Məhkəmə qərarları › İş №e-2(002)-3309/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3309/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3309/2024 01.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli GTZK8575541A221 saylı kredit müqaviləsinə əsasən 1528,51 AZN əsas; 235,03 AZN faiz; cəmi 1763,54 AZN məbləğində borcun, xx.xx.2022-ci il tarixli BRCB8573844A299 saylı kartına dair müqaviləyə əsasən 107,92 AZN əsas; 25,30 AZN faiz; cəmi 133,22AZN borcun və ödənilmiş 38,97 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli GTZK8575541A221 saylı Kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 2300 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BRCB8573844A299 saylı Kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 240 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, kassa sənədi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli GTZK8575541A221 saylı kredit müqaviləsinə əsasən 1528,51 AZN əsas; 235,03 AZN faiz;cəmi 1763,54 AZN borcu, xx.xx.2022-ci il tarixli BRCB8573844A299 saylı kredit kartına dair müqaviləyə əsasən 107,92 AZN əsas; 25,30 AZN faiz; cəmi 133,22 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli GTZK8575541A221 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC Cavabdeh 35 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 2300 AZN məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli BRCB8573844A299 saylı kredit kartı müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC Cavabdeh illik 27 faiz dərəcəsi ilə 240 AZN məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür. Maliyyə arayışının məzmunundan görünür ki, Cavabdehnın xx.xx.2024-cü il tarixə “Kapital Bank ASC-yə xx.xx.2022-ci il tarixli GTZK8575541A221 saylı kredit müqaviləsinə əsasən 1528.51 AZN əsas, 235.03 AZN faiz, cəmi 1763.54 AZN borcu, xx.xx.2022-ci il tarixli BRCB8573844A299 saylı kredit kartına dair müqaviləyə əsasən 107.92 AZN əsas, 25.30 AZN faiz, cəmi 133.22 AZN məbləğində borcu yaranmışdır. Bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli 7-682-16/MH20437 nömrəli pretenziya məktubu ilə onunla (CİF 1844756) İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, ona 59 ay müddətinə, 240 manat məbləğində Birkart müqaviləsi üzrə kredit xətti açılmış və bu kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 107.92 manat, faiz borc məbləği 25.3 manat olmaqla, 133.22 manat məbləğində ümumi borcu, gecikmə günü 183 gün olmaqla, 43.88 manat məbləğində gecikmə yaranmışdır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, ona 35 ay müddətinə illik 19 faiz hesablanmaqla 2300 manat məbləğində Gündəlik tələbat krediti verilmiş kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 1528.51 manat, faiz borc məbləği 235.03 manat olmaqla, 1763.54 manat məbləğində ümumi borc, gecikmə günü 183 gün olmaqla 689.2 manat məbləğində gecikmə yaranmışdır. Ondan qrafikə uyğun ödəniş aparmadığı üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb olunur. Əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli GTZK8575541A221 saylı kredit müqaviləsi üzrə 35 ay müddətinə, 2300 manat məbləğində və xx.xx.2022-ci il tarixli BRCB8573844A299 saylı kredit kartı müqaviləsi üzrə illik 27 faizlə, 240 manat məbləğində kredit vermişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə Plenum qərarının həmin tələblərini nəzərə alaraq qeyd edir ki, bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilənin ləğvi barədə olmuş, ümumi borc məbləği olan 1763.54 manat və 133.22 manat pul vəsaitinin ödənilməsi tələb edilmişdir. Göründüyü kimi həmin pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilə üzrə yaranmış bütün borcun tutulması və müqavilənin ləğvi ilə bağlı olduğundan məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə pretenziya məktubunun göndərilməsi tarixindən ləğv edilmiş hesab edilir. Odur ki, məhkəmə qeyd edilən halları əsas götürərək, eləcə də cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu, iddia tələbinin pretenziya məktubunda olan məbləğdən az olmasını və iddia tələbindən kənara çıxılmaması halını nəzərə alaraq hesab edir ki, iddia tələbi xx.xx.2022-ci il tarixli GTZK8575541A221 saylı kredit müqaviləsi üzrə 1528.51 manat məbləğində əsas borc, 235.03 manat məbləğində faiz borcu və xx.xx.2022-ci il tarixli BRCB8573844A299 saylı kredit kartı müqaviləsi üzrə 107.92 manat əsas borc, 25.30 manat faiz borcu həddində təmin edilməlidir. Bununla yanaşı, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 38.97 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 38.97 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli GTZK8575541A221 saylı kredit müqaviləsi üzrə 1528.51 manat məbləğində əsas borc, 235.03 manat məbləğində faiz borcu olmaqla, cəmi 1763.54 manat və xx.xx.2022-ci il tarixli BRCB8573844A299 saylı kredit kartı müqaviləsi üzrə 107.92 manat əsas borc, 25.30 manat faiz borcu olmaqla, cəmi 133.22 manat məbləğində borc və ödənilmiş 38.97 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli GTZK8575541A221 saylı kredit müqaviləsi üzrə 1528.51 manat məbləğində əsas borc, 235.03 manat məbləğində faiz borcu olmaqla, cəmi 1763.54 manat və xx.xx.2022-ci il tarixli BRCB8573844A299 saylı kredit kartı müqaviləsi üzrə 107.92 manat əsas borc, 25.30 manat faiz borcu olmaqla, cəmi 133.22 manat məbləğində borc və ödənilmiş 38.97 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar