Məhkəmə qərarları › İş №e-2(002)-2576/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2576/2025

03.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2576/2025 03.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3615,90 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi məbləği, 56,16 manat dövlət rüsumu, ümumilikdə 3672,06 manat (üç min altı yüz yetmiş iki manat altı qəpik) pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Changan Uni-V” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində MİB230630 saylı müqavilə ilə "xxxx" ASCdə “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Kamaz 65115 017” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobil Qaradağ rayonu ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Changan Uni-V” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhəri DYPİ tərəfindən qəbul olunmuş qərarla “Kamaz 65115 017” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Changan Uni-V” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8815,90 manat məbləğində maddi zərər dəymişdir. Qeyd edilən zərərlə bağlı "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitələrinin könüllü sığortası” müqaviləsinə əsasən “Changan Uni-V” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmiri üçün "xxxx" MMC-yə 8815,90 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. MİB230630 saylı müqaviləyə əsasən 200 (iki yüz) manat azadolma məbləği sığorta olunan tərəfindən iddiaçıya ödənilmişdir. “İcbari sığortalar” haqqında Qanunun 56-cı maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə ödəniş 5000 manata qədər ola bilər. Cavabdehin hadisə zamanı idarə etdiyi “Kamaz 65115 017” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Buna görə sığorta ödənişi məbləğinin 5000 (beş min) manatı "xxxx" ASC tərəfindən ödənmişdir. Sığorta ödənişi məbləğinin qalan hissəsi, yəni 3615,90 manat Cavabdeh tələb edilmişdir. Ona görə də iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284- 5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan MİB230630 saylı, xx.xx.2023-cü il tarixli avtonəqliyyat vasitələrinin könüllü sığortası şəhadətnaməsinin surətindən görünür ki, “Changan Uni-V” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də könüllü sığorta müqaviləsi üzrə sığortalanmışdır, azadolma məbləği 200 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli sığorta ödənişi aktının, habelə icra edilmiş xidmətlərə dair aktın surətlərindən görünür ki, “Changan Uni-V” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 8815,9 manat, icbari sığorta üzrə ödənilmiş məbləğ 5000 manat, sığorta ödənişi 3815,90 manat, franşiza (azadolma) məbləği 200 manat, subroqasiya tələbi 3615,9 manat miqdarında müəyyən edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarının surətlərindən görünür ki, iddiaçı təşkilat tərəfindən zərər dəymiş əmlakın sahibinə ümumilikdə 8815,9 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun və qərarın surətlərindən görünür ki, “Kamaz 65115 017” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, iş materiallarında olan sübutlara və sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, iddiaçının hadisəyə görə təqsirli bilinən və dəymiş zərərə görə məsuliyyət daşıyan cavabdehə qarşı, sığorta ödənişi məbləğinin (icbari sığorta üzrə ödənilmiş məbləğ və azad olma məbləği nəzərə alınmaqla cəmi: 8815,9-5000-200=3615,9 manat pulun) subroqasiya qaydasında tutulması tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmə, eyni zamanda iddianın dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3615,9 manat məbləğində sığorta ödənişi məbləği, 56,16 manat dövlət rüsumu olmaqla, cəmi 3672,06 manat (üç min altı yüz yetmiş iki manat altı qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar