 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova