Məhkəmə qərarları › İş №e-2(002)-2691/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2691/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2691/2025 08.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması barədə tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 27279.8 manat məbləğində kredit bоrcu, 2697.18 manat məbləğində faiz bоrcu və 649.25 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 30626 (otuz min altı yüz iyirmi altı) manat 23 (iyirmi üç) qəpik məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 181.88 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, X4 İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixdə bağladığı 027A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X7 aylıq faiz dərəcəsi 1.5% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 27600 (iyirmi yeddimin altı yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 320.2 manat ödəniş etmiş və оnun iddiaçıya 27279.8 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 170 gün üçün hesablanmış faiz borcu 2697.18 manat təşkiledir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 170 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 649.25 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. İş materiallarına əlavə edilmiş AR DİN- in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borclu X3 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından X3 həyat yoldaşı Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığı müəyyən edilmişdir. Həmçinin onu da bildiririk ki, Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında qeyd etdi ki, cavabdeh mərhum əridir. Onun maddi imkanı yoxdur ki, tələb olunan məbləğdə borcu ödəsin. Mərhum ərindən ona ancaq 5000 manat civarında miras qaldığından borc tələbinin ancaq həmin məbləğdə təmin olunmasın xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında qeyd etdi ki, iddiaçı ilə 2-3 dəfə əlaqə saxlanılmış, lakin iddia bank qeyd edir ki, ancaq 19000 manata qədər hissəsi güzəşt edilə bilər.Vərəsəlik şəhadətnaməsindəki məbləği mübahisələndirmir.Əmisi onkoloji xəstə idi. Bu krediti götürməklə o, əvvəlki kreditini bağladı.Əmisi kredit götürəndə onun onkoloji xəstə olması bilinmirdi, o vaxt əmisi dişlərini düzəltdirirdi, həmin ərəfələrdə yeyə bilmirdi, elə bilirdik dişlərinə görə yemir, sonradan məlum oldu ki, mədə xərçəngidir.Cavabdeh o pulu əmimin 3-nə, 7-nə və 40-na xərcləyib. Onlar məbləğin azaldılması, faizlərin silinməsi barədə banka müraciət etdilər, amma bank razılaşmadı.Cavabdeh 700 manat təqaüd alır, onun da 500 manatını başqa bank tutur, özünə ancaq 200 manat qalır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz ərizəsi göndərərək, kredit borcundan 320.2 manat ödəniş etmiş və onun iddiaçıya 27279.8 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 170 gün üçün hesablanmış faiz borcu 2697.18 manat təşkil edir.Qeyd edilən iddia ərizəsi üzrə irəli sürülmüş iddia tələbini qanunsuz və əsassız hesab edir.Belə ki, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir Şəxsin vəfat etməsini təsdiq edən ölüm haqqında səhadətnamənin surəti hazırkı is üzrə cavabdeh qismində çıxış edən həyat yoldaşı tərəfindən "xxxx" OSC-nin Bakı ş, Tbilisi prospekti 3 ünvanında yerləşən Mərkəz ofisinə təqdim edilmiş, həmçinin sonuncuya məxsus "151" əlaqə nömrəsi vasitəsilə qeyd edilənlər barədə dəfələrlə məlumat verilmişdir. Təqdim edilmiş sənədlərdən də göründüyü kimi xx.xx.2024-cü il tarixli "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən" hazırkı iş üzrə Cavabdeh X3 qanun üzrə vərəsəsi qismində çıxış edir. Həmçinin iddiaçı tərəfindən is materiallarına əlavə edilmiş 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 2709- 10373/25 nömrəli arayışda qeyd edilmisdir ki, X3 adında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-62442/2025 nömrəli arayışdan göründüyü kimi, xx.xx.1967-ci il təvəllüdlü X3 adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. X3 bütün dəfn xərcləri tam şəkildə (yas mərasimlərinin təşkili də daxil olmaqla) hazırkı iş üzrə cavabdeh tərəfindən qarşılanmışdır (müvafiq sübutlar qoşma kimi əlavə edilir). Buna görə də vəfat etmiş X4 məxsus cavabdehin mülkiyyətində olan heç bir miras aktivi olmamışdır. Belə olduğu təqdirdə isə hazırkı iş üzrə cavabdeh vəfat etmiş həyat yoldaşına məxsus miras passivi üzrə borclu qismində çıxış edə bilməz. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı QSC ilə X6 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 027A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X6 aylıq faiz dərəcəsi 1.5% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 27600 (iyirmi yeddimin altı yüz) manat məbləğində kredit götürmüşdür.. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, X3 27279.8 manat məbləğində kredit bоrcu, 2697.18 manat məbləğində faiz bоrcu və 649.25 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 30626,23 manat borcu vardır. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 460609 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Bu barədə xx.xx.2024cü il tarixdə 513 saylı akt ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X3 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-62442/2025 nömrəli arayışdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X3 adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2024-ci il tarixdə vəfat etmiş X3 vərəsələri: Bakı Şəhəri, Qaradağ Rayonu, Sahil Qəsəbə, Qaradağ St, Ev 29 ünvanında qeydiyyatda olan arvadı (AA*******, xx.xx.2019 - Asan 1, FİN:xxxxxxx, d/t:xx.xx.1969) miras əmlakdan tam hissədə pay almalıdır. Cavabdeh SOCAR "Neftqaztikinti" tresti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 14-2-14/2-2174/2024 saylı məktuba əsasən 5558.81 manat (beş min beş yüz əlli səkkiz manat 81 qəpik) hesablanmış və ödənilməmiş əmək haqqından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı QSC ilə X6 arasında kredit müqaviləsi bağlanmış, X6 müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. X6 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə ilə cavabdehə 5558.81 manat hesablanmış və ödənilməmiş əmək haqqı miras qalmışdır. Həmin şəhadətnamə ilə cavabdehə mərhumdan qalmış mirasın dəyəri iddia ərizəsi ilə tələb olunan məbləğdən az olsa da, cavabdeh X1 ona mərhum həyat yoldaşından miras qalmış başqa siyahıya alınmamış əmlakın olub-olmadığını sübut etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir Həmçinin, məhkəmə tərəfindən siyahıya alınmalı olan başqa əmlakın olduğu müəyən edilməsi üçün müvafiq sorğular verilsə də cavablandırılmamışdır Beləliklə, məhkəmə qeyd edir ki, Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəlikləri icra etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə iddia tələbi təmin edilməlidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdə ölmüş X3 vərəsəsi-Cavabdeh İddiaçı QSCnin xeyrinə 27279.8 manat məbləğində kredit bоrcu, 2697.18 manat məbləğində faiz bоrcu və 150 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 30126,98 manat borcu və 180,38 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə 27279.8 manat məbləğində kredit bоrcu, 2697.18 manat məbləğində faiz bоrcu və 150 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 30126,98(otuz min yüz iyirmi altı manat, doxsan səkkiz qəpik) manat borcu və 180,38(yüz səksən manat otuz səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar