Məhkəmə qərarları › İş №e-2(002)-3004/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3004/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3004/2023 06.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı (ləğv prosesindədir) Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/125486/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 842.17 manat məbləğində əsas borc, 738.32 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 808.04 manat məbləğində cərimə borcu, 260.76 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2649.29 manat məbləğində pulun, 46.5 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı iddia tələbini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə kredit verilməsi haqqında 1xx/xx/125486/15 saylı müqavilə) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 24 ay müddətinə illik 28 faiz ödənilməsi şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun Banka 842.17 manat məbləğində əsas borc, 738.32 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 808.04 manat məbləğində cərimə borcu, 260.76 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2649.29 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etmədiyini, iddiaçının ona qarşı əsas borcun, faizlərin və cərimə məbləğinin hesablanması tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin ötürdüyünü, axırıncı ödəniş onun tərəfindən 2016-cı ildə edildiyini, bank isə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan QSC "xxxx" KB ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/125486/15 saylı müqaviləbağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 24 ay müddətinə illik 28 faiz ödənilməsi şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 26 avqust 2015-ci il tarixli, 1xx/xx/125486/15 saylı arayışının surətindən görünür ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2015ci il tarixli, 1xx/xx/125486/15 saylı kredit müqaviləsi üzrə 08 avqust 2023-cü il tarixinə yaranmış tələb: müqavilə üzrə əsas borc 842.17 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 738.32 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə məbləği 808.04 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 260.76 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc məbləği 2649.29 manat təşkil edir. Məhkəmə iş materiallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 373.4-ci maddəsi). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( Mülki Məcəllənin 375.1 və 375.2 maddələri). Mülki Məcəllənin 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. Həmin Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə Mülki Məcəllənin ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (Mülki Məcəllənin 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanalarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydada uyğun olaraq müəyyən olunur. Qərarda həmçinin göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Bundan başqa Qərarda göstərilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarındagöstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur. Mülki Məcəllənin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid aşağıdakıları müəyyən edir: - müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (Mülki Məcəllənin 399.1-ci maddəsi); - tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir (MM-in 399.2-ci maddəsi); - müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır (Mülki Məcəllənin 399.3-cü maddəsi); - müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir (Mülki Məcəllənin 399.4-cü maddəsi). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmədə həmin işə baxıldıqda müəyyən edildi ki, tərəflər arasında müqavilədən irəli gələn münasibətlər mövcud olmuş, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı yönəldiyi 2649.29 manat məbləğində tələbi kredit borcu ilə əlaqədardır. Bu tələb isə 2015-2017-ci illərə aid olan müqavilə münasibətlərindən yaranmış, həmin vaxtdan 3 ildən artıq müddət keçmiş, bu müddət ərzində maraqlı tərəf tələb üzrə məcburiyyət tədbirlərini iddia müddəti həddində həyata keçirməmişdir. İşin faktiki hallarından da görünür ki, iddiaçı qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan uzun müddət sonra, iddia ərizəsi ilə, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 46.5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 46.5 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 46.5 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar