Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3206/2022 07.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” KB Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/134452/15/1 saylı kredit müqaviləsi üzrə cavabdehdən 856,40 manat məbləğində əsas borc, 634,06 manat məbləğində faiz borcu, 631,85 manat məbləğində cərimə, müqavilə müddətindən sonrakı dövr üçün illik beş faizlə hesablanmış 254,52 manat məbləğində faiz borcu olmaqla, cəmi 2376,86 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 43,77 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan QSC “Bank Standard” KB-na ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» KB-nın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, Cavabdeh ilə QSC «Bank Standard» KB arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/134452/15/1 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 27% hesablanmaqla 857 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində banka 856,40 manat məbləğində əsas borc, 634,06 manat məbləğində faiz borcu, 631,85 manat məbləğində cərimə, müqavilə müddətindən sonrakı dövr üçün illik beş faizlə hesablanmış 254,52 manat məbləğində faiz borcu olmaqla, cəmi 2376,86 manat məbləğində borcu yaranmışdır. Qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh kredit borcu ilə əlaqədar iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3346/2019 saylı, xx.xx.2019-cu il qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə əlaqədar, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmış, həmin tarixədək cavabdeh tərəfindən yeni müqavilənin bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Bu səbəbdən iddiaçı təşkilat iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələblərinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəməyə xx.xx.2022-ci il tarixdə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını və onunla Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” KB arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddia müddəti ötürüldüyünə görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/134452/15/1 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 27% hesablanmaqla 1000 manat məbləğində kredit limiti verilmişdir. İş materiallarında olan 01 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilə müddəti xx.xx.2016-cı il tarixdə başa çatmış Cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” KB-na 01 dekabr 2022-ci il tarixə 856,40 manat məbləğində əsas borc, 634,06 manat məbləğində faiz borcu, 631,85 manat məbləğində cərimə, müqavilə müddətindən sonrakı dövr üçün illik beş faizlə hesablanmış 264,48 manat məbləğində faiz borcu olmaqla, cəmi 2386,79 manat borcu yaranmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3346/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun ödənilməsi tələbinə dair iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan elektron qeydiyyat sənədlərinin surətlərindən görünür ki, iddia ərizəsi xx.xx.2019-cu il tarixdə göndərilmiş, xx.xx.2019-cu il tarixdə rəsmi qaydada məhkəməyə daxil olmuş, xx.xx.2019-cu il tarixdə geri qaytarılmışdır. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqavilənin icra müddəti xx.xx.2016-cı il tarixdə başa çatmışdır. İddiaçının hazırki iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh borclu iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etmişdir. Qeyd olunanlara və mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf müqavilə üzrə icra müddətinin bitməsindən 3 (üç) ildən çox vaxt keçdikdən sonra iddia qaldırdığından və iddia müddətini ötürdüyündən, habelə cavabdeh borclu məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etdiyindən iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə, əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icra müddəti xx.xx.2016-cı il tarixdə başa çatdığı halda, üç ildən artıq müddət keçdikdən sonra - xx.xx.2019-cu il tarixdə göndərilmiş, xx.xx.2019-cu il tarixdə rəsmi qaydada məhkəməyə daxil olmuş, xx.xx.2019-cu il tarixdə geri qaytarılmış iddia ərizəsi ilə bağlı müəyyən olunur ki, məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmış və tərəflərə rəsmi qaydada təqdim edilməmiş iddia ərizəsinin verilməsi, qanunla müəyyənləşdirilmiş qaydada iddianın qaldırılması kimi qiymətləndirilə və iddia müddətinin kəsilməsinə əsas hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.1-ci maddəsinin tələbinə əsasən, yalnız müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun 2019cu ilin dekabrın 31-də başa çatması halı, yalnız iddia müddətinin axımının qeyd olunan tarixədək dayandırılması kimi qiymətləndirilə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 379.1.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə, iddia müddətinin axımı dayandırılır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən, müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə iclasında müəyyən edildi ki, icra müddəti xx.xx.2016-cı il tarixdə başa çatdığı halda, 1-ci dəfə iddia ərizəsi üç ildən artıq müddət keçdikdən sonra – 2019-cu ilin dekabr ayında məhkəməyə daxil olmuş və icraata qəbul edilmədən geri qaytarılmış, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə restrukturizasiyası məqsədilə müraciətlər üçün müəyyən edilmiş müddət xx.xx.2019-cu il tarixdə başa çatmış, 2-ci dəfə iddia ərizəsi isə qeyd olunan tarixdən iki il on aya yaxın (müqavilə üzrə icra müddəti başa çatdıqdan sonra altı ilə yaxın) müddət keçdikdən sonra məhkəməyə daxil olmuşdur. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia müddəti ötürüldüyündən, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbləri barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-3206/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3206/2022
07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver