Məhkəmə qərarları › İş №e-2(002)-3241/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3241/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3241/2022 01.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçıASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 2028,66 manat borc olmaqla – bundan 1621,84 manat əsas, 324,25 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 82,57 manat faiz borcu, iş üzrə ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış 30 mart 2019-cu il tarixli 11/0535/KİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 30 mart 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********368 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 2028,66 (iki min iyirmi səkkiz manat altmış altı qəpik) AZN təşkil edir. Bundan 1621,84 (bir min altı yüz iyirmi bir manat səksən dörd qəpik) AZN əsas, 324,25 (üç yüz iyirmi manat iyirmi beş qəpik) AZN faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 82,57 (səksən iki manat əlli yeddi qəpik) AZN borcu təşkil edir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 30 mart 2019-cu il tarixli 11/0535/KİK saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üçün 24 ay müddətinə illik 22 faiz ilə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 30 mart 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən 3000 manatı kreditora illik 22 faiz dərəcəsi ilə 24 ay müddətində aylıq 155,63 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, Cavabdeh1- xx.xx.2021-ci il tarixinə əsas borcuna görə 1621,84 manat əsas, 324,25 manat faiz və gecikdirilmiş vaxt üçün 82,57 manat faiz borc olmaqla cəmi 2028,66 manat məbləğində pul borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 30 mart 2019-cu il tarixli kassa məxaric orderindən İddiaçı ASC tərəfindən Cavabdeh1 hesabına 3000 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 və Cavabdeh2 borcu ödəməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 30.03. 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, “NBCBANK» ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə görə “NBCBANK» ASC ilə qarşısında birgə məsuliyyət daşımağa razıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehlərə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə borcu ödəməyi və ödənişi gecikdirdiyi halda hər gün üçün gecikdirilmiş məbləğə hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Borclu müəyyən məbləğdə ödənişlər etmiş, lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada tam yerinə yetirməmişdir. Nəticədə İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixinə olan əsas borcuna görə 1621,84 manat əsas, 324,25 manat faiz və gecikdirilmiş vaxt üçün 82,57 manat faiz borc olmaqla cəmi 2028,66 manat məbləğində pul borcu yarandığını bildirir və həmin məbləğin ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 41 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır Həmin Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, iddiaçı cavabdehlərdən kredit müqaviləsinin icrasının gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz (82,57 manat məbləğdə) ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminlik müqaviləsinə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, iş materiallarından göründüyü kimi, kredit müqaviləsi xx.xx.2019-cu il də 24 ay müddətinə bağlanaraq xx.xx.2021-ci il tarixə kimi qüvvədə olmuş və zaminlik müqaviləsində isə onun qüvvədə olma müddəti müəyyən edilməmiş(kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində qüvvədədir), həmin müqavilənin təmin etdiyi öhdəliklərin icrası vaxtının çatmasından bir il yarımdan çox müddət keçmişdir.(iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir) bu səbəbdən Cavabdeh2 kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 aid olan hissədə təmin edilə bilməz. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 41 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə üzrə xx.xx.2022-ci il tarixinə olan 1621,84 manat əsas, 324,25 manat faiz və gecikdirilmiş vaxt üçün 82,57 manat faiz borc olmaqla cəmi 2028,66 manat məbləğində pul borcu və 41 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 1621(bir min altı yüz iyirmi bir) manat,84(səksən dörd) qəpik əsas, 324(üç iyirmi dörd) manat,25(iyirmi beş) qəpik faiz və gecikdirilmiş vaxt üçün 82(səksən iki) manat 57(əlli yeddi) qəpik faiz borc olmaqla cəmi 2028(iki min iyirmi səkkiz) manat,66(altmış altı) qəpik məbləğində pul borcu və 41(qırx bir) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar