Məhkəmə qərarları › İş №e-2(002)-3353/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3353/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3353/2024 13.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən İddiaçı BOKT ASC-nin xeyrinə 4851,71 manat əsas borc, 1159,58 manat faiz borcu, 308,64 manat cərimə olmaqla, cəmi 6319,93 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 84 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 18 dekabr 2023-cü il tarixində iddiaçı və cavabdeh arasında FN/02324-23 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 34% olmaqla 5000 (beş min) manat məbləğində pul ayrılmışdır. Müqaviləyə əsasən kreditin əsas məbləği və ona hesablanan faizlər 24 ay müddətində kredit müqaviləsinə 1 saylı əlavədə nəzərdə tutulmuş qrafik üzrə iddiaçıya ödənilməli idi. Cavabdehlə müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə vaxtında icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmış, lakin cavabdeh 29 fevral 2024-cü il tarixində 290 (iki yüz doxsan) manat məbləğində ödəniş etmişdir. xx.xx.2024-cü il tarixindən başlayaraq kredit müqaviləsinin şərtlərini qərəzli şəkildə pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini davamlı olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq öhdəliyini icra etməmiş, bu günə qədər olan borclarını ödəməmişdir. Cavabdehə borcun əsas məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə bildiriş göndərilmişdir. Cavabdeh şəxsən bildirişlə tanış edilmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə İddiaçı BOKT ASC-nə 4851,71 manat məbləğində əsas borc, 1159,58 manat faiz borcu, 308,64 manat cərimə olmaqla, ümumilikdə 6319,93 manat məbləğində borcu yaranmışdır. Bu səbəbdən də iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. İddiaçı BOKT ASCnin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPMnin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli FN/02324-23 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış həmin müqavilə əsasında İddiaçı BOKT ASC Cavabdeh 24 ay müddətinə illik 34% ödəmək şərti ilə 5000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 26 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə borclu Cavabdeh banka 4851,71 manat məbləğində əsas borcu, 1159,58 manat məbləğində faiz borcu, 308,64 manat cərimə olmaqla, cəmi 6319,93 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı BOKT ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli yazılı xəbərdarlığın (bildirişin) surətindən görünür ki, 23 iyul 2024-cü il tarixinədək yaranmış 4851,71 manat əsas borcun, 870,91 manat faiz borcunun, dəbbə pulunun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh borclu iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və faizləri, gecikməyə görə cəriməni iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borclu iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçı təşkilatın əsas borc və cərimə ilə bağlı tələbi tam təmin edilməlidir. Lakin, iddiaçının faiz tələbi onun müqavilədən imtina mahiyyətində olan xx.xx.2024-cü il tarixli yazılı xəbərdarlığında (bildirişdə) göstərilən həddə əsaslı hesab olunmalıdır, belə ki, həmin tarixdən müqaviləyə xitam verilmiş sayılır. Odur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarının tələbləri rəhbər tutularaq, faiz borcu 870,91 manat həddində əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4851,71 manat məbləğində əsas borc, 870,91 manat məbləğində faiz borcu, 308,64 manat cərimə olmaqla, cəmi 6031,26 manat (alt min otuz bir manat iyirmi altı qəpik) məbləğində borc pul vəsaiti və 80 manat dövlət rüsumu tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar