Məhkəmə qərarları › İş №e-2(002)-2761/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2761/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2761/2023 02.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı LPO QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. QSC «Bank Standard» KB (borc verən) ilə Cavabdeh (boc alan) arasında bağlanmış xx.xx.2013-ci il tarixli, 1xx/xx/70028/13 nömrəli kredit müqaviləsinə əsasən, bank Südabə Mirzəyevaya 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 4260 manat məbləğində kredit verilmişdir.

2. xx.xx.2013-ci il tarixli kredit müqaviləsinə 1 saylı Ödəniş cədvəlinə əsasən, Cavabdeh 4260 manat məbləğində krediti 36 ay müddətində hər ay 169.38 manat öədniş etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür.

3. 29.11.2018-ci il tarixli bildirişin məzmunundan görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun olduğunu, ödənilməsinin tələb edildiyi, əks halda borcun tutulması barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur.

4. 28.09.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 23 sentyabr 2022ci il tarixinə yaranmış borcu aşağıdakı kimidir: cəmi borcu 1855.55 manat, bundan 767.94 manat əsas, 33.75 manat faiz, 785.35 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Mülki Məcəlləsinin 44.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanana illik faiz dərəcəsi 268.51 manat. İddia tələbi

5. İddiaçı LPO QSC “Bank Standard” KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/70028/13 saylı kredit müqaviləsi üzrə cavabdehdən 767.94 manat məbləğində əsas borc, 33.75 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 785.35 manat məbləğində cərimə borcu, 268.51 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1855.55 manat məbləğində pulun, 38.56 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra – Bank) iləCavabdeh (bundan sonra – Cavabdeh) arasında xx.xx.2013-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/70028/13 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə 36 (otuz altı) ay müddətinə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 4260 (dörd min iki yüz altmış) manat məbləğində kredit verilmişdir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində CavabdehinBanka 767.94 (yeddi yüz altmış yeddi manat, 94 qəpik) manat məbləğində əsas borc, 33.75 (otuz üç manat, 75 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 785.35 (yeddi yüz səksən beş manat, 35 qəpik) manat məbləğində cərimə borcu, 268.51 (iki yüz altmış səkkiz manat, 51 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1855.55 (min səkkiz yüz əlli beş manat, 55 qəpik) manat məbləğində borcu qalmışdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

8. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad etmişdir.

9. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.

10. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, o vaxtında tam olaraq banka olan borcunu ödəniş etmiş, lakin təəsüf hissi ilə deyə bilər ki, kreditin götürülməsi vaxtından 10 il müddət keçdiyindən və bu müddət ərzində qəbzlərin saxlanmasına zəruriət qalmadığını düşünüb həmin ödəniş qəbzlərini saxlamamışdır. İddia müddətinin tətbiq olunması ilə bağlı tələbi ondan ibarətdir ki, iddiaçı ilə aralarında imzlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/7002//13 saylı kredit müqaviləsi 36 ay müddətinə bağlanmışdır. Qeyd olunan 36 ay müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir və xx.xx.2016-cı il tarixdən iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə verilən tarixədək hesablandıqda 7 il təxminən 8 ay müddət keçmişdir. Halbuki, AR Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən olmuşdur. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı LPO QSC “Bank Standard” KB tərəfindən məhkəmə iclasına ərizə ünvanlanaraq iddia tələbini müdafiə etdikləri və məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

11. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etmədiyini, iddia müddətinin ötürülməsi barədə vəsatəti müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

12. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

14. 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

15. 377.1-ci maddəsinin tələbinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

16. 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

17. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

18. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

19. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

20. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

23. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

25. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

26. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

27. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

29. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

30. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

31. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

33. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsasən iddiaçı bank tərəfindən cavabdehə 4260 manat məbləğində kredit verilmiş, cavabdeh isə həmin kredit məbləğini təhvil almaqla, hər ay ödəniş etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhədlikləri tam və vaxtında lazimi qaydada icra etməmiş, nəticədə müqavilə üzrə qalıq kredit borcu yaranmışdır. Cavabdeh həmin müqavilə üzrə borcunu tam ödədiyini bildirsə də, həmin hala dair heç bir sübutu (ödəniş qəbzi və digər) məhkəməyə təqdim etməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı etirazın əsası kimi istinad olunan halın müəyyən edilməsi mümkün olmamışdır. Bu halda məhkəmə hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə borcu yaranmışdır.

34. Bununla yanaşı, məhkəmə onu qeyd edir ki, cavabdeh hazırkı mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə vermişdir.

35. Konstitusiya Məhkəməsi Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilən mövqeyə əsasən, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil.

36. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, iddiaçının hazırkı iddia tələbini irəli sürmək barədə subyektiv hüququ olmuş və həmin hüquq cavabdeh tərəfindən pozulmuşdur. Lakin, hazırkı mülki iş üzrə iddiaçı bank tərəfindən mülki qanunvericilikdə qeyd edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. İndiki halda mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti xx.xx.2019-cu il tarixdə başa çatsa da, iddiaçı bank tərəfindən məhkəməyə xeyli müddət (3 il) keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət olunmuşdur. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

37. Bundan əlavə, məhkəmə araşdırması zamanı qeyd edilən müddətin üzrlü səbəbdən ötürülməsi halı da aşkar olunmamışdır. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, hazırkı mülki iş üzrə iddia müddəti tətbiq edilməklə, iddia tələbi təmin edilməməlidir. Nəticə

38. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia təmin edilməməli, Ləğv prosesində olan «Bank Standard» KB-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməli və iddia təmin edilmədiyindən, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

39. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı tərəflər arasında bağlanmış, xx.xx.2013-cü il tarixli 1xx/xx/70028/13 saylı kredit müqaviləsi üzrə cavabdehdən 767.94 manat məbləğində əsas borc, 33.75 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 785.35 manat məbləğində cərimə borcu, 268.51 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1855.55 manat məbləğində pulun, 38.56 manat dövlət rüsumunun tutulmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar