Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3010/2024 14.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta ödənişinin əvəzi olaran 5.000 manat pul vəsaiti və 70 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 07.30 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi «Chevrolet Aveo» markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil, X4 idarə etdiyi «Ford Transit» markalı ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. «Chevrolet Aveo» markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək PXA ********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Avtoservis Masazır firması tərəfindən təqdim edilən qiymətləndirmə aktından görünür ki, «Ford Transit» markalı ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilə 6.697 manat zərər dəymişdir. xx.xx.2020-ci il tarixli ödəniş sənədinə əsasən 5.000 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 qəbul etdiyi xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh İXM-nin 327.2 və 332.2-ci maddələri ilə təqsirli bilinmişdir. İXM-nin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət müəyyən olunmuşdur. İş materiallarından aydın görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh «Chevrolet Aveo» markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmamışdır. Bu səbəbdən, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının 25.1.3 və 23.1.6-cı maddəsinə istinad etməklə məhkəməyə müraciət olunmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, üzürlü səbəbdən məhkəməyə gələ bilmədiyini qeyd etmiş, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisindən keçən yolda «Chevrolet Aveo» markalı avtomobili idarə edərkən «Ford Transit» markalı avtomobil ilə toqquşma nəticəsində ağır yol qəzası keçirmişdir. Qəzadan sonra Təcili tibbi yardım avtomobili vasitəsilə Mirqasımov adına Respublika klinik xəstəxanasına çatdırılmışdır. Ağır xəsarət aldığı üçün cərrahi əməliyyatdan sonra 2 gün koma vəziyyətində qalmışdır. Bir aya qədər müddət ərzində həmin xəstəxanada müalicə aldıqdan sonra müalicənin ambulator şəraitdə davam etdirilməsi üçün evə buraxılmışdır. Əməliyyatdan sonra qarın nahiyəsində böyük ölçüə daxili yırtıq yaranmışdır. Bir neçə gün sonra ağ ciyərinə su yığıldığı üçün Yasamal hospitalda mikro cərrahi əməliyyat keçirmişdir. Bundan sonra qara ciyərində ağırlıq hiss etdiyi üçün Ege Hospitalda müayinə olunmuşdur. Məlum olmuşdur ki, qara ciyərində böyük miqdarda çirk yığılması (abses) mövcuddur. Çirkin çıxarılması üçün cərrahi əməliyyat keçirmiş və qarın boşluğunda deşik açılaraq qara ciyərə gedən drenaj borusu qoyulmuşdur. Bundan sonra həmin boru ilə yaşamalı olmuş və bu şəkildə müalicəsi davam etdirilmişdir. Ev şəraitində ambulator müalicə aparmaq üçün kiçik qardaşı Soltanov Yaşar əlindən gələn maddi və fiziki köməkliyi edirdi. xx.xx.2020-ci il tarixdə kiçik qardaşı hərbi səfərbərlik tərəfindən çağırılmışdır. Bundan sonra Vətən müharibəsində Azərbaycan torpaqlarının azad olması uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müharibə zonasına aparılmışdır. 4 ay əlacsız və köməksiz vəziyyətdə böyük həyacan və streslə qardaşını gözləmişdir. Qardaşı müharibədən gəldikdən sonra öz vəziyyətini və keçirdiyi psixoloji travmaları heçə sayaraq dərhal onun müalicəsini davam etdirmək üçün Ege Hospitala aparmışdır. Günü-gündən səhhətinin pisləşməsi səbəbindən həkim məsləhəti ilə yenidən qara ciyər əməliyyatı olunmalı idi. xx.xx.2021-ci il tarixdə Mərkəzi Klinik xəstəxanasında qara ciyərindəki absesin kəsilib götürülməsi üçün ağır əməliyyat keçirmişdir. Əməliyyat zamanı qara ciyərinin böyük hissəsi götürülmüşdür. Qarnındakı daxili yırtığın bir hissəsini bu əməliyyat zamanı da aradan qaldırmaq mümkün olmamışdır. Bütün bu yaşadıqları səbəbindən (Avto qəza, cərrahi əməliyyatlar, qarın boşluğunda olan drenaj xortumu, dözülməz ağrılar, müharibədə olan qardaşının yolunu gözləmək) beynində dağınıq skleroz xəstəliyinin ocaqlarını yaratmışdır. xx.xx.2022-ci il tarixdə yerimə qabiliyyətini qismən itirdiyi, yaddaşının pozulması və getdiyi yolda istiqaməti düzgün seçə bilmədiyi üçün Mərkəzi Klinik xəstəxanada müayinə olunmuşdur. Bu zaman məlum olunmuşdur ki, dağınıq skleroz xəstəsidir. Bu xəstəlik səbəbindən vaxtaşırı, 3-6 aydan bir kompleks dərman vitamin müalicəsi alır. Təbii ki, az təminatlı ailə olduqları üçün bu müalicəyə maddi imkanı yoxdur. Hər dəfə qardaşı tərəfindən maddi yardım sahəsində müalicə oluna bilir. Hal-hazırda bu xəstəliklə yanaşı qarnında olan daxili yırtıq səbəbindən cərrahi əməliyyat olunub yırtığı aradan qaldırmaq zərurəti vardır. Yuxarıda sadaladığı səbəblərdən avto qəzadan sonra sığorta məsələləri haqqında düşünmək belə imkanı olmamışdır. Ötüb keçən dörd il ərzində bu haqda sığorta şirkəti tərəfindən də heç bir bildiriş və ya zəng gəlməmişdir. Sığorta tərəfi ilə vəziyyətin bu həddə çatdığını da bilmirdi. Bu səbəbdən də, "xxxx"ya mövcud vəziyyəti haqqında məktub yazmaq ağlından da keçməmişdir. xx.xx.2020-ci il tarixdən sonra baş verən hadisələr və bu müddət ərzində yaranan şərait, iddianın təmin olunması üçün tələb olunan fiziki və maddi imkanları təmin etməyə imkan vermir. İddianın təmin edilməsi məqsədilə tələb olunan vəsaitlərin əldə edilməsi və müvafiq hüquqi tədbirlərin həyata keçirilməsi üçün onun mövcud fiziki sağlamlıq vəziyyəti və maddi imkanları kifayət etmir. Bu səbəbdən, iddianın təmin olunması onun üçün praktiki olaraq mümkün olmur. Bundan başqa, hər kəsin gəliri özünün və himayəsində olan şəxslərin yaşayış minimumu həddində toxunulmazdır. Onun himayəsində yetkinlik yaşına çatmamış 3 övladı və həyat yoldaşı var. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə əmək qabiliyyətli əhali üçün 287 manat, uşaqlar üçün isə 235 manat, pensiyaçılar üçün isə 222 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, himayəsində olan şəxslərlə birlikdə yaşayış minimumu 1.214 manat təşkil etməlidir. Buna görə də, əgər iddiaçının tələbi təmin olunarsa belə gəlirinin yalnız həmin məbləğdən artıq hissəsi tutula bilər. Bu səbəbdən də, iddianın təmin olunması praktiki olaraq imkansızdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli, PXA ********** saylı sığorta şəhadətnaməsindən görünür ki, X2 məxsus olan «Chevrolet Aveo» markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi «avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 07.30 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində baş vermiş yolnəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi «Chevrolet Aveo» markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil, X4 idarə etdiyi «Ford Transit» markalı ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurulmuş, hər iki avtomobilin sürücüləri, həmçinin cavabdehin idarə etdiyi avtomobildə olan sərnişinlər xəsarət alaraq xəstəxanaya yerləşdirilmişlər. Qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış HK-1/619 nömrəli material araşdırılmış, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi və fotoşəkilləri çəkilmiş, aidiyyəti şəxslərin izahatları alınmışdır. Eləcə də, ekspert rəyləri və digər zəruri sənədlər toplanmışdır. Müəyyən edilmişdir ki, Cavabdeh avtomobili buna hüququ olmadan idarə etmişdir. Qeyd olunan faktı Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat İdarəsinin xx.xx.2020-ci il tarixli, 74461-1220 saylı məktubu təsdiq edir. Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 qəbul etdiyi xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.2-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nin YPXA-ya göndərilmişdir. xx.xx.2019-cu il tarixli, PXA66877 saylı sığorta ödənişi aktından və xx.xx.2020-ci il tarixli ödəniş sənədindən (tapşırığından) görünür ki, 5.000 manat sığorta ödənişi X2 ödənilmişdir (bank hesabına köçürülmüşdür). Göründüyü kimi, Cavabdeh idarəetmə hüququ olmadan idarə etdiyi avtomobillə yolnəqliyyat hadisəsi törətmiş, nəticədə «Ford Transit» markalı ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Eləcə də, hər iki avtomobilin sürücüləri, həmçinin cavabdehin idarə etdiyi avtomobildə olan sərnişinlər xəsarət almışlar. İddiaçı sığorta şəhadətnaməsinə əsasən 5.000 manat ödəniş etmiş və cavabdehə qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. xx.xx.2020-ci il tarixli, xx/xx-1146 saylı pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən 5.000 manat sığorta ödənişini subroqasiya qaydasında tələb edərək, müvafiq hesaba köçürülməsini tələb etmiş, əks təqdirdə məhkəməyə iddia ərizəsi ilə müraciət olunacağı barədə cavabdehi xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 5.000 manat məbləğində sığorta ödənişi və ödənilmiş 70 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 5.000 manat məbləğində sığorta ödənişi və ödənilmiş 70 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-3010/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3010/2024
14.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver