Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-257/2024 12.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv olunmasına və əmlakın boşaldılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv olunmasına və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-cü il tarixli, AN-İ№ ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması, Banka təhvil verilməsi və tərəfimizdən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ№0933932 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsi bağlanmışdır (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilib). Nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 42.1 kv.m olan mənzilin alıcı Cavabdeh3 13000 (on üç min) manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli AN-İ№0933932 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh3 ilkin olaraq 2000 (iki min) manat məbləği Satıcı AccessBank QSC-yə notariusun bankda açılan deposit hesabı vasitəsilə ödəyir. Qalan 11000 manat məbləği isə 24 ay müddətinə ödəməyi öhdəsinə götürür. Hər altı aydan bir 1 dəfə 2400 manat olmaqla 3 ödəniş və sonuncu ödəniş 3800 manat ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4.-cü maddəsinə əsasən “Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxiledilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” Mülki qanunvericiliyin hazırkı tələbini rəhbər tutaraq tərəflər arasında yuxarıda qeyd olunan şərtlər razılaşdırılmışdır. Həmin şərtlər əsasında tərəflər arasında Bakı şəhəri 53 saylı notariat ofisində razılıq əldə olunmuşdur. Lakin Cavabdeh3 nisyə alğı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh3 nisyə alğı-satqımüqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında imzalanmış xx.xx.2021-cü il tarixli, AN-İ№0933932 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh3 xx.xx.2021-ci il tarixində xəbərdarlıq məktubu göndərilərək, öhdəliyi icra etmədiyi təqdirdə nisyə-alğı-satqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə edir ki, ev Qaradağ rayonunda yerləşir. Cavabdehlər tərəfindən bir iki dəfə ödənişlər edilmişdir ,sonradan alqı-satqı müqaviləsinin şərtlərinə uyğun ödənişləri edilmədiyindən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 20 saylı evin, 7 saylı mənzili (ümumi sahəsi 42.1 kv.m olan ) "xxxx" QSC-nin adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 45 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixdə bağlanmış AN-İ-0933932 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki "xxxx" QSC Bakı şəhəri, Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 20 saylı evin, 7 saylı mənzili Cavabdeh3 13000 manata satmışdır. xx.xx.2021-ci il tarixli AN-İ№0933932 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh3 ilkin olaraq 2000 (iki min) manat məbləği satıcı AccessBank QSC-yə notariusun bankda açılan deposit hesabı vasitəsilə ödəyir. Qalan 11000 manat məbləği isə 24 ay müddətinə ödəməyi öhdəsinə götürür. Hər altı aydan bir 1 dəfə 2400 manat olmaqla 3 ödəniş və sonuncu ödəniş 3800 manat ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" QSC Cavabdeh3 xx.xx.2022-ci il tarixdə bağlanmış AN-İ-0933932 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi təklif edilmiş və təklifə 10 gün ərzində münasibət bildirilmədiyi halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə həmin Qərarla bir daha şərh edilən 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının da tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəldiyindən tərəflər arasındakı münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmçinin həmin məcəllənin 424.3. maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzil üzərindəki hüquqları mülkiyyət hüquqlarının müdafiəsi kontekstindən qorunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı mübahisə predmeti olan mənzilin mülkiyyətçisidir. Həmçinin, məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı həmin evi alqı-satqı müqaviləsi ilə Cavabdeh3 satmış, Cavabdeh3 müqavilə üzrə müəyyən müddətdə ödənişlərin edilməsi vəzifəsini öhdəsinə götürmüşdür. İddaiçı müqavilə üzrə öhdəliyini yerinə yetirdiyi halda cavabdeh isə müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Buna görə də, iddiaçının cavabdehə qarşı olan tələbi əsaslıdır və mənzildən çıxarılmalıdır. Həmçinin, məhkəmə iddia tələbinin tərəflər arasında bağlanılmış müqavilənin ləğv edilməsi hissəsində də hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəf müqavilənin ləğv edilməsi ilə bağlı mülki qanunvericiliyin tələblərinə əməl edərək, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada əməl etmədiyi təqdirdə, müqavilənin ləğv edilməsi ilə bağlı ona xəbərdarlıq etmiş və buna dair heç bir cavab almamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021cü il tarixli, AN-İ№ ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin 20 saylı evin 7 saylı mənzilindən çıxarılmalı, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin 20 saylı evin 7 saylı mənzili boşaldılaraq, İddiaçı QSCyə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddia təmin edildiyindən cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-cü il tarixli, AN-İ№ ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin 20 saylı evin 7 saylı mənzilindən çıxarılsınlar. Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinin 20 saylı evin 7 saylı mənzili boşaldılaraq, iddiaçı “AccessBank'’ QSC-yə təhvil verilsin. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh3 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-257/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-257/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver