Məhkəmə qərarları › İş №e-2(002)-285/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-285/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-285/2025 14.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Babayeva Nərmin Sahib qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2023-ci il tarixli KSNPU- 02207 saylı kredit müqaviləsinə əsasən bank 13500 manat pul vəsaitini illik 14 faiz dərəcəsi ilə 36 ay müddətinə verməyi, borcalan Cavabdeh isə krediti Ödəniş cədvəlinə (1 saylı Əlavə) uyğun borc verənə qaytarmağı və kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürür. Ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə aylıq ödənişi 461.42 manat müəyyən edilmişdir.

2. Bank tərəfindən borcluya ünvanlanmış, RB02/PK-5596 nömrəli, xx.xx.2024-cü il tarixli bildirişin (pretenziya) surətindən görünür ki, ona təyin olunmuş qrafik üzrə kredit ödənişini vaxtında icra etmədiyi üçün xx.xx.2024-cü il tarixinə olan əsas borc 8419.26 AZN, kreditdən istifadəyə görə faiz borcu 346.01 AZN, cərimə borcu 735.93 AZN, cəmi 9501.2 AZN gecikmədədir, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

3. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışının məzmunundan aydın olur ki, Cavabdeh xx.xx.2023-ci il tarixli KSNPU-02207 saylı kredit müqaviləsi üzrə 15 noyabr 2024-cü il tarixə 8419.26 manat əsas borcu, 346.01 manat faiz borcu, 735.93 manat cərimə borcu təşkil edir.

İddia tələbi

4. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30 Mart 2023-cü il tarixli, KSNPU-02207 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 8419,26 (səkkiz min dörd yüz on doqquz manat 26 qəpik) manat, faiz borcuna görə 346,01 (üç yüz qırx altı manat 01 qəpik) manat, dəbbə borcuna görə 735,93 (yeddi yüz otuz beş manat 93 qəpik) manat, cəmi 9501,2 (doqquz min beş yüz bir manat 20 qəpik) manat məbləğində pulun və 116 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinətutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Kaspian filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 30 Mart 2023-cü il tarixli, KSNPU-02207 saylı kredit müqaviləsinə əsasən illik 14 %(on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 13500 (on üç min beş yüz) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 30 Mart 2023-cü il tarixli,KSNPU-02207 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan VəliyevTofiq Mirqalib oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya),faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 30 Mart 2023-cüil tarixli, KSNPU-02207 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hərayın 30-dan gec olmayaraq həray 461,4 (dörd yüz altmış bir manat 40 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasənCavabdeh 30 Mart 2023-cü il tarixli, KSNPU- 02207 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 8419,26 (səkkiz min dörd yüz on doqquz manat 26 qəpik) manat, faiz borcuna görə 346,01 (üç yüz qırx altı manat 01 qəpik) manat, dəbbə borcuna görə 735,93 (yeddi yüz otuz beş manat 93 qəpik) manat, borcun cəmi məbləği 9501,2 (doqquz min beş yüz bir manat 20 qəpik) manat təşkil edir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

10. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı ASC məhkəmə ərizə ünvanlayaraq mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

12. Cavabdehə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq:

13. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2023-ci il tarixli kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 37-ci fəsli ilə bağlı 2023-cü il oktyabrın 1-dən əvvəl qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741 Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1 Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 424.2 Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3 Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1 Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2 Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2 Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

b) Əsaslandırma

17. İddia qismən əsaslıdır.

18. İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 30 mart 2023-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin etibarsızlığı ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

19. İş materillarına əsasən (müqavilə, ödəniş qrafiki) iddiaçı bank tərəfindən cavabdehə 13500 manat kredit verilmiş, cavabdeh qeyd edilən məbləğdə kredit məbləğini 36 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Lakin iş materiallarına əlavə edilmiş maliyyə arayışı və hesabdan çıxarış sənədlərindən aydın olur ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ödəniş qrafikinə uyğun icra etməmiş, qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur.

20. Müqavilədən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Odur ki, cavabdehin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən bank tərəfindən kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi üçün əsas yaratmışdır.

21. Belə ki, mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 4. 23.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilən mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

23. Məhkəmə göstərilənləri nəzərə alaraq qeyd edir ki, bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda kreditorun iradə ifadəsi bütün borcun tutulması və müqavilənin ləğvi barədə olmuş, beləliklə də, Mülki Məcəllənin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş vermişdir.

24. Odur ki, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.

25. Borclu həmin məbləği mübahisələndirdiyi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/399 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KSNPU-02207 nömrəli (fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair əsas şərtlər – razılaşma) kredit müqaviləsini qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh iddiaçı Banka əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən xx.xx.2024-cü il tarixə (pretenziya məktubu) əsas borc üzrə 8226.24 manat və faiz borcu üzrə 191.12 manat.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3710 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli KSNPU-02207 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 8417.36 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə): əsas borc üzrə - 8226.24 manat, faiz borcu üzrə - 191.12 manat. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdən sonrakı dövrdə 100 manat məbləğində ödəniş aparılmışdır. xx.xx.2024-cü il tarixli 100 manat məbləğində ödəniş nəzərə alındığı təqdirdə xx.xx.2023-cü il tarixli KSNPU- 02207 saylı kredit müqaviləsi üzrə əsas borc 8226.24 manat, faiz borcu isə 91.12 manat məbləğində müəyyən edilir.

29. Məhkəmə ekspert rəyini işdə olan sənədlərlə birlikdə qiymətləndirərək mötəbər sübut kimi qəbul edir və qeyd edir ki, ekspertiza rəyində pretenziya tarixinə hesablanmış əsas borc ekspert rəyində daha az olduğu üçün ekspert rəyindən, faiz borcu bank tərəfindən borcluya ünvanlanmış həmin məktubda az olduğu üçün, müqavilənin ləğv edilmə tarixinə əsas borc 8226.24 manat, faiz borcu 91.12 manat hesab edilməlidir.

30. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir.

31. Göründüyü kimi, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış və pretenziya məktubunda tələb edilən cərimə borcunun məbləği (735.93 manat) ədalətli olmamaqla yanaşı, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini pozur. Ona görə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində 50 manat həddində olmaqla qismən təmin edilməlidir. Məhkəmə xərcləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 116 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 116 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 103.68 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Eyni zamanda ekspertiza xərci ödənilmiş tələblərin məbləğinə uyğun, 160 manat hissəsi cavabdehə, 40 manat hissəsi iddiaçıya aid edilməlidir. Nəticə

34. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh xx.xx.2023-ci il tarixli KSNPU-02207 nömrəli müqavilə üzrə 8226.24 manat məbləğində əsas borc, 91.12 manat məbləğində faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 8367.36 manat məbləğində borc və 103.68 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan, 200 manat məsrəfin 40 manat hissəsi İddiaçı ASC-dən, 160 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X1, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar