Məhkəmə qərarları › İş №e-2(002)-279/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-279/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-279/2025 12.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli BPM**********70 saylı müqaviləyə əsasən nağd kredit ilə əlaqədar 374,24 manat əsas borc, 267,23 manat faiz olmaqla, cəmi 641.47 manat pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqının Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı "xxxx" ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 374,24 manat əsas borc, 267,23 manat faiz olmaqla, cəmi 641.47 manat pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Sabunçu filialı ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********70 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X5 19 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 1.500 manat məbləğində nağd kredit verilmişdir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X4 vərəsəsi Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariusa müraciət etmiş, 127/2021 saylı vərəsəlik işi açılmışdır. Yuxarıda adı çəkilən xx.xx.2019-cu il tarixli BPM**********70 saylı müqaviləyə əsasən cavabdehin xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 374,24 manat, faiz üzrə 267,23 manat borcu olmaqla, cəmi 641,47 manat borcu mövcuddur. Eyni zamanda, bank tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Cavabdeh1 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********70 nömrəli kredit müqaviləsinə əsasən borc alana illik 20 %-lə, 19 ay müddətinə 1.500 manat məbləğində kredit verilmişdir. Təqdim olunmuş digər sənədlərdən görünür ki, borc alan X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə qeydiyyat şöbəsi tərəfindən müvafiq akt qeydləri kitabında akt qeydi icra olunmuş, mərhumun adına ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhumun vərəsələri olan Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 aidiyyəti notariat ofisinə müraciət etmiş, notariat ofisində vərəsəlik işi açılmışdır. Lakin vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Təqdim edilmiş maliyyə arayışında qeyd olunmuşdur ki, mərhum borc alanın banka 374,24 manat əsas borc, 267,23 manat faiz olmaqla, cəmi 641.47 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. İşin faktiki hallarından göründüyü kimi, vəfat etmiş borcalanın varisi olan cavabdehlər mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras pay həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, cavabdehlərdən qeyd olunan məbləği ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat dövlət rüsumu və 0,4 manat xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 374,24 manat əsas borc, 267,23 manat faiz olmaqla, cəmi 641.47 manat pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 374,24 manat əsas borc, 267,23 manat faiz olmaqla, cəmi 641.47 manat pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar