Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2771/2023 16.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh (boc alan) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 1xx/xx/4629/12 nömrəli kredit müqaviləsinə əsasən, bank Cavabdeh 18 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 2996 manat məbləğində kredit verilmişdir.
2. xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə 1 saylı Ödəniş cədvəlinə əsasən, Cavabdeh 2996 manat məbləğində krediti 18 ay müddətində hər ay 201.31 manat öədniş etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür.
3. 04.10.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23 sentyabr 2022-ci il tarixinə yaranmış borcu aşağıdakı kimidir: - cəmi borcu 6891.42 manat - bundan 2272.01 manat əsas, 1239.55 manat faiz, 2429.86 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 1040 manat. İddia tələbi
4. İddiaçı QSC "xxxx" KB-nin (Ləğv Prosesindədir) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB iləCavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/4629/12 saylı kredit müqaviləsi üzrə cavabdehdən 2272.01 (iki min iki yüz yetmiş iki manat, bir qəpik) manat məbləğində əsas borc, 1239.55 (min iki yüz otuz doqquz manat, əlli beş qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 2429.86 (iki min dörd yüz iyirmi doqquz manat, otuz beş qəpik) manat məbləğində cərimə borcu, 1040 (min qırx) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 6981.42 (altı min doqquz yüz səksən bir manat, qırx iki qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1855.55 (min səkkiz yüz əlli beş manat, əlli beş qəpik) manat məbləğində pulun, 89.82 (səksən doqquz manat, əksən iki qəpik ) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ünvanlayaraq, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/4629/12 saylı kredit müqaviləsi üzrə cavabdehdən 2272.01 (iki min iki yüz yetmiş iki manat, bir qəpik) manat məbləğində əsas borc, 1239.55 (min iki yüz otuz doqquz manat, əlli beş qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 2429.86 (iki min dörd yüz iyirmi doqquz manat, otuz beş qəpik) manat məbləğində cərimə borcu, 1040 (min qırx) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 6981.42 (altı min doqquz yüz səksən bir manat, qırx iki qəpik) manat məbləğində borcun, 89.82 (səksən doqquz manat, səksən iki qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, QSC "xxxx" KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında xx.xx.2012-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/4629/12 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə 18 ay müddətinə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 2996 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində CavabdehinBanka 2272.01 manat məbləğində əsas borc, 1239.55 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 2429.86 manat məbləğində cərimə borcu, 1040 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 6981.42 manat məbləğində borcu qalmışdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
7. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad etmişdir.
8. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə edərək öz izahatında müqavilə müddətinin başa çatdığını, borclu ilə kredit müqaviləsi üzrə borcun restrukturizasiyasının həyata keçirilmədiyini bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
10. İddiaçı məhkəmə iclasına ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiklərini və məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
11. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. 399.4-cü maddəsinə görə, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
15. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
17. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
18. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
20. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
21. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
22. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
24. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
25. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
26. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
28. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı
32. Bənd 5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin;
33. Bənd 8.3. Bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;
34. Bənd 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2019-cu il tarixli Qərarı
35. Bənd 5.1. Kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir.
36. Bənd 6.1. Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019-cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. b) Əsaslandırma
37. İddia qismən əsaslıdır.
38. İşin mübahisəsiz halları bundan ibarətdir ki, cavabdeh Südabə Mirzəyeva ilə iddiaçı QSC "xxxx" KB (Ləğv Prosesindədir) arasında xx.xx.2012-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Südabə Mirzəyeva aylıq faiz dərəcəsi 25% olmaqla, 18 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2996 manat məbləğində kredit götürmüşdür. Müqavilənin müddəti 18 ay təşkil etməklə, xx.xx.2013-cü il tarixdə bitmişdir.
39. Lakin cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, hesabdan çıxarış məlumatlarından görünür ki, borclu tərəfindən qeyd edilən müqavilə üzrə sonuncu ödəniş xx.xx.2015-ci ildə həyata keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borc alan tərəfindən kredit müqaviləsinin şərtləri pozulmuş, öhdəlik vaxtında və lazımi qaydada icra edilməmişdir. Hazırda qalıq əsas borcun məbləği 2272.01 manat təşkil edir. Həmçinin, cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz, etirazın əsaslarına dair heç bir sübutların təqdim edilməməsini nəzərə alaraq məhkəmə əsas borc hissəsində iddia tələbini əsaslı hesab edir.
40. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilə müddəti üçün hesablanmış 1239.55 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 1040 manat faiz borcu, 2429,86 manat cərimə borcu hissəsində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının tələbləri nəzərə alınaraq rədd edilməlidir.
41. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələri bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank Fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, onda, Fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir.
42. Qalıq borcun restrukturizasiya olunub-olunmaması borcluya dövlət vəsaiti hesabına güzəşt edilməsinin qarşısını ala bilməz, faiz və dəbbə pulunun silinməsi restrukturizasiyadan öncə atılmalı olan addımdır, lakin hazırkı işin hallarından görünür ki, bank tərəfindən cavabdehin faiz borcu silinməmişdir.
43. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə olan kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsində cavabdehlərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməsinə və sonuncunun bundan imtina etməsinə dair məhkəməyə hər hansı bir sübutu təqdim etməmişdir. Halbuki, işin bu halını sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı bank həm əsas borc məbləğini, həm də hesabladığı cərimə və faiz məbləğlərini cavabdehdən tələb edir ki, bu da Fərmanın və onun çərçivəsində qəbul edilən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə görə hesablanmış faiz və dəbbə pulu (cərimə) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının tələblərinə ziddir.
44. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, iddiaçı tərəfindən cavabdehlərlə yuxarıda qeyd edilən fərman çərçivəsində borcun restrukturizasiyası barədə müqavilə bağlanmaması əsas borcun ödənilməsi hissəsində iddianın rədd olunması üçün əsas deyildir. Çünki restrukturizasiyanın məqsədlərindən biri də, əsas borcun güzəştli faizlə qaytarılması üçün müddət təyin olunmasından ibarətdir. Odur ki, iddia tələbi yalnız 1239,55 manat faiz, 2429,86 manat cərimə və 1040 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə xərcləri
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
46. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 89.82 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia qismən təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 89.82 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 42.72 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Nəticə
47. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, Cavabdeh borclu olduğu 2272.01 manat məbləğində əsas borc və 42.72 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı LPO QSC "xxxx" KB-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
48. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 2272.01 manat məbləğində əsas borc və 42.72 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Ləğv Prosesində olan QSC "xxxx" KB-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova