Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-2640/2025 13.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv olunması, daşınmaz əmlakın boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv olunması, daşınmaz əmlakın boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə iddia ərizəsini və ona əlavə edilən sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, iddiaçı təşkilatın cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbi daşınmaz əşyanın mülkiyyətçinin qanuni sahibliyinə qaytarılması (daşınmaz əşyanın boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi) ilə bağlı olduğundan, həmin iddia tələbi daşınmaz əşyanın olduğu yerə görə (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə) verilməlidir. Həmçinin, iddia ərizəsinə əlavə edilən sənədlərdən də bütün cavabdehlərin həmin fərdi yaşayış evində yaşadığı aydın olur. Bundan əlavə, məhkəmə müəyyən edir ki, iddia ərizəsinin sonunda iddia tələbi dəqiq (iddia tələbinin konkret hansı tikiliyə aid olduğu) göstərilməmiş, iddia ərizəsinə əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, dalan 6, 24 saylı evin iki tikilidən ibarət olduğu, “A” tikilisinin mülkiyyətçisinin Cavabdeh2, “B” tikilisinin mülkiyyətçisinin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti olduğu nəzərə alınmamışdır. Halbuki, iddia ərizəsinə əlavə edilmiş müqavilə və pretenziya məktubu da yalnız “B” tikilisi ilə bağlı olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmalı, iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv olunması, daşınmaz əmlakın boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-2640/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-2640/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver