Məhkəmə qərarları › İş №e-2(002)-2490/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2490/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2490/2024 02.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh Hüseynağa oğluna qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hüseynağa oğlundan iddiaçının xeyrinə ümumlikdə 759.00 manat əsas borc və 20.00 manat cərimə borcu olmaqla,cəmi 779.00 manat kredit borcunun və 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "TBC KREDİT Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Hüseynağa oğlu arasında bağlanmış fevral 2024-cü il tarixli BAKU1-82804-24733 saylıKredit müqaviləsinə əsasən ikinciyə illik 0% faizlə 12 ay müddətinə 759.00 (yeddi yüz əlli doqquz) manat kredit verilmiş (təyinat – GAZER Televizor alışı) və kreditin aylıq 63.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Cavabdeh Hüseynağa oğlunun 04 iyul 2024-cü il tarixinədək verilmiş kredit üzrə 759.00 manat əsas borc və 20.00 manat cərimə borcu olmaqla, cəmi 779.00 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Kredit müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında AR MM-nin 445.2cimaddəsinə uyğun olaraq Kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, Kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%imiqdarında dəbbə pulu tətbiq edə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, cavabdeh etiraz verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. xx.xx.2024-ci il tarixli BAKU1-82804-24733 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh Hüseynağa oğlu (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən borcluya göndərilmiş xx.xx.2024-cü il tairxli xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, Cavabdeh Hüseynağa oğlunun 14 fevral 2024-cü il tarixədək 759 manat əsas borc, 0 manat cari faiz borcu və 98.28 manat dəbbə borcu, cəmi 857.28 manat borcu yaranmış və ödənilməmişdir. Cavabdeh Hüseynağa oğlu kredit üzrə öhdəlikərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə Kredit verən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. xx.xx.2024-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh Hüseynağa oğlu müqaviləyə əşyanı təhvil almışdır. xx.xx.2024-ci il tarixli ödəniş cədvəlinin məzmunundan görünür ki, alıcı 12 ay müddətinə, aylıq 63 AZN məbləğində ödənişlər etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh Hüseynağa oğlunun "xxxx" MMC-yə alğı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 759 manat və 20 manat cərimə olmaqla, ümumilikdə 779 manat məbləğində ödənilməmiş borcu mövcuddur. xx.xx.2024-ci il tarixli BAKU1-82804-24733+C********** nömrəli girov müqaviləsinin surətindən görünür ki, girov qoyan xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və müqavilənin 2.1-ci bəndində göstərilən GAZER Televizoru Girov saxlayan qarşısında girov qoyur. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, tərəflər arasında bağlanmış müqavilə mahiyyət etibarilə nisyə (hissə-hissə) alqı-satqı müqaviləsidir. Həmin müqavilənin etibarsızlığına səbəb ola biləcək faktlar işdə olan sənədlərə əsasən məhkəmə tərəfindən aşkar edilməmişdir. Odur ki, hazırkı mübahisə üzrə iddiaçının tələbinə uyğun gələn qanuni əsas kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601ci maddələri tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə Plenum qərarının həmin tələblərini nəzərə alaraq qeyd edir ki, bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilənin ləğvi barədə olmuş, ümumi borc məbləği olan 857.28 manat pul vəsaitinin ödənilməsi tələb edilmişdir. Göründüyü kimi həmin pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilə üzrə yaranmış bütün borcun tutulması və müqavilənin ləğvi ilə bağlı olduğundan məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə pretenziya məktubunun göndərilməsi tarixindən ləğv edilmiş hesab edilir. Eyni zamanda qeyd edilir ki, xəbərdarlıq məktubunda göstərilən borcun məbləği ilə iddia tələbində göstərilən məbləğ eynilik təşkil edir. Odur ki, məhkəmə qeyd edilən halları əsas götürərək, eləcə də cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi 759 manat məbləğində əsas borcu həddində iddia tələbi təmin edilməlidir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh Hüseynağa oğlu arasında xx.xx.2024-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində məhsul çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən telefonu cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən 12 ay müddətinə aylıq 63 manat ödəməklə malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avadanlığı cavabdehə təhvil versə də, cavabdeh müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alğı-satqı müqaviləsi üzrə 759 manat əsas borcu qalmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə tələbin cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 465.2ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış 20 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olduğundan 20 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, beləliklə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddianın tələbini dövlət rüsumunun tutulması hissəsini də əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Hüseynağa oğludən xx.xx.2024-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 759 manat məbləğində əsas borc və 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 779 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (FİN xxxxxxx) 759 manat məbləğində əsas borc və 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 779 manat pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə, Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar