Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2678/2024 27.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" KB Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2014-cü il tarixli 1xx/xx/65349/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 90116,79 manat məbləğində əsas borc, 27167,76 manat məbləğində faiz borcu, 15806,32 manat məbləğində cərimə borcu, 1126,80 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 134217,67 manat məbləğində pulun, 424,22 manat dövlət rüsumunun Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı iddia ərizəsini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında 10 aprel 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/65349/14 saylı müqavilə bağlanmış, bank tərəfindən cavabdehə illik 20 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 120000 manat məbləğində bərpa olunmayan kredit xətti açılmışdır. Bank və cavabdeh arasında 10 aprel 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/65349/14 saylı müqaviləyə 18 may 2016-cı il tarixində 01 saylı əlavə saziş imzalanmışdır. Sazişə əsasən kreditin ödənilməli olduğu son tarix 10 aprel 2019-cu ildir. Tərəflər kreditin ödənilməsi müddətinin uzadılması razılığına gəldikdə, bu müqavilə ilə müəyyən edilmiş qaydada bağlanan əlavə müqaviləyə əsasən müqavilənin müddəti uzadıla bilər. Borc alan bu müqaviləyə əsasən almış olduğu kreditə görə illik 25% miqdarında faiz ödəyir. Müqavilənin müvafiq bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar kreditin hesablanmış faizlər, cərimə və bu müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən, əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ vardır. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2019-cu il tarixinə banka 90116,79 manat məbləğində əsas borc, 27167,76 manat məbləğində faiz borcu, 15806,32 manat məbləğində cərimə borcu, 1126,80 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 134217,67 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə yazılı xəbərdarlıq göndərilmiş, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən icra edilməmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh məhkəməyə elektron qaydada iddia ərizəsinə yazılı etiraz və iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı təşkilatın ona qarşı irəli sürdüyü iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia tələbi iddia müddəti keçirilməklə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 1xx/xx/65349/14 saylı kredit müqaviləsinin 2.1-ci və 3.5-ci bəndlərinə əsasən iddiaçı (kreditor) cavabdehə (borc alana) illik 20% hesablanmaqla 120000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit xətti 24 ay müddətinə verilir. Kreditin ödənilməli olduğu son tarixi xx.xx.2016-ci ildir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 1xx/xx/65349/14 saylı kredit müqaviləsinə 18 may 2016-cı il tarixli 01 saylı Əlavə Sazişə əsasən, müqavilənin 2.3-cü bəndi dəyişdirilərək, kreditin ödənilməli olduğu son tarix 10 aprel 2019-cu il olaraq müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlinə əsasən kredit ödənişi tarixinin əvvəli xx.xx.2016-cı il, son bitmə tarixi xx.xx.2019-cu il göstərilmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışa əsasən müəyyən olunur ki, sonuncu kredit ödənişi 2800 manat olmaqla xx.xx.2017-ci il tarixində həyata keçirilmişdir. xx.xx.2017-ci il tarixindən iddia ərizəsi məhkəməyə göndərilən tarixədək olan müddətdə kredit ödənişləri icra edilməmişdir. Hesab edir ki, iddiaçı qanunvericilikdə müəyyən edilmiş iddia müddətini ötürməklə ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməklə iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsini xahiş edir. Bundan əlavə, iddiaçı iş materiallarına tarixi bəlli olmayan **********573 nömrəli bildiriş və onun təqdim edilməsinə dair poçt qəbzi əlavə etmişdir. Qəbzin məktub bağlamasını alan şəxs hissəsi boşdur. Digər bir məktub olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 1025/24 nömrəli məktubuna görə, ünvanın dəqiq olmaması səbəbindən məktubun çatdırılması mümkün olmamışdır. Bu isə o deməkdir ki, bildiriş ona təqdim edilməmişdir. Eyni zamanda, hesab edir ki, iddiaçı təşkilat tələb edilən məbləğdə səhvə yol vermişdir. İş materiallarında olan kredit müqaviləsinə və ödəniş cədvəlinə görə xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək olan 36 ay müddətində əsas kredit üzrə 119900 manat, faiz borcu üzrə 65520,54 manat olmaqla, cəmi 185420,54 manat ödəniş edilməli idi. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışa görə xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək 46716 manat, xx.xx.2016-cı tarixindən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində isə 68107 manat, cəmi 114823 manat məbləğində ödəniş icra olunmuşdur. Lakin, 114823 manat ödənişə baxmayaraq, iddiaçı 134217,67 manat məbləğində pul tələb etmişdir. Bundan başqa, iddiaçı borcun şişirdilməsi məqsədi ilə xx.xx.2017-ci il tarixindən icra olunmayan kredit müqaviləsi üzrə iddia tələbi ilə 2024-cü ilin iyul ayında məhkəmədə iddia müddətini ötürməklə iddia qaldırır, bununla iddiaçı əsas kredit məbləği üzrə tələbdən başqa əlavə tələblər də (cərimə, dəbbə pulu və s.) irəli sürmək imkanı əldə edir. Lakin, hazırkı iddiaya münasibətdə iddiaçı daha uzun müddət gözlədiyindən iddia müddətini nəzarətdən çıxarmış, nəticədə ötürmüşdür. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə istinad etməklə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, cavabdeh tərəf isə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Hazırki mülki iş üzrə iddiaçı tərəf iddia ərizəsinin baxılmamış saxlanılması barədə, cavabdeh tərəf isə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməsi barədə ərizə verdiyindən, bununla da, iddia ərizəsinin baxılmamış saxlanılması üçün qanunda nəzərdə tutulmuş şərtlər mövcud olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 184-185-ci maddələrinə əsaslanaraq hesab edir ki, mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxıla bilər. Məhkəmə mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 20% hesablanmaqla 120000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 10 aprel 2014-cü il tarixli 1xx/xx/65349/14 saylı kredit müqaviləsinə 18 may 2016-cı il tarixli 01 saylı əlavə sazişdən və ödəniş cədvəlindən görünür ki, kreditin ödənilməli olduğu son tarix 10 aprel 2019-cu il olaraq müəyyən edilmişdir. İş materiallarında olan 12 iyul 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Ləğv prosesində olan QSC "xxxx" KB-na 09 iyul 2019-cu il tarixə 90116,79 manat məbləğində əsas borc, 27167,16 manat məbləğində faiz borcu, 15806,32 manat məbləğində cərimə, 1126,8 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 134217,67 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2014-cü il – xx.xx.2024-cü il dövrü üzrə hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə həyata keçirilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi, daha sonra xx.xx.2016-cı il tarixdə həmin kredit müqaviləsinə əlavə saziş bağlanmış və müqavilənin icra müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Müqavilə üzrə sonuncu ödəniş isə xx.xx.2017-ci il tarixdə həyata keçirilmişdir. İddiaçının hazırki iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh borclu iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etmişdir. Qeyd olunanlara və mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf müqavilə üzrə icra müddətinin bitməsindən üç ildən çox (beş il üç aydan artıq) vaxt keçdikdən sonra iddia qaldırdığından və iddia müddətini ötürdüyündən, habelə cavabdeh tərəf məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etdiyindən, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə, əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-cü il tarixli Qərarına əsasən, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə məhdudlaşdırılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013cü il 3 iyun tarixli Qərarlar). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia müddəti ötürüldüyündən, iddia təmin edilməməlidir. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, iddia təmin edilmədiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 8.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-2678/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2678/2024
27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver