Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2946/2021 09.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, İsgəndərov Elvin Nəsib oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair sadələşdirilmiş icraat üzrə ərizə ilə məhkəməyə müraciət edərək, cavabehdən müqavilə üzrə 1103.9 manat əsas borc, 377.21 manat cərimə,ümumiilikdə 1481.11 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Qaradağ Rayon Məhkəməsinin 2(002)-2946\2021 saylı 20.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01.03.2018-ci il tarixli XKDK01294 saylı müddətli (nisyə) alqı-satı müqaviləsinə əsasən, sonuncu, 413.28 manat,12.02.2018-ci il tarixli XQDK01168 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən isə 1759 manat dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir.Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafikinin” şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş,o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Cavabdehə dəfələrlə tərəfimizdən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,o,öhdəliyini yerinə yetirməmişdir.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında cavabdehin borcunun olduğunu, dedikləri məsələ ilə bağlı isə məlumatsız olduğunu, elə bir hal varsa, vaxtında mürcaiət edilibsə, nəzərə alınır, bununla bağlı tədbir görülür, iddia tələbini müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini müdafiə qəbul edərək, öz izahatında hazırda iddiaçı qarşısında borcunun olduğunun, cərimə olan hissədə qəbul etmədiyini, ödəməyə razı olduğunu, indiyə kimi ödəməməsinin səbəbi mebeldə yaranmış qüsurla bağlı olduğunu, lakin əşyalarının yararsız olan hissələrinin dəyişilməsini istədiyini, bununla bağlı dəfələrlə müraciət etdiyini, lakin hər dəfə gəlib getdiklərini ancaq düzəltmədiklərini, ancaq borcunun olduğunu qəbul etdiyini bildirərək, verilən əşyada olan problemin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş edərək, borcunu ödəməyə razı olduğunu bildirərək, bu barədə yazılı ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 12.02.2018-ci il tarixli, XKDK01168 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən 1759 manatlıq məişət məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. iş materiallarına əlavə olunmuş 01.03.2018-ci il tarixli, XKDK01294 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən 413.28 manatlıq məişət məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 12.02.2018-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh “Mətbəx mebeli” təhvil almışdır. İş materiallarına əlavə olunmuş 01.03.2018-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh “Penal” təhvil almışdır. İş materiallarına olan ödəniş cədvəlinin məzmunundan aydın olur ki, alıcı qismində çıxış edən Cavabdeh 12.02.2018-ci il tarixli müqvailə üzrə 10 ay ərzində hər ay 150 manat ödəniş etməklə, 01.03.2018-ci il tarixli müqavilə üzrə 6 ay ərzində hər ay 69 manat ödəniş etməklə məhsulların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 22.08.2021-ci il tarixli maliyyə arayışının məzmunundan aydın olur ki, Cavabdeh 12.02.2018-ci il tarixli alqı-satqı müqvailəsi üzrəqalıq borcunun məbləği 900 manat, 01.03.2018-ci il tarixli müqvailə üzrə qalıq borcunun məbləği203,90 manat təşkil edir. İş materiallarından görünür ki, alıcı Cavabdeh alqısatqı müqvailəsi üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, əks halda, bununla bağlı məhkəməyə mürcaiət olunacağı barədə xbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 12.02.2018ci il və 01.03.2018-ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində “Mətbəx mebeli” və “Penal” çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, alqısatqı müqavilələrinin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Bununla da, cavabdehin iddiaçı qarşısında müvafiq müqavilə üzrə borc öhdəliyi və buna görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Həmçinin, məhkəmə iclaısnda cavabdeh iddiaçı qarşısında qeyd edilən məbləğdə borcunun olduğunu qəbul edərək, bu barədə yazılı ərizə təqdim etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddia tələbi borcun ödənilməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Bununla yanaşı, məhkəmə iddia tələbinin cərimə borcunun tutulmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablandığından, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış 377.21 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 10 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı tərəfindən müqavilə üzrə hesablanmış əsas borc və cərimə borclarını ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 12.02.2018-ci il və 01.03.2018-ci il tarixli müqavilə üzrə yaranmış 1103.9 manat məbləğində əsas borc və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1113.9 manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12.02.2018-ci il tarixli və 01.03.2018-ci il tarixli alqı-satqı müqavilələri üzrə yaranmış 1103.9 manat məbləğində əsas borc və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1113.9 manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-2946/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2946/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver