Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-261/2025 22.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və əlavə xərclər» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və əlavə xərclər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh olan Cavabdeh ilə rəsmi nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X3 adlı bir nəfər uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq bir uşağın saxlanılması üçün hər ay 800 manat aliment tutularaq ona verilməsi və uşağın aylıq müayinə və müalicə xərcləri üçün hər ay 300 manat əlavə xərclərin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Cavabdeh ilə xx.xx.2020-ci il tarixində nikaha daxil olmaqla ailə qurmuşdur. Rəsmi nikahdan xx.xx.2022ci il təvəllüdlü X3 adlı bir nəfər uşağı anadan olmuşdur. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(005)-3544/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və rəsmi nikahdan xx.xx.2022-ci il təvəllüdlü X3 adlı bir nəfər uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh əmək haqqının ¼ hissəsində aliment və uşağın üç yaşına çatana kimi 50 manat alınaraq ona (iddiaçı X2) verilməsi qət edilmişdir. Qeyd edir ki, uşaq hal-hazırda onun himayəsindədir. Bildirir ki, uşaq böyüyür və uşaq böyüdükçə onun təhsil, təlim, müayinə, müalicə, gediş-gəliş xərcləri artır. Bu ödənişlərin onun tərəfindən tək həyata keçirilməsi çətinlikdər yaradır. Cavabdeh isə əvvəlki laqeydliyini qoruyaraq üzrəinə düşən öhdəliyi icra etmir. Tərəfindən işin sülh yolu ilə həll edilməsi məqsədi ilə mediasiya təklifi və müraciəti olmuş, lakin cavabdeh işin sülh yolu ilə həll edilməsinə razılıq verməmişdir. Məhkəmə qaydasında olmadan aralarında olan mübahisənin həll edilməsi mümkün deyildir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, cavabdeh olan Cavabdeh ilə rəsmi nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X3 adlı bir nəfər uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq bir uşağın saxlanılması üçün hər ay 800 manat aliment tutularaq ona verilməsi və uşağın müayinə və müalicə xərcləri üçün hər ay 300 manat əlavə xərclərin cavabdehdən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh əvvəllər işləyirdi, rəsmi iş yeri var idi, ona görə aliment əmək haqqının ¼-nə yönəldilərək, təxminin hər ay 250 manat məbləğində aliment tutulurdu. Cavabdeh hazırda işləmir deyə son bir neçə ay aliment ödəməmişdir. Bu səbəbdən hazırda alimentin tutulmasının formasının dəyişdirlməsini, yəni alimentin cavabdehin qazanc və başqa gəlirlərindən sabit pul məbləğində tutulmasına keçirilməsini və əlavə olaraq uşağın müayinə və müalicə xərclərinin tutulmasını xahiş etdi. Uşağın xəstəliyi ilə əlaqədar həkim resesptlərini elektron kabinetdən əlavə etmişdir. Uşaq danışmır,mütəmadi olaraq seanslarla loqopedin qəbulundan olmalıdır. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında qeyd etdi ki, cavabdeh olan oğlu əvvəllər BOSH SHELF-də qaynaqçı işləyirdi, aliment onun əmək haqqından tutulurdu. Hazırda oğlu işləmir, deyə son bir neçə ay alimenti ödəyə bilməmişdir, lakin oğlu işdən çıxarılanda verilmiş kompensasiyadan uşaq üçün aliment tutulmuşdur. Alimentin respublika üzrə uşağın saxlanmasına görə müəyyən edilmiş minimal xərc həddində-yəni 235 manat həddində təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, iddiaçı özü də işləyir, uşağı saxlamaq hər iki valideyinin borcudur. Uşağın 3 yaşı olacaq. Müalicəsi üçün müəyyən xərclər olur bu da təbiidir, həmin yaşda uşaqların çoxu həkim-loqopedin qəbulunda olurlar. Bu uşağın xüsusi bir xəstəliyinin olmasına dəlalət etmir. Oğlu bir iki dəfə xaricə getmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-3544/2023 xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək,İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 194 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2020-ci il tarixli nikah pozulması, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx.xx.2023-cü il tarixdən etibarən İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh əmək haqqının ¼ hissəsində aliment və uşağın üç yaşına çatana kimi 50 manat alınaraq İddiaçı ödənilməsi və mediatora ödənilmiş 50 (əlli) manat məbləğində rüsum və 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi,qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 707742 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş və tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. İş materiallarına əlavə edilmiş və tədqiq edilmiş məcburi köçkün vəsiqəsindən görünür ki, Fərəcova X4 rayonundan məcburi köçkündür. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflərin bir övladlarının olması, uşaqların iddiaçının yanında olması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir:-aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə görə, Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə bu qənaətə gələrkən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarına istinad etməyi də zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1-ci bənd əlavə edilərək, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər . Həmin Qərara görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. X6 görə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-3 bənd əlavə edilərək, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. 2024-cü il üçün minimum aylıq əmək haqqının məbləği 345 manat müəyyən edilib. Belə olan halda məhkəmə 2024-cü il üzrə minimum aylıq əmək haqqının 345 manat olmasını nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,72 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddia tərəf məhkəməyə uşağın xəstəliyi ilə bağlı mötəbər sübut təqdim edə bilmədiyindən hesab edir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın tam şəkildə təmin edilməsi Cavabdeh üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı qərarına əsasən 8.11-1-ci bəndə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)- 3544/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2024-cü il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,72 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-3544/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2024-cü il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,72 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-261/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-261/2025
22.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver