Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3234/2022 13.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızınıln katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 432 manat məbləğində zərər, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 29,43 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 491 manat 43 qəpik pulun Cavabdeh məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 09-130016 nömrəli «Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı Müqavilə»si imzalanmış və həmin Müqavilə əsasında İddiaçı abonent Cavabdeh fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X3 Departamenti tərəfindən **********10000 saylı abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qeyd müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və «X1»nın tələblərinə əməl etmək) və «X2»nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğca müdaxilə etməsi, yəni paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmasınıa nail olmaq məqsədi ilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 432 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəydiyi müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 29 manat 43 qəpik borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldo üzrə ümumi 461 manat 43 qəpik təşkil etmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-uyə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiqlənmiş «İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları»na əsasən müəyyən edilmişdir. Həmin Qaydalara əsasən, istehlakçılar tərəfindən X1nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alğı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Azərbaycan Respublikası Prezidentinin «Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında» xx.xx.2000-ci il tarixli 356 nömrəli Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı İB təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısını qətiyyətlə alsınlar, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdeh məhkəmə iclasında mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdi. Bu səbəbdən, məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, sayğac üzrə bildiriş-xəbərnamədə göstərilən borcu ödəməkdən heç vaxt yayınmamışdır. Ödənişləri vaxtlı-vaxtında etmişdir. Sayğaca hər hansı müdaxilə etməmişdir. İddiaçı tərəfin nümayəndələri sayğacın istismar müddətinin bitdiyini, yenisi ilə əvəz etdiklərini bildirmişlər. O da, tərtib olunmuş aktı imzalamışdır. Sayğaca qeyd etdiyi kimi, heç bir müdaxilə etməmişdir. İddiaçı tərəf onu yoxlamaya dəvət etmədən, sayğacı öz tabeliklərində olan qurumda yoxladaraq, sayğaca müdaxilə olunduğunu bildirmiş, ona cərimə tətbiq etmişlər. Sayğaca müdaxilənin nədən ibarət olduğunu açıqlamamışlar. Açıqlaya da bilməzdilər. Çünki, o, sayğaca müdaxilə etməmişdir. Sayğaca hər-hansı müdaxilə etməməsinə baxmayaraq, iddiaçı tərəf ona əsassız cərimə tətbiq etmişdir. O, qeyd olunan aktlar üzrə hər hansı məsuliyyət daşıya bilməz. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi sənədlərdən görünür ki, cavabdehin istehlak etdiyi təbii qazın həcminin hesablanması üçün quraşdırılmış sayğacın istismar müddəti bitdiyi üçün, iddiaçının əməkdaşları 21 sentyabr 2021-ci il tarixdə cavabdehin yaşadığı ünvana gələrək, sayğacı çıxararaq, yerinə yenisi – Zenner tipli (markası və nömrəsi aktda qeyd olunmuşdur) qaz sayğacı quraşdırmış, buna dair ******* saylı akt tərtib etmişlər. İddiaçının nümayəndələri cavabdehə qaz sayğacının yenisi ilə əvəz edilməsinə dair akt tərtib etdiklərini bildirərək, aktı imzalamasını cavabdehdən xahiş etmişlər. Cavabdeh sayğac dəyişdirmə adi prosedur olduğu üçün aktı imzalamışdır. Bundan sonra, iddiaçı tərəfindən çıxarılmış, istismar müddəti bitmiş sayğac Metrologiya Departamentində cavabdehin iştirakı təmin etmədən yoxlanılmış, sayğaca ümumi baxış keçirilməsi, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq olduğu qeyd edilməklə, 15 oktyabr 2021-ci il tarixli MSK seriyalı 29/1710-03955-1 saylı akt tərtib edilmişdir. İddiaçı əməkdaşları tərəfindən yuxarıdakı akta istinad edilməklə, 18 oktyabr 2021-ci il tarixli ******* saylı akt tərtib edilmiş, cavabdehin abunə koduna 4320 kub metr qaz itkisinə görə 432 manat borc məbləği yazılmışdır. Həmin aktda cavabdehin aktı imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda adıçəkilən akt şahidlər və abonent cəlb edilmədən tərtib edilmişdir. Sözügedən akt sayğacın çıxarılması barədə ilk akt kimi yerində deyil, İddiaçı İB-də tərtib olunmuşdur. 29 oktyabr 2021-ci il tarixdə isə (dəymiş ziyanın bərpasına dair tələbnamə) qaz sayğacının nominal qaz sərfinin 4 m3 orta günlük iş rejiminin 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi (4 x 12 x 90 = 4320 m3) barədə tələbnamə tərtib olunmuşdur. İddiaçı tərəf iddia ərizəsində cavabdeh tərəfindən sayğaca müdaxilə edilməsini, təbii qazdan qanunsuz olaraq istifadə etməsini bildirsə də, yuxarıda qeyd olunan hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Tərtib olunmuş sənədlərdə sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikcızıq olduğunun hesabat aparan mexanizmin işinə necə təsir etdiyi açıqlanmamış, vizual müşahidə edilən əzik-cızıqların praktiki olaraq sayğacın işinə təsir edib-etməməsi izah edilməmişdir. Bundan başqa, müdaxilənin məhz cavabdeh tərəfindən törədilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı İB-nin Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İB-nin Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-3234/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3234/2022
13.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver