Məhkəmə qərarları › İş №e-2(002)-2728/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2728/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2728/2023 19.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-in cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli FN-00115- 01/22A nömrəli kredit müqaviləsinə əsasən, kreditor borcalana bu müqavilədə nəzərdə tutulmuş qaydada 48 ay müddətinə, 22 faiz dərəcəsi ilə, 20000 manat məbləğində kredit məbləğini verir, borcalan götürdüyü kredit məbləğini müqavilə ilə şərtləşdirilmiş qaydada kreditora verməyi öhdəsinə götürmüşdür.

2. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixli FN-00115-01/22A nömrəli kredit müqaviləsi üzrə vahid kredit şərtlərinə əsasən bankdan kredit götürmüş Borcalan (Cavabdeh2) tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti zamin (Cavabdeh1) öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə görə, kreditin məbləği, ondan istifadəyə görə faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalan ilə eyni həcmdə birgə məsuliyyət daşıyır.

3. Qeyd edilən kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən, Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə görə əsas borc 20000 manat məbləğində, 48 ay kredit müddəti müəyyən edilməklə 48 ay aylıq 630.13 manat ödəniş məbləği müəyyən edilmişdir.

4. 31 iyul 2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 xx.xx.2023-cü il tarixə qalıq borcu 19195.07 manat əsas borc, 2634.06 manat faiz borcu, 216.45 manat dəbbə borcu olmaqla cəmi 22045.58 manat borcu mövcuddur. İddia tələbi

5. İddiaçı Bank "xxxx" ASC-in cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli FN-00115-01/22A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə ödənilməmiş 19195.07 manat əsas borc, 2634.06 manat faiz borcu, 216.45 manat dəbbə borcu, ümumilikdə 22045.58 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 157 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli FN-00115-01/22A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 48 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 20000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh1 17 avqust 2022-ci il tarixdə iddiaçıyla FNZ-00115-01/22A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2 həmin kredit müqaviləsinə zamin durmuşdur. Cavabdeh2 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminlərə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

7. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 421.1, 427.3, 428.4, 442, 443, 445.2.1, 448.1, 448.2, 449.1, 449.3, 449.4, 462.1, 427.3-ci maddələrinə istinad etmişdir.

8. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Cavabdehlərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

12. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

13. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

15. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

16. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

17. 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

19. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

20. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

21. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

23. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

24. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

25. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

27. İddia qismən əsaslıdır.

28. İşin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, FN-00115-01/22A saylı kredit müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, kreditin və kreditdən istifadəyə görə faizlərin brocalan tərəfindən borcverənə qaytarılması qayda bu müqavilənin tərkib hissəsi hesab edilən 1 saylı Əlavə (ödəniş cədvəlində) müəyyən olunur. Müqavilə üzrə kredit xətti kimi verilərsə kredit məbləği kreditin istifadə müddəti ərzində istənilən vaxt qaytarıla bilər, kredit üzrə faizlər isə hər növbəti ayın 15-dən gec olmayaraq ödənilməlidir.

29. Tərəflər arasında bağlanmış müqailələrdən göründüyü kimi, iddiaçı bank tərəfindən müqaviləyə əsasən cavabdehə 20000 manat kredit verilmiş. Cavabdeh qeyd edilən məbləğdə kredit məbləğini 48 ay müddətində illik 22 faiz dərəcəsi ilə iddiaçı banka hər ay 630.13 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir.

30. Eyni zamanda, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı Bank "xxxx" ASC kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhədliyi icra etdiyi halda, Cavabdeh2 bank qarşısında götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə şərtlərini pozmuş, bununla da, bank qarşısında onun mülki hüquqi məsuliyyətinə səbəb olan borc öhdəliyi yaranmışdır.

31. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışı və digər sənədlərdən göründüyü kimi, cavabdehin müqavilənin şərtlərini pozması nəticəsində hazırda qalıq borcunun məbləği 19195.07 manat əsas borc və 2634.06 manat faiz borcu təşkil edir. Həmçinin, cavabdeh tərəfindən iddia tələbinə, hesablanmış borc məbləğinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə qeyd edilən halları əsas götürərək, cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır.

32. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir.

33. Tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsi olan Əlavəyə əsasən, gecikmənin 4-cü günündən etibarən kedit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5 %-i məbləğində gündəlik cərimə hesablanır.

34. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış, lakin iddiaçı tələb irəli sürərkən cərimə borcunun məbləğini (216.45 manat) tənasübsüz surətdə yüksək müəyyən etmişdir. Məhkəmə hesab edir ki, 100 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak və əsaslı mənafelərini pozmur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Məhkəmə xərcləri

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 157 manat məbləğində və 0,40 manat xidmət haqqı olmaqla dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 157 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 155.79 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Nəticə

37. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 19195.07 manat məbləğində əsas borc, 2634.06 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 21879.13 manat məbləğində borc və ödənilmiş 155.64 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

38. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, FN-00115- 01/22A saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 19195.07 manat məbləğində əsas borc, 2634.06 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 21929.13 manat məbləğində borc və ödənilmiş 155.79 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar